Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2023 17:08

Bu dərd səni əyə bilməz, Türkiyəm!

Rekviyem

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsinə

Türkiyədə gecənin ilmələri düyün düşübmüş. Gecənin qaranlığını Ay da, ulduzlar da işıqlandırmırdı, torpağa sarılan qar qalağının ağlığı əridirdi. Körpələr ana laylalarıyla yuxulamışdılar. Uşaqlar yuxularında qar dizləyə-dizləyə həyətlərini dolaşırdılar, həyətlərindən həyətlərə keçirdilər, ayaqları altında qar xışıldaya-xışıldaya qar xışmalayırdılar. Əlini hovxura-hovxura qar topu düzəldirdilər, cavanlar sevdasını şeirləşdirirdi...
Gecəydi. Dan yerinin sökülməyinə az qalırdı. Dünən də belə qar yağmışdı, o birisi gün də. Nə dünən, nə o birisi gün belə səssizlik duyulmamışdı. Bu gecənin səssizliyi çəkingən səssizlik idi.
Ana balasının hoyuna çatammırdı, cavanlar - yaşlıların... Dağıntıların altında sağ qalanlar dünyanın sonunu yaşayırdılar.
Yüzlərlə körpə uyğusundan heç zaman oyanmayacaq, yüzlərlə cavanın şeirləşmiş sevdası heç zaman dil açmayacaq, yüzlərlə ata əlini gözünün üstünə qoyub yollara-izlərə baxa bilməyəcək, yüzlərlə körpənin laylası dağıntıların altında qaldı. 28 günlük Kərəm heç zaman ana nəvazişi görməyəcək, bir daha ana nəfəsinə baş  qoya bilməyəcək, dağıntının altından çıxmayan, "Anam gəlməmiş buradan çıxmaram...", - deyən 6 yaşlı qızın gözləntisinin sonu olmayacaq...
On minlərlə türk üçün o gecənin dan yeri sökülmədi, səhəri açılmadı...
...İkinci Qarabağ müharibəsi ərəfəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar demişdi: "Azərbaycan tək deyil". Bu müharibə azərbaycançılığın işğalçılıqla müharibəsiydi, türkçülük - azərbaycançılığın ruhunun bayrağı. Türkiyə ilə Azərbaycanı bir səngərin əsgəri eləyən o bayrağa sevgi idi. Bu müqəddəs əsgərləşmənin qüdrəti "Bayraktar"la sonlandırıldı...
Türkiyədə bu zəlzələ minlərin son nəfəsi oldu. Bu ağrını Azərbaycan öz ağrısı kimi yaşayır. Can sitəmiylə, könül qubarıyla, giziltilərlə, qəhərlə. Sevgi can sitəmindən, könül qubarından, giziltilərdən, qəhərdən ucada dayanır. Azərbaycan ucada, ucalıqda dayanan bu sevgini ruhunun dilmancı bilir və var səsiylə deyir ki, "Tək deyilsən, Türkiyəm! Ruhun ruhumdu. Bu faciə sənin qəddini əyə bilməz. Sən dövlətçilik tarixi min illərlə səsləşən qüdrətli bir dövlətsən!.."...
Zaman-zaman döyüşdə kürəyində dost nəfəsi hiss edən əsgərin qələbə ruhu qınından sıyrılmış qılınca dönüb, kəsəri son döyüşəcən korşalmayıb. 1918-ci ildə Bakı daşnak-eserlərdən azad ediləndə də belə olmuşdu; niyyət - eyni, sevgi - eyni, ruh - eyni. Onda Nuru paşa Gəncədə xalqa "Sizinləyəm!" - demişdi, xalq Nuru paşaya -

Dizdə taqət, canda - təpər

Gərəkdir ki, mən də coşam,

Gərəkdir ki, mən də daşam!

Bu yol Vətən, bu yol millət,

bu yol qeyrət yoludur ki,

Səninləyik, Nuru paşam!, -


demişdi. Bu da kürəyin nəfəslə isinməsi kimiymiş...
İllər keçdi, 2023-cü il oldu. Bir gecənin faciəsi - zəlzələ minlərin ömrünü tükəndirdi. Nuru paşanın da, şəhid olmuş mehmetçiklərin də, azərbaycanlı döyüşçülərin də ruhu dağıntılar altında qalmış zavallılara qurtuluş diləyir...
Sarıqamışda, Çanaqqalada, Qurtuluş savaşında ölüm döyüşlərini zəfərlə sonlandıran, cümhuriyyət quran Türkiyəmiz, sən indi də döyüşdəsən - təbii fəlakətin nəticələriylə döyüşürsən. Azərbaycan yanındadır, Türkiyəm!
Azərbaycan əsgəri sənin mehmetçiyinin ruh qardaşıdı. Onlar da ruhən zəlzələnin fəsadlarını aradan qaldıranların sırasındadı.
Bu rekviyem Azərbaycan əsgərinin faciəyə görə başsağlığıdı...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"