Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2023 12:20

Əsgərlərin siyasi məlumatlandırılması vacibdir

"N" hərbi hissəsində təsdiq olunmuş günün nizam qaydalarına uyğun olaraq kapitan Mərifət Hüseynov tərəfindən şəxsi heyətlə siyasi məlumatlandırma aparıldığının canlı şahidi olduq. Ölkədə və regionda baş verən mühüm hadisələri şəxsi heyətə çatdırdıqdan sonra zabitin fikirlərini öyrəndik. O bildirdi ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq hərbi hissələrdə şəxsi heyətin maarifləndirilməsi üzrə tədbirlər uğurla davam etdirilir. "Məşğələlərdə Ali Baş Komandanın çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır. Həmçinin 44 gün ərzində rəşadətli ordumuz tərəfindən azad edilən ərazilərin tarixindən və Vətən müharibəsi zamanı cəsur oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söhbətlər edilir. Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir".
Zabit M.Hüseynov əlavə etdi ki, bütün fəaliyyətlər komandirlərin nəzarəti altında həyata keçirilir. "Əsgərlər də keçirilən bütün dərs və məşğələlərə həvəslə yanaşır, öyrədilənləri dərindən mənimsəyirlər. Keçirilən dərs və aparılan maarifləndirici söhbətlərin nəticəsidir ki, xidmət edən bütün şəxsi heyət üzərinə düşən vəzifələrin və Ana Vətəninə olan övladlıq borcunun məsuliyyətini yaxşı dərk edir. Zabitlər də öz növbəsində  əsgərlərimizin bütün qayğı və problemləri ilə yaxından maraqlanırlar. Çünki onların hər biri bizlərə valideynlərindən əmanətdir".
Əsgər Nicat Məlikov bildirdi ki, komandirlərimiz tərəfindən keçirilən siyasi məlumatlandırma saatlarında hər birimiz ölkəmizdə və regionda baş verən vacib hadisələri, Ali Baş Komandan İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bütün rəsmi görüşlərini və digər mühüm xəbərləri öyrənirik. Həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu ilin Azərbaycan xalqının Ümummilli Lideri "Heydər Əliyev İli" elan edilməsi münasibətilə hərbi hissəmizdə mütəmadi olaraq tədbirlər keçirilir, dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə söhbətlər edilir və ətraflı məlumatlar verilir. Hərbi hissədə yaradılan şəraitdən söz açan həmsöhbətim dedi ki, Ali Baş Komandanın göstərdiyi diqqət və qayğı nəticəsində bütün sosial-məişət şəraitimiz yüksək səviyyədədir. "Müasir standartlara cavab verən yataqxana, ideoloji otaq, ən son model avadanlıqlarla təchiz olunan qazanxana və camaşırxana, lazımi idman alətləri ilə təmin olunan idman şəhərciyi istifadəmizə verilib. Bizim üzərimizə düşən vəzifə isə xidmətimizi düzgün təşkil edib, hərbin sirlərinə dərindən yiyələnərək, döyüş qabiliyyətimizi artırmaqdır. İnanıram ki, üzərimizə düşən vəzifənin öhdəsindən bacarıqla gəlib, Azərbaycan əsgəri adına layiq olacağıq".
Əsgər Nurəli Salmanov da əsgər yoldaşı Nicat Məlikovla söhbətimizə qoşularaq, siyasi məlumatlandırmanın əhəmiyyətindən danışdı. Bildirdi ki, günün nizam qaydasına uyğun olaraq hər həftənin çərşənbə axşamı və cümə axşamı səhər yerbəyerindən əvvəl komandirlərimiz bizə siyasi məlumatlandırma keçirlər. Bu tədbirin əhəmiyyəti olduqca vacibdir. Çünki biz bu tədbirin sayəsində hər şeydən məlumatlı oluruq, ölkəmizdə, regionda və qardaş ölkəmizdə baş verən ən son hadisələri izləyir və öyrənirik. Bu arada qardaş Türkiyə Respublikasında baş verən təbii fəlakət nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"