Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2023 17:45

“Vətənimizin müdafiəsində əzmlə dayanmışıq”

Azərbaycan Ordusunu güclü, qüdrətli edən onun peşəkar və hazırlıqlı zabitləridir. İkinci Qarabağ müharibəsində qazanılan Böyük  Zəfərimiz bir daha təsdiq etdi ki, Azərbaycan Ordusu yenilməzdir. Yenilməz ordumuzun yüksək döyüş qabiliyyətinə malik zabit heyəti respublikamızın suverenliyinin, müstəqilliyinin müdafiəsində daima əzmlə dayandı. Eyni zamanda, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı birləşmələrinin 30 il işğalda saxladığı tarixi torpaqlarımızı düşməndən azad etdi.
Qələbəyə yüksək döyüş bacarığı ilə töhfələrini verən hazırlıqlı zabitlərimizdən biri də  "Azərbaycan Bayrağı" ordenli kapitan Səddam Musayevdir. Səddam Vətən müharibəsində şərəfli döyüş yolu keçən zabitlərimizdəndir. Müharibədə ağır yaralanmasına baxmayaraq o, hazırda xidmətini "N" hərbi hissəsində davam etdirir. Gənc zabit döyüşdə qazandığı təcrübəni keçirilən təlimlərdə şəxsi heyətə böyük həvəslə öyrədir, müharibə xatirələrini  onlarla bölüşməkdən qürur duyur.  Hərbi hissələrdən birində Səddamla  söhbətləşdik.
Öyrəndik ki, Səddam Musayev 9 yanvar  1991-ci ildə Zərdab rayonunun Süleyli kəndində dünyaya göz açıb. Orta məktəbdə texniki elmlərə həvəs göstərməsi ilə fərqlənən Səddam 2005-ci ildə fizika, riyaziyyat, informatika təmayüllü liseyə qəbul olub.
2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) motoatıcı ixtisası üzrə təhsil alıb. Zabit kimi hərbi xidmətə ön xətt bölmələrindən birində başlayıb. Aprel döyüşlərində də fəal iştirak edib. Onun peşəkarlığı komandanlıq tərəfindən həmişə yüksək dəyərləndirilib.
Vətən müharibəsində iştirakı ilə bağlı sualımızı cavablandırarkən Səddam dedi ki, əks-hücum əməliyyatına sentyabrın 27-də cəbhənin Füzuli istiqamətindən başlayıb. Xidmət etdiyi bölmənin şəxsi heyəti "Ohanyan" səddinin  yarılmasında yüksək döyüş bacarığı nümayiş etdirib.
Səddam Füzuli şəhərinin azad olunması uğrunda gedən əməliyyatlarda şəxsi igidlik nümunəsi göstərərək döyüşlərin şiddətindən, ağırlığından qorxmayaraq, düşmənin neçə-neçə canlı qüvvəsini və texnikasını məhv edib. İgid döyüşçü oktyabrın 9-da Füzuli rayonunun Qərvənd kəndi uğrunda gedən əməliyyatlar zamanı ağır yaralanıb.
Gənc zabit Səddam Musayev Vətən müharibəsində iştirakından fəxrlə danışdı. "Ali Baş Komandanın döyüş əmrini biz hərbçilər səbirsizliklə gözləyirdik. Nəhayət, o gün gəlib çatdı. 27 sentyabr 2020-ci il xalqımızın tarixində müqəddəs gün kimi tarixləşdi. 8 Noyabr - Zəfər günü isə Azərbaycan dövlətinin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olundu. Bu gün üçrəngli qalibiyyət bayrağımız işğaldan azad olunmuş ərazilərimizin ən uca zirvələrində dalğalanır. Vətənimizin ərazi bütövlüyü naminə xalq, dövlət, ordu monolit birliyə çevrilərək haqq savaşına qalxdı. Bu haqq savaşında xalqımız qəhrəman, cəsur oğullarına güvəndi. Azərbaycan Ordusunun yüzlərlə əsgər və zabiti Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçdi. Gərgin keçən döyüşlərdən sonra 30 il düşmən işğalında olan torpaqlarımız azad olundu. Azərbaycan Ordusu gücünü, qüdrətini dünyaya göstərdi. Bir daha təsdiq etdi ki, Azərbaycan Respublikasının suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qoruyan və müdafiə edən qüdrətli ordusu var. Bu gün yenə də Vətənimizin müdafiəsində əzmlə, hünərlə dayanmışıq".
Kapitan Səddam Musayev sözünə davam edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  "Azərbaycan Bayrağı" ordeninə, "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görüldüyünü dedi.
İnanırıq ki, zaman keçdikcə "Azərbaycan Bayrağı" ordenli Səddam Musayev peşəkarlığını daha da artıraraq döyüş təcrübəsini tabeliyindəki zabit və əsgərlərə əzmlə aşılayacaq. Ən başlıcası isə onlara Vətənimizin müdafiəsinə həmişə  hazır olmağı öyrədəcək.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"

foto Coşqun CƏFƏROVUNDUR