Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2023 17:08

Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirildi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutda "Tənha savaşçı" adlı tədbir keçirildi. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə təhsil ocağının zabitləri, kursantları və müəllimləri iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himninin ifasından sonra tədbir açıq elan olundu.
Əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı gizir Mübariz Ağakərim oğlu İbrahimovun həyatını və döyüş fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olundu.
Tədbirin aparıcısı baş leytenant Günel Dadaşova Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından və hərbi xidmətindən söz açaraq dedi:
- Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orta məktəbi bitirdikdən bir il sonra həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmət keçib. Mübariz İbrahimov 2009-cu ilin sentyabrında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursuna qəbul olub. Kursu uğurla bitirəndən sonra "N" hərbi hissəsinə göndərilib. Erməni silahlı birləşmələri ilə olduqca yaxın məsafədə yerləşən mövqelərimizdə xidmət edib. Məqsədi, amalı torpaqlarımızda qərar tutmaq istəyən yağıları məhv etmək olub. Vətənə, xalqa sonsuz sevgisi onu hər gün düşməndən intiqam almağa tələsdirib.
...2010-cu ilin yazının sonuncu ayı da yarı olmuşdu. Həftələr əvvəl gəldiyi qərar onu rahat buraxmırdı. Dayandığı postda müşahidəni dəqiq aparırdı. Gizir Mübariz İbrahimovun gəldiyi qərardan özündən başqa kimsənin xəbəri yox idi. Əsgərlərə də bunu hiss etdirməmişdi.
İyunun 18-dən 19-na keçən gecə səngərdə kimsədən xəbərsiz ata-anasına yazdığı məktubu səliqə ilə qatlayıb özünə məxsus komandir çantasına qoydu. Gecədən xeyli keçəndən sonra postda müşahidə aparmaq adı ilə silahı, əsas və ehtiyat sursatlarını  götürüb zirehli gödəkçəsinin ciblərinə doldurdu. Bunu görən  əsgər: - yoldaş gizir, müşahidəyə çıxırsız, bu qədər sursat sizin nəyinizə lazımdı? - deyə soruşmuşdu.
- Düşmənlərlə çox yaxın məsafədəyik. Birdən qarşıma çıxsalar, patron üçün qayıtmayım, - deyərək, gündüzdən silib təmizlədiyi silahını çiyninə alıb sakitcə çıxmışdı.
Adama boy verən səngərdə əsgər gecə növbəsini çəkirdi. Ona ayıq-sayıq olmağı, özü isə bir qədər irəlidən müşahidə aparacağını deyib uzaqlaşmışdı.
Çox keçmədi ki, düşmən tərəfdən tək-tək atəş səsləri eşidildi. Postda dayanan əsgərlər gizir Mübariz İbrahimovu yerində görməyib narahat olmağa başladılar. Dərhal bölük komandirinə vəziyyətlə bağlı məlumat verildi. Baş leytenant Fərid Əhmədov özünü döyüş mövqeyinə çatdırdı. Düşmənin qarşıdakı dayaq məntəqəsindən eşidilən atəş səsləri bəzən çoxalır, bəzən isə azalırdı. Nə baş verdiyindən heç kəsin xəbəri yox idi. Hamı Mübarizi öz səngərlərində olduğunu zənn etmişdi.
Döyüş mövqeyində dayanan zabit və əsgərlər gecəni narahatlıq içində keçirtdilər. Səhər açılanda Mübarizin düşmənin üzərinə yeridiyini və xeyli sayda erməni hərbçisini məhv etdiyini  eşidəndən sonra baş leytenant Fərid Əhmədov da Mübarizin xilasına tələsərək düşmən mövqeyi istiqamətində irəlilədi. Və o, özü də işğalçılarla qeyri-bərabər döyüşdə şəhid oldu...
Gizir Mübariz İbrahimovun nəşi noyabrın 6-da düşməndən geri alındı. Qəhrəman oğlumuzla vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etdi. Mübariz İkinci Şəhidlər xiyabanında dəfn edildi”.
Tədbir iştirakçıları Mübariz İbrahimov haqqında xatirələrini bölüşdükdən sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən mahnılar oxudular və "Vətən" xoreoqrafik kompozisiyası nümayiş etdirildi.
Sonda Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə tədbirin təşkilatçılığına görə Hərbi İnstitutun rəhbərliyi adından təşəkkürünü bildirdi.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"