Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 2023 13:40

2 Fevral - Gənclər Günü münasibətilə tədbirlər keçirildi

Heydər Əliyev adına Hərbi İnstitutun və Bakı Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin aparıcısı Günay Firudinqızı çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfərdə Azərbaycan gənclərinin rolunun əvəzsiz olduğunu qeyd etdi: "Bu gün cəmiyyətin aparıcı təbəqəsi gənclərdir. Dövlətin apardığı gəncləşmə siyasəti bütün sahələrdə öz əksini tapır. 2020-ci il sentyabrın 27-də düşmənin genişmiqyaslı təxribatına cavab olaraq Ali Baş Komandanın əks-hücum əmrinin uğurla icra olunmasında da gənclərin rolunun əvəzsiz olduğunun şahidi olduq. İllər əvvəl doğma torpaqlarından didərgin düşən gənclər Vətən müharibəsi zamanı igidlik və qəhrəmanlıq göstərərək düşmən işğalına son qoydular".
Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun müavini Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən 2 Fevral - Gənclər Gününün təsis edilməsinin tarixi barədə geniş məlumat verdi. Zabit bu günün təntənəli surətdə qeyd olunmasının məhz Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı: "Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndərin çıxışlarının birində qeyd etdiyi "Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun" fikri bu gün öz əksini tapır. Savadlı, vətənpərvər gənclərimiz ölkəmizi hər yerdə layiqincə təmsil edirlər. Gənclər bu gün ordu sıralarında Vətən qarşısında borclarını yerinə yetirmək üçün ləyaqətlə xidmət edir, hərb sənətinin sirlərinə mükəmməl yiyələnirlər. Hər bir sahədə olduğu kimi, orduda da idarəçilik qabiliyyəti olan gənclər mühüm vəzifələrdədirlər. Bütün bunlar dövlət rəhbərliyinin gənclərə olan inam və etimadının bariz nümunəsidir", - deyə N.Mövlanov bildirdi.
Daha sonra tədbirdə incəsənət xadimləri şəxsi heyət qarşısında konsert proqramı ilə çıxış etdilər.
Sonda Heydər Əliyev adına Hərbi İnstitutun rektorunun adından şəxsi heyətə fəxri fərmanlar təqdim olundu.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"

* * *

2 Fevral - Gənclər Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə liseyin zabitləri, kursantları, müəllimləri, təhsil ocağında çalışan mülki işçilər iştirak edirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildi.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rəşad İbrahimov  Gənclər Gününün yaranması ilə bağlı tədbir iştirakçılarına məlumat verdi.  Dedi ki, 1 fevral 1997-ci ildən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sərəncamı ilə respublikamızda hər il 2 Fevral - Gənclər Günü kimi qeyd olunur. Bu, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının ən böyük təzahürüdür.
Ötən illər ərzində gənclərimizin idman, təhsil, elm və başqa sahələrdə əldə etdiyi uğurlar çox sevindiricidir. Bu gün gənclərimizin böyük hissəsinin çalışdığı, xidmət etdiyi sahələrdən biri də ordu sıralarıdır. Son illərdə bu sahədə böyük uğurlarımız olub. Otuz ilə yaxın əbədi və əzəli torpaqlarımız Azərbaycan Ordusu, Azərbaycan gəncləri tərəfindən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında azad edildi.  44 gün davam edən İkinci Qarabağ müharibəsi uğurla sona yetdi. Xalqımızın və gənclərimizin ən böyük uğuru, məhz, erməni silahlı dəstələrini işğal etdikləri ərazilərdən qovmaq oldu. Bundan sonra Azərbaycan Ordusunun, gəncliyin qarşısında dayanan ən ümdə vəzifə Vətənimizin ərazi bütövlüyünə və xalqına qarşı təcavüzün qarşısını qətiyyətlə almaqdır.
Gənclərin ictimai-siyasi həyatda, idmanda, elmdə qazandığı uğurlarla bağlı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından hissələr, həmçinin müxtəlif illərdə gənclərlə keçirdiyi görüşlərdən ibarət videoçarx nümayiş olundu.
Tədbirin sonunda mədəniyyət işçiləri vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar ifa etdilər.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"

* * *

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tədbir keçirildi. Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni oxundu.
Tədbirdə çıxış edən BHİK-in sədr müavini İxtiyar İsayev Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu vurğuladı. Ulu Öndərin gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri daim diqqətdə saxladığını, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini qeyd etdi.
Sədr müavini vurğuladı ki, dövlət başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də Ulu Öndərin siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin Ümummilli Liderin gənclər siyasətinə sadiqliyinin, bu sahəyə böyük diqqət göstərməsinin nəticəsidir ki, bu gün ölkəmizdə gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yüksək şərait yaradılır və bu istiqamətlərdə böyük addımlar atılır.
Daha sonra çıxış edən təşkilat sədrləri Stepan Kropoçev, Gülnarə Kələntərova, Yaqut Həsənova və digərləri Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində komitə üvzü olan gənclərin hərbi qulluqçularla çiyin-çiyinə çalışdığını, ordumuzun uğurları üçün bütün potensial və imkanlarından səylə istifadə etdiklərini vurğuladılar. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunmasından danışan komitə üzvləri Azərbaycan gəncliyi üçün müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunə olduğunu qeyd etdilər. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi çox mühüm addımdır. Müasir Azərbaycanın əsas qurucularından olan dahi şəxsiyyət Heydər Əliyev bu gün də gənclərimizin yaddaşında və ürəyində yaşayır.
Tədbir iştirakçıları, həmçinin şanlı, tarixi zəfərimizlə başa çatan ikinci Qarabağ müharibəsində cəbhədə döyüşən gənclərin rəşadətindən, vətənpərvərliyindən, igidliyindən, eləcə də arxa cəbhədə olanların ordumuza dəstəyindən söz açdılar. Bu qələbənin Azərbaycan gəncinin sonsuz Vətən sevgisinin, iradəsinin, qətiyyətinin və yüksək döyüş hazırlığının qələbəsi olduğunu vurğuladılar. Haqq savaşında şəhadətə yüksələnlərin əziz xatirəsini dərin ehtiramla yad edərək, Allahdan ailə üzvlərinə səbir, qazilərimizə şəfa dilədilər.
Tədbirin sonunda komitənin sədr müavini İxtiyar İsayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov adından bütün gənc həmkarlarını, həmçinin Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını,  gənclər günü münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, ailə səadəti və işlərində yeni-yeni müvəffəqiyyətlər arzuladı.  

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"