Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2023 18:44

Yeni tədris ilində yeni uğurlar

Yeni tədris ilinin başlanması ilə əlaqədar "N" hərbi hissəsində mitinq keçirildi. Ənənəvi olaraq əvvəlcə rəsmi rituallar yerinə yetirildi. Şəxsi heyətin tədris ilinin başlanması münasibətilə sıra meydanında düzüldüyü barədə hərbi hissə komandirinə məruzə olundu. Hərbi hissə komandiri şəxsi heyətlə salamlaşdı, zabit və əsgərləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara xidmətlərində uğurlar arzuladı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər.
Yeni tədris ilinin başlanması münasibətilə çıxış üçün söz polkovnik-leytenant Mehman Ədilova verildi. Zabit yeni tədris ilində qarşıda dayanan vəzifələrdən qısaca söz açaraq dedi:
- Yoldaş zabitlər, gizirlər, çavuş və əsgərlər! Bu gün hərbi hissədə əlamətdar günlərdən biridir. Çünki biz sizlərlə bərabər ötən tədris ilini böyük uğurlarla arxada qoyaraq bu gün 2023-cü ilin yeni qış tədris dövrünə başlayırıq. Çıxışımı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu sözləri ilə başlamaq istəyirəm: "Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var". Bildiyimiz kimi, nizami ordu suveren dövlətin ən mühüm atributudur. Orduda xidmət etmək, Vətənin keşiyində dayanmaq, onun müstəqilliyini, ərazi bütövlüyünü qorumaq hər bir vətəndaşın müqəddəs borcu, vəzifəsidir. Hamımıza yaxşı məlumdur ki, qüdrətli Azərbaycan dövləti günü-gündən inkişaf edir, möhkəmlənir. Bu gün xalqımız ordusuna güvənir, onunla fəxr edir. Bizim hərbi hissədə də Vətənini, torpağını qoruyan, işğalçıların hücumunu hər an dəf etməyə hazır və qadir olan Azərbaycan əsgərinin daha da güclənməsi, döyüş vərdişlərinin təkmilləşməsi, mənəvi-psixoloji cəhətdən hazırlanması üçün uğurlu işlər görülür və görüləcəkdir. İnanıram ki, yeni başlanan tədris dövründə də Hərbi Anda və nizamnamələrin tələblərinə sadiq qalaraq əsgəri borcunuzu bundan sonra da layiqincə yerinə yetirəcək, ixtisas biliklərinə dərindən yiyələnəcək, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsində, hərbi intizamın möhkəmləndirilməsində səylərinizi daha da artıracaq, hər an Vətənimizin müdafiəsinə hazır olacaqsınız. Sizi  yeni qış tədris dövrünün başlaması münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı və xidmətinizdə uğurlar arzulayıram.
Sonra zabitlər İlqar Mahmudov, Əmrah Həsənov, Ayaz Baxışov, Tahir İbadov, Mirəli Mirismayıl, Emil Hüseynov çıxış edərək 2023-cü ilin yeni qış dövründə qarşıda dayanan vəzifələrdən danışdılar. Əminlik hissi ilə bildirdilər ki, ötən tədris ilində olduğu kimi, yeni tədris ilində də qarşıda dayanan tapşırıq və vəzifələri yüksək peşəkarlıqla yerinə yetirəcəklər. Yeni tədris ilində yeni-yeni uğurlar əldə edəcəklər.
Mitinq başa çatdıqdan sonra şəxsi heyət bölmələrdə qarşılarında dayanan vəzifələri yerinə yetirdilər. Biz də öz növbəmizdə zabit və əsgərlərin yeni tədris ilinin ilk günündə icra etdikləri tapşırıqların gedişini izlədik.
Kapitan Rəşad Ağayev yeni tədris ilinin başlanmasından, qarşılarında dayanan vəzifələrdən ətraflı söz açdı. Bildirdi ki, yeni tədris ilinin başlanması şəxsi heyətin məsuliyyət və diqqətini daha da artırır. "Həyəcan" çağırışları manqa, taqım, batareya, divizion və daha yüksək səviyyələrdə aparılır. İlk olaraq maskalanma tapşırıqları yerinə yetirilir. Sonra sürücülər silahlandırılaraq parka yola salınırlar. Onlar avtomobilləri işə salıb şəxsi heyətin gəlişini gözləyirlər.
Söhbətimiz başa çatdıqdan sonra bölük növbətçisi  "Həyəcan" çağırışı verdi. Şəxsi heyət təlimata uyğun fəaliyyətə başladı.
Leytenant Orxan Ələsgərov dedi ki, yeni tədris ilinin başlanması biz hərbçilərin qarşısında mühüm vəzifələr qoyur. Yeri gəlmişkən deyim ki, ötən tədris ilində də xidmətimizdə mühüm nailiyyətlər əldə etdik. Bütün tapşırıqları bacarıqla yerinə yetirdik. Əminliklə deyə bilərəm ki, yeni tədris ilində də uğurlarımızı davam etdirəcəyik.
Yeni tədris ilinin ilk tapşırıqlarını yerinə yetirən zabit və əsgərlərlə həmsöhbət olduq. Kiçik leytenant Elvin Orucov dedi ki, biz yeni tədris ilində yeni-yeni hərbi bilik və döyüş vərdişlərinə yiyələnəcəyik. Hərbi hissəmizin zabitləri də İkinci Qrabağ müharibəsində iştirak ediblər. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstəriblər. Düşmən üzərində tarixi Zəfərin qazanılmasına öz töhfələrini veriblər. Hərbçilərimizin döyüş hazırlıqları yüksək olduğuna görə müharibədə düşmənə qalib gəldilər. Deməli, döyüş hazırlığı yüksək olan əsgər qalib əsgərdir. Bütün bunları nəzərə alaraq yeni tədris ilində də döyüş hazırlığının artırılmasına istiqamətlənən dərs və məşğələlər keçəcəyik.
Daha sonra gizirlər Rauf Şirinov, Elvin Kərimov, əsgərlər Murad Hüseynli, Vaqif Atakişiyev və başqaları ilə də söhbət etdim. Onlar da yeni tədris ilində bilik və bacarıqlarını daha da artıracaqlarını bildirdilər.
Budur, artıq sürücülər avtomobilləri işə salıb çıxışa hazır dayanıblar. Döyüş maşınının komandiri gizir Rauf Şirinov dedi ki, "Həyəcan" çağırışı verilən kimi hər bir zabit, hər bir əsgər öz üzərinə düşən tapşırıqları yerinə yetirməyə başlayır. Tapşırığa uyğun olaraq sürücü Mehdi İbadov döyüş maşınını işə salıb, baş tuşlayıcı əsgər Əbutalib Talıblı da yerindədi. Növbəti komanda verilən kimi cəmləşmə rayonuna yola düşəcəyik.
Yeni tədris ilinin başlanması hərbi hissədə böyük canlanma yaratmışdı. Bu canlanmanı görəndən sonra əminlik hissi ilə deyə bilərik ki, hərbi hissənin şəxsi heyəti istənilən döyüş tapşırığını layiqincə yerinə yetirmək iqtidarındadır.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"