Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2023 17:45

“İdmana marağın geniş yayılması istiqamətində mühüm işlər görülür”

Ölkəmizin dövlət təsisatlarının möhkəmlənməsində, iqtisadi inkşafında misilsiz rolu olan Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir, sosial həyatın bütün sahələrində uğurlar qazanılır. İdman ölkəsi kimi tanınan Azərbaycanda idmanın bütün növləri dinamik inkişaf mərhələsindədir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, bu gün respublikamızda idmana böyük diqqət və maraq var. İdmançılarımız istər ölkədaxili, istərsə də beynəlxalq turnirlərdə uğurlar qazanırlar. Dövlət Himnimiz səsləndirilir,  bayrağımız beynəlxalq idman arenalarında dalğalanır.
Hərbi qulluqçularımız da idmana böyük həvəs və maraq göstərirlər. Fiziki cəhətdən möhkəm, güclü və sağlam olmaları onların döyüş qabiliyyətlərini daha da artırır. Hərbçi idmançılar müxtəlif beynəlxalq yarışlarda qələbələr qazanaraq Azərbaycan Ordusunu və ölkəmizi layiqincə təmsil edirlər. Hərbçilərimiz dəfələrlə Olimpiadaların, Avropa və Dünya çempionatlarının qalibi olublar. Ordu sıralarında xidmət edən gənclər hərbi xidmətdə olduğu kimi, idmanda da uğurlar qazanırlar.
Ordu quruculuğunda fiziki hazırlıq daim diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artırılması istiqamətində müxtəlif işlər görülür. Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında müdafiə nazirinin əmrinə əsasən, hər il ordu miqyasında müxtəlif idman növləri üzrə yarışlar, birinciliklər, kütləvi-idman tədbirləri keçirilir.
Bu günlərdə Quru Qoşunlarının cari il üçün  hazırlıq planına əsasən, "N" hərbi hissəsində belə tədbirlərdən biri olan “daşqaldırma” üzrə birincilik keçirildi. Birinciliyin açılışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Birinciliyin keçirilməsinə  rəhbərlik edən Quru Qoşunlarının zabiti polkovnik-leytenant Elman Hadıyev çıxış edərək təhlükəsizlik qaydaları haqqında məlumat verdi, iştirakçılara uğurlar arzuladı.
Yarışda iştirak edən hərbi qulluqçuların qeydiyyatından sonra hakimlərin iştirakı ilə  püşkatma keçirildi, birincilik başladı.
"Daşqaldırma" üzrə Quru Qoşunları birinciliyində 8 komanda üzrə 43 hərbi qulluqçu 6 çəki dərəcəsində mübarizə apardı. Birincilik daşqaldırma yarışlarının klassik iki növü üzrə -  birdən və təkanla qaldırma üzrə keçirildi.
Gərgin mübarizə şəraitində keçən yarışların sonunda şəxsi hesabda əsgər Əli Bəşirov (60 kq), əsgər Fərdi Muradov (65 kq), kiçik çavuş Marat Şeydabəyov (70 kq), çavuş Gündüz Allahverdiyev (80 kq), kiçik çavuş Zülfüqar Quliyev (90 kq) və əsgər Natiq Bəşirov (90+ kq) birinci yerə layiq görüldülər. Yekun nəticələrə əsasən komanda hesabında birinci yerə "Kəlbəcər", ikinci yerə "Hadrut", üçüncü yerə "Bərdə" komandaları çıxdılar.
Birinciliyin təntənəli bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə qaliblərə fəxri fərman, diplom və kubok təqdim edildi.
Polkovnik-leytenant Elman Hadıyev göstərdikləri əzmkar mübarizəyə görə idmançıları təbrik etdi. Belə yarışların keçirilməsinin şəxsi heyətin döyüş, fiziki və mənəvi-psixoloji hazırlığına müsbət təsirindən söz açaraq dedi: "Hərbi qulluqçularımız arasında insanın mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmana marağın geniş yayılması istiqamətində mühüm işlər görülür. Hərbçilərimizin bu sahəyə fəal surətdə cəlb olunmasını təmin etmək qarşımızda duran ən mühüm vəzifələrdəndir. Vətənin keşiyində dayanan hərbçilərimizin bacarıqlı hərbçi kimi formalaşmasında idmanın rolu əvəzsizdir".
Zabit onu da qeyd etdi ki, hərbçilərimizin döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlıqlarının da yüksək olması Vətən müharibəsində öz təsdiqini tapdı. “Müzəffər Ali Baş Komandanımızın sərkərdərliyi ilə tarixi qələbə qazandıq. İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin döyüş tapşırıqlarını çevikliklə, cəld yerinə yetirməsi, həmçinin fiziki gücü, dözümlülüyü qələbəmizi şərtləndirən amillərdən oldu”.
Birinciliyin sonunda 6 çəki dərəcəsi üzrə bütün rəqiblərini üstələyərək birinci olan hərbçilərimizlə söhbətləşdim, ürək sözlərini dinlədim. Onlar hərbi xidmətləri ilə yanaşı, idmanla məşğul olmaları üçün bölmələrdə yüksək şərait yaradıldığını bildirdilər. Müntəzəm keçirilən belə birincilik və yarışların onların idmana həvəslərini daha da artırdığını vurğuladılar. "Hər birimiz Müzəffər Ali Baş Komandanın istənilən döyüş əmrinə hazır olan əsgərlərik. Fiziki hazırlığımızın yüksək olması döyüş hazırlığımıza təsir edən mühüm amillərdəndir. Hərbi əməliyyatlar zamanı verilən tapşırıqları uğurla yerinə yetirə bilmək üçün güclü, iradəli və dözümlü olmalıyıq. Ona görə də fiziki hazırlığımıza daim diqqət edir, mütəmadi olaraq idmanla məşğul oluruq. Belə yarışların təşkil olunması bizə göstərilən diqqət və qayğının göstəricisidir. Birinciliyin təşkilatçılarına təşəkkürümüzü bildiririk", - qaliblər fikirlərini belə ifadə etdilər.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"