Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2023 18:44

Müharibə, Mübariz düşüncəsi və qisas

Sərhədlər yaranandan, torpaqlar vətənləşəndən sonra qəhrəmanlıq da, qəhrəmanlar da var olub. Qəhrəmanlıq mənəvi zənginlikdən irəli gələn, xarakterdə formalaşan məfhumdur. Hər bir xalqın tarixində qəhrəmanlar olub. Vətən, xalq qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan  cəsarətli insanlar tarixə adlarını qızıl hərflərlə həkk ediblər.
"Babək" filmində Babəkin dediyi "Azadlıq. İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Ölüm isə mənim son silahımdır" sözlərini xatırlayıram. Qəhrəmanlıq xalq naminə, dövlət naminə ən gərgin vəziyyətlərdə təmkinlə, cəsarətlə qərar qəbul etmək və bu qərarı sonlandırmaqdır. Çünki uğrunda öldükləri səbəblər həm də onları əbədi yaşadır.
Bir çox qəhrəmanların ömür yoluna nəzər salan zaman təxminən belə bir cümləyə rast gəlirik: "O, hələ uşaq yaşlarından müəyyən xüsusiyyətlərinə görə öz yaşıdlarından seçilirdi".  Nə idi o seçilmə? O seçilmə hadisələrə ürəyinin gözü ilə baxmaqdımı? Özünü o hadisələrin içində hiss etməkdimi? Düşünürəm ki, bu kimi fikirlər həm də həqiqəti əks etdirir. İgidlik, mərdlik, qorxmazlıq, vətənsevərlik kimi ali xüsusiyyətlər onlarda hələ uşaq yaşlarından özünü göstərir. Qəhrəman qəhrəman kimi doğulmur, xarakteri qəhrəmanlıqların icraçısı olmaq səviyyəsində formalaşır; qəhrəmanlığı şərait və çətinlik üzə çıxarır. Qəhrəmanları şərait yaradır, tarixi isə qəhrəmanlar.
Tarix yazan igidlərimizdən biri də Mübariz İbrahimovdur. Mübariz qəhrəmanlığı müəyyənləşdirən bir çox ortaq cəhətləri - mərdliyi, qorxmazlığı, sədaqətliliyi, dürüstlüyü və ən əsası Vətən sevgisini özündə birləşdirmişdi. Belə igidlər özündən sonra gələn nəsillərə nümunə olurlar. Bu xüsusiyyətə malik olanlar tarixin ən çətin dönəmlərində ölkənin, xalqın ən çox ehtiyac duyduğu şəxslər olublar.
Mübariz Qarabağ müharibəsinin həmyaşıdı idi. Böyüyüb formalaşdıqca evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox eşitmişdi. Xocalı faciəsi qəlbinin qaysaqlamayan yarası idi. Hər dəfə Xocalı faciəsi haqqında televiziya verilişlərinə baxanda həmvətəni olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə verilən işgəncələri görəndə yumruqları düyünlənərdi. Onda ermənilərlə təkbaşına döyüşəcəyi məqam haqqındamı fikirləşərdi? Fikirlərini necə yerinə yetirəcəyinimi qətiləşdirirdi?..
Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Ürəyində belə müqəddəs hisslər yaşadan, Vətəndən uca, əziz sevgi tanımayanlar ucalır şəhadətə. Şəhidlik ölümsüzlükdür...
Mübarizin sözünün əvvəli də, axırı da Vətən idi. Vətəni qorumağı, qoruya-qoruya döyüşməyi bir övlad kimi şərəf borcu sayırdı. Bilirdi ki, döyüşlərdə şəhid də ola bilər...
O müqəddəs məqama mərd, xalqını, Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə daim yaşayır. Qəhrəmanlığıyla ölümsüzlüyə qovuşan Mübariz İbrahimov indi bütün azərbaycanlılar üçün iftixar mənbəyi, qürur yeridir.
"Hərənin öz yolu var" deyirdi. "Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz...".
Mübarizin qəhrəmanlığı Azərbaycan xalqını mübarizləşdirmişdi. Gənclər hərbi xidmətə Mübariz amalı ilə gedirdilər, Mübariz niyyətiylə xidmət edirdilər. Bu, Azərbaycan dövlətinə ululuq sevgisiydi. Çingiz Qurbanov da Mübariz İbrahimov kimi düşmən üstünə getdi. Tək... Döyüşdə dörd erməni öldürdü. Düşünürəm ki, igid, qəhrəman Çingiz son nəfəsində də "Vətən" - deyib. Bu mübarizləşmə idi.
İkinci Qarabağ müharibəsində baş leytenant Elvin Şükürlü də düşmən mövqeyinə tək getmişdi. Şəhid əsgərin qisasını almaq üçün, o əsgərin timsalında bir qisaslıq təsəlli üçün. Getmişdi və qarşısına çıxan düşmənləri məhv etmişdi. Şəhid olmuşdu Elvin. Mübarizləşmə budur!..    
Azərbaycan əsgəri bu gün də Mübariz İbrahimovun davamçısı kimi xidmət etməyi özünə şərəf bilir...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"