Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2023 17:45

Vətənə əsgəri sədaqət

1992-ci ildə Bakı şəhərində anadan olub. Yeniyetməliyindən sözə meyilli olub, sözün ifadə etdiyi məna çalarlarını öyrənməyə maraq göstərib. Adi olmayan maraqlar zamanında istəyə çevrilir. Rəşadın marağı istək imiş. Sözə meyil, sözə maraq onun istəyinin yönümünü müəyyənləşdiribmiş - jurnalist olmaq istəyirdi. Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinə daxil oldu. Sözdən söz düşəndə Rəşad tələbə yoldaşlarına deyirmiş: "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz". Böyük Füzulinin bu misrası həmişə söz adamlarının təfəkkür işığı olub...
Rəşad Abdullayev ali təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Əsgər kimi xidmət edib. Sonra "Ehtiyat zabit hazırlığı kursu"nu bitirib. Leytenant hərbi rütbəsində müxtəlif hərbi hissələrdə xidmət edib. Sözün əsgəri olmaq istəyən Rəşad Abdullayev zabit kimi Vətənin əsgəri olub.
Zabit Rəşad Abdullayev bölüyün mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fəal iştirak edib. Əsgərlərə hərbi xidmət haqqında da danışıb, Azərbaycanın dövlətçilik tarixindən də, döyüşlərdə sözlə qılıncın vəhdətindən də. Belə söhbətlər əsgərlərin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli idi...
İkinci Qarabağ müharibəsi başladı. Torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin başlaması əsgərlərin döyüş əzmini də, qələbə ruhunu da kükrətdi...
Baş leytenant Rəşad Abdullayevin xidmət etdiyi hərbi hissə döyüşlərə Murovdağ istiqamətindən qoşuldu. Bu döyüşlər Kəlbəcərin işğaldan azad edilməsi döyüşləri idi.
Yuxarı komandanlığın əmri ilə Rəşad Abdullayevin xidmət etdiyi bölük Suqovuşan istiqamətinə göndərildi.
Suqovuşanın yaxınlığındaydılar. Döyüş əmri gözləyirdilər...
Bölük təyin olunmuş yüksəkliyin ətəyindəydi. Dan yeri sökülər-sökülməz döyüş əmri verildi. Bölük hücuma keçdi. Digər bölüklər kimi bu bölüyün döyüşçüləri də qələbə üçün döyüşürdülər. İşğalın sonlandırılması üçün döyüşürdülər. Düşmənin müqavimətini qıra-qıra döyüşürdülər...
Düşmən Suqovuşanda çox ciddi müqavimət göstərirdi...
Onların müqaviməti qırılmalıydı. Bu əmr təkcə həmin mövqenin ermənisizləşdirilməsi ilə nəticələnməyəcəkdi, düşmən bu məğlubiyyətin sonrakı döyüşlərdə də gözlənildiyini dərk edəcəkdi. Bu dərk düşmənin döyüş əzmini zəiflədəcəkdi...
Komandirin əmri ilə kəşfiyyat qrupu hücum istiqamətində düşmənin mövqelər sistemini  öyrəndi. Məlumatlar əsasında hücumun istiqamətini bir qədər sağa yönəltdilər. Həm də digər istiqamətlərdə atışı gücləndirməklə. Az sonra həmin istiqamətdə düşmənin müqavimətinin zəiflədiyi hiss olundu. Bu, hücumun qələbə ilə nəticələnməsini təmin etdi...
Bölüyü Ağdərə istiqamətində gedən döyüşlərə cəlb etdilər. Döyüşə-döyüşə düşmənin müqavimətini qırırdılar...
Zabit Rəşad Abdullayev xatırlayır: "Baş leytenant Sərxan Fərəcov sinəsində bir bayraq gəzdirirdi. "Bu bayrağı Suqovuşanda dalğalandıracam!" deyirdi. Şəhid oldu. Onun istəyini döyüşçülər yerinə yetirdilər”. Əsgəri sədaqət budur! Vətən, dövlət bayrağına sevgi budur!..
Azərbaycan əsgərinin qazandığı mövqe qələbələri ordumuzu Böyük Qələbəyə yaxınlaşdırırdı. Döyüşçülərin döyüş bayrağı qələbə ruhu idi. Bu ruh xəlqi ruh idi,  xalqın ruhu idi. Ona görə dönməzliyin, qətiyyətin ad daşıyıcısı kimi yüz illərdən sıyrılıb bu günümüzə, bu günümüzün Vətən müharibəsinə gəlib çatmışdı. Və Vətən müharibəsini möhtəşəm Zəfərlə tamamlamışdı.
Noyabrın 4-də Gülüstan istiqamətindən gələn yolların nəzarətə götürülməsi baş leytenant Rəşad Abdullayevin xidmət etdiyi bölüyə tapşırıldı. Bölük əmri böyük cəsarətlə, qətiyyətlə yerinə yetirdi. Düşmən gözləmələrini görə bilmədi...
İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kimi, dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilmədi, heç bir ölkə bizim iradəmizə təsir edə bilmədi. Biz qalib gəldik! Dünyanın bəşəri dövlətləri Azərbaycanı müzəffər dövlət kimi salamladı...
Zabit qürurla xatırlayır ki, Zəfərdən sonra tərxis edilənlərin xidmətini davam etdirənlərlə vidalaşması çox kövrək olub. Bu, əsgərlərin, bölükdə xidmətə başlayan əsgərlərin Vətənə sevgisini daha da yüksəldib...
Zabit Rəşad Abdullayev deyir ki, oğullarım Sahib və Onur Vətənə sədaqətlə xidmət edəcəklər.  
Qeyd edək ki, baş leytenant Rəşad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub...
Zabitin dediyi kimi, həqiqətən, Vətən gözdü, biz - kirpik. Əsgərlərimiz qaliblərin döyüş yolunu Vətənə sədaqətlə davam etdirirlər...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"