Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2023 18:44

Qarlı dağlar, qətiyyətli oğullar, inamlı müdafiə

"Oğul düşmən çəpəridir", deyirlər. Öz qətiyyətləri ilə ərazi bütövlüyümüzə keçilməz çəpər olan igid oğullarla görüşə gedirik. Yolumuz çətin relyefli ərazilərdən keçir. İlan kimi qıvrılan enişli-yoxuşlu, daşlı-qayalı yollarla dağların zirvəsində məskən salan Vətən müdafiəçilərinin yanına üz tutmuşuq. Bakıdan fərqli olaraq, buralarda qış fəsli öz xüsusiyyətlərini daha sərt göstərir. Aramsız yağan qar ətrafı ağ örpəyə bürüyüb. Zabit Rövşən Sultanov bir neçə gündür şaxtalı, sazaqlı günlərin davam etdiyini deyir. Yollarda hələ də buzu əriməyən hissələr görünür. Daşlı-qayalı yolların qarla örtülməsi təkərlərin sürüşmə ehtimalını bir az da artırır, sürücünün işini xeyli çətinləşdirir. Lakin təhlükəli və çətin yollar maşında olan heç kimi narahat etmir. Sürücünün təmkini və avtomobili ustalıqla idarə etməsi mənzil başına sağ-salamat çatacağımıza inam yaradır. Bu inam isə bir neçə saatlıq yoldan sonra təsdiqini tapır.
Mənzil başına çatırıq. Yol boyu həmkarım Orxan və hərbi hissənin zabiti Rövşən Sultanovla maraqlı söhbətlər edirik. Rövşən döyüş xatirələrindən, biz döyüşlər zamanı müsahibələr aldığımız zabit və əsgərlərlə bağlı yaddaqalan məqamlardan söhbət edirik. Yaddaşıma əbədi həkk olunan bir xatirəni onlarla bölüşürəm. Dəqiq yadıma gəlmir, döyüşlərin ilk günləri olardı. Talış kəndi istiqamətində qızğın döyüşlər gedirdi. Biz də hücum edən bölmədən bir az arxada cəmləşmə rayonunda öz tapşırıqlarımızı icra edirdik. Bu zaman toz-dumanın arasından bir maşın sürətlə bizə tərəf gəldi. Avtomobil dayanan kimi sürücü həyəcanlı səslə qışqırdı: "Maşında yaralı var". Yaralı əsgəri əvvəlcədən orada dayanan təcili yardıma qoydular. Özümü cəld maşının yanına çatdırdım. Təəssüf ki, həmin igidin adını, soyadını qeyd etməyə macal tapmadım. Amma gülə-gülə, məğrur şəkildə dediyi sözləri eşitdim. Yumruğunu sıxıb göyə qaldırdığını gördüm. Yaralı əsgərin "Qələbə bizimdi, düşməni darmadağın edirik, tez sağalıb yenə qayıdacam" bu hayqırışları ətrafa səs salmışdı. Hamı bu səhnə qarşısında donub qalmışdı. Əsgərin yarası ağır idi, lakin onun qətiyyətli sözləri, simasındakı qələbəyə inam hamını ovsunlamışdı. Bu səhnə mənə sevə-sevə oxuduğum “Koroğlu” dastanında bir məqamı xatırlatdı. "Hayqırıb meydanda açsam qol-qanad, qarı düşmən qabağımda olar mat" - deyirdi Koroğlu. Haqq savaşımızda da rəşadətli Azərbaycan əsgərlərinin mübarizliyi, mərdliyi, qəhrəmanlığı dünyaya hay salırdı. Qəhrəman əcdadı kimi, bu əsgər də, digər silahdaşları da Vətən sevgisindən güc alır, qələbə ruhunda döyüşürdülər.
Bu unudulmaz xatirəni hər yerdə qürurla danışıram. Məhz Azərbaycan əsgərinin belə möhkəm, sarsılmaz döyüş ruhu, Vətənə olan sonsuz sevgisi qələbəni təmin etdi. Görüşünə getdiyimiz igidlər də o əsgərlərin davamçılarıdırlar. Onlar da əmanət olunan torpaqlarımızı göz bəbəyi kimi qoruyurlar. Ermənilərin bütün təxribat cəhdlərinin qarşısını vaxtında alırlar. Bu oğulların da hər biri qəhrəmandır və müqəddəs vəzifəni qətiyyətlə yerinə yetirirlər...
Hələ bölməyə çatmamış uzaqdan döyüş növbətçiliyində dayanan əsgərlərimiz gözə dəyirlər. Onlar döyüş postunda hərəkət edir, müşahidə sahəsini bir saniyə belə nəzarətsiz qoymurlar. Maşın dayanan kimi şux qamətli zabit bizi salamlayır. Adının Əlyar olduğunu öyrənirəm.
Əslən Neftçala rayonundan olan Fərəcov Əlyar Vüqar oğlu həmin rayonun Qaralı kəndində  anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib. Əlyar hərb peşəsindən, xidmətin təşkilindən, hava şəraitinin yaratdığı çətinliklərdən danışır. Qış aylarının komandirlərdən və əsgərlərdən ikiqat məsuliyyət tələb etdiyini vurğulayır. "Burada xidmət edən hər kəs ilk öncə vəzifələrinin məsuliyyətini və əhəmiyyətini yaxşı dərk edir. Həm də yaxşı bilirlər ki, şərəfli vəzifəni icra edirlər. Qarşımızda dayanan düşmənin xain xislətinə hamımız yaxşı bələdik. Ona görə də döyüş növbətçiliyini ən yüksək səviyyədə təşkil edir, ayıq-sayıq xidmət aparırıq. Təminat cəhətdən heç bir çətinliyimiz yoxdu. Bütün növ təminatımız aylar əvvəldən tam şəkildə hazırlanıb. Əmin ola bilərsiniz ki, Azərbaycan əsgəri hər şəraitdə torpaqlarının keşiyində ayıq-sayıq dayanır...”
Riyazi elmlərdə belə bir termin işlənir - aksiom. İlk dəfə qədim yunan filosofu Aristotelin işlətdiyi aksiom sübutsuz qəbul edilən fikir, ümumiyyətlə, dəlilə, sübuta ehtiyacı olmayan həqiqətdir. Zabitin ordumuzun təminatı, əsgərlərin xidməti, yüksək döyüş ruhu haqqında dediyi fikirlər də  bu gün bütün cəmiyyətimiz üçün bir aksiomdur. Çünki əsgər və zabitlərimiz haqqında deyilən bütün müsbət fikirlər döyüş meydanında, Vətənin dar günündə təsdiqini tapıb. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsi, müharibədən sonra azad olunmuş ərazilərimizdə inamlı xidməti, qarşı tərəfin çox sayda təxribatlarının qarşısının uğurla alınması... və icra olunan digər xidmətlər artıq bütün dünyaya bu aksiomanı çatdırıb - Azərbaycan güclü dövlətdir və onun ərazi bütövlüyünü qorumağa qadir olan yenilməz, rəşadətli, qalib ordusu var...
Rəşadətin və qüdrətin əsas mənbəyi,  bu qarlı zirvələrdə yurdumuza keşik çəkən igidlərlə görüşürəm.  Simalarındakı xoş aura, şaxtadan qızaran yanaqlarının üstündə parlayan sevgi dolu gözlər adama o qədər doğma gəlir ki, sanki illərdir bir-birimizi tanıyırıq. "Gözlər qəlbin aynasıdır", deyirlər. Əsgərlər Samir Quliyev, Ayxan Kərimov, Rəvan İbrahimov, Ramazan Avazovun gözlərindən saçılan işıq da, onların ruhuna hakim olan vətənpərvərliyin, milli-mənəvi dəyərlərimizə bağlılığın, dövlətimizə sadiqliyin aynası olur.
Görüşümüz səmimi söhbətlə davam edir. Əsgərlər xidmətlərindən, yaddaqalan günlərindən danışırlar. Danışdıqları xatirələr ruhuma sığal çəkir, mənəvi rahatlıq verir. Vətənə xidmət etməkdən, ərazi bütövlüyümüzün keşiyində dayanmaqdan, Vətənimizə müsəlləh əsgər olmaqdan qürur duyduqlarını yekdilliklə vurğulayırlar. Onlar sosial şəraitlərinin və təminatlarının müasir standartlara cavab verdiyini deyir, bu qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildirirlər. Samir Hərbi Andı qəbul etdiyi günün ən unudulmaz xatirə olduğunu deyir. Andına sadiq qalmaq amalı ilə xidmət etdiyini söyləyir. Ayxan ilk dəfə avtomatdan atəş açdığı və döyüş növbətçiliyinə çıxdığı gündən söhbət açır. Ana Vətənin müdafiəsində dayanmağın qürurunu, sevincini bölüşür. Artıq hərbi biliklərə, döyüş qabiliyyətinə malik olan bacarıqlı əsgər kimi formalaşdığını deyərək, hamı kimi vəzifələrinin məsuliyyətini və müqəddəsliyini yaxşı dərk etdiyini vurğulayır. Rəvan isə hərbi xidmətdə qazandığı müsbət keyfiyyətləri sayır. Ramazan silahdaşlarını göstərərək möhkəm və əbədi dostlar qazandığını bildirir.
Əsgərlər danışdıqca İkinci Qarabağ müharibəsi ərəfəsində Naftalan rayonu ərazisində yol kənarında olan evlərdən birinin qarşısında dayanan iki uşağı xatırlayıram. 4-5 yaşları olardı. Onlardan biri oğlan, biri qız idi. Bacı-qardaş olduqlarını düşünürdük. 44 gün ərzində hər gün o uşaqlar həmin yerdə əllərində bayraq yolla hərəkət edən hərbi maşınları salamlayırdılar. Bir əlləri ilə əsgəri salam verir, digər əlləri ilə bayrağı yelləyirdilər. O uşaqlar Azərbaycan xalqının Vətənə bağlılığının, Vətən sevgisinin, xalqın ordusuna olan dəstəyinin, güvəncinin göstəricisi olmuşdu. Belə çətin relyefli ərazilərdə xidmət edən əsgərlərin qətiyyəti mənə bir anlıq o uşaqları xatırlatdı. Bu əsgərlər də onlar kimi vətənpərvərlik ruhunda tərbiyə olunublar. O uşaqlar da böyüyüb bunlar kimi layiqli vətəndaşlar olacaqlar. O oğlan uşağı da böyüyüb Samir, Ayxan, Rəvan, Ramazan kimi müsəlləh əsgər olacaq, torpaqlarımızın keşiyində inamla dayanacaq. Orada dayanan uşaqlar, burada keçilməz çəpər olan igidlər, xalqımızın genlərinə hopan qəhrəmanlıq ruhu, Vətən sevgisi... bunların hamısı dövlətimizin işıqlı sabahlarının nişanələridir.
Vətən müdafiəçiləri ilə söhbət o qədər səmimi və maraqlı oldu ki, vaxtın necə keçdiyini hiss etmədik. Artıq sağollaşmaq vaxtı gəlib çatmışdı. Burada müşahidə etdiklərim, bölmənin şəraiti, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, qətiyyətli sözləri unudulmaz könül xoşluğu aşılayır. Ömür kitabıma yeni xatirələr yazır.
Yavaş-yavaş bölmədən uzaqlaşırıq. Bir anlıq geri boylanıb döyüş növbəsində dayanan əsgərlərə baxıram və bir daha əmin oluram ki, Vətəninə böyük məhəbbət hissləri ilə bağlanan igid hərbçilərimiz ən çətin relyefli ərazilərdə, istənilən hava şəraitində belə düşmənə keçilməz səddirlər.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"