Bu günlərdə "Azərbaycan Bayrağı" ordenli şəhid Elvin Şükürlünün anım tədbiri keçirildi.
İkinci Şəhidlər xiyabanında ailə üzvlərinin, yaxın qohumlarının, Müdafiə Nazirliyinin hərbi qulluqçularının, Xətai rayon İcra Hakimiyyəti nümayəndələrinin və başqa qonaqların iştirakı ilə şəhid zabitin məzarı ziyarət olundu, xatirəsi dərin ehtiramla yad edildi, ruhuna dualar oxundu və şəhidin yaşadığı binanın önünə vurulan barelyefinin təntənəli açılışı oldu.
Sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəhid zabitin xatirəsinə ehtiram məqsədilə mərasim təşkil olundu. Anım tədbirində liseyin rəhbər heyəti, zabit, müəllim, kursantlar, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin şəhidin ailə üzvləri, dostları iştirak etdilər.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi.
Şəhid zabitin şərəfli həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olundu. C.Naxçıvanski adına Hərbi Liseydə fəaliyyət göstərən dərnək rəhbərlərinin təşkil etdiyi musiqili ədəbi-bədii kompozisiya maraqla qarşılandı.
Anım tədbirində çıxış edənlər şəhidin ailə üzvləri - atası Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Azad Şəkərov, anası Vəfa İbişova, qardaşı Vətən müharibəsi iştirakçısı leytenant Elnur Şükürlü Elvinin hərbi təhsil aldığı illərdən danışdılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan zaman onun intizamlı, nümunəvi, bacarıqlı, dərslərdən yüksək qiymət alan bir kursant olduğunu dedilər.
Çıxış edənlər bildirdilər ki, iki qardaş Elvin və Elnur vətənpərvər döyüşçü ailəsində doğulub böyümüşdülər. Onlar atasının hərbi xidməti ilə əlaqədar cəbhə bölgələrində yerləşən rayonlarda yaşayıb, məktəbə gediblər. Kiçik yaşlarından hərbçilərlə ünsiyyətdə olublar. Bütün bunların Elnur və Elvinin dünyagörüşünün formalaşmasında - gələcək həyatlarını orduya bağlamalarında və hərb peşəsini seçmələrində böyük rolu olub. Elvin nümunəvi kursant, nümunəvi zabit idi. O, xidmətə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsindən başlamışdı. Vətən müharibəsində vəzifə borcunu və xidmət etdiyi hərbi hissənin qarşısına qoyulmuş tapşırıqlarını uğurla yerinə yetirməyə çalışmışdı. Elvin kimi oğullar tək-tək doğulur. Canını Vətən yolunda, torpaq uğrunda qurban verən igidləri indi bütün Azərbaycan tanıyır və fəxr edir.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rəşad İbrahimov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatlarında qazandığı qələbələrdən danışdı. Vətən müharibəsində Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə malik zabit və əsgərlərinin göstərdikləri fədakarlıq və qəhrəmanlıq nümunələrini, yaddaqalan məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Polkovnik Rəşad İbrahimov Hərbi liseyin məzunu olan şəhid zabitlərin adlarını xüsusi vurğulayaraq onların keçdikləri şərəfli döyüş yollarının bugünkü və gələcək kursantlara nümunə olacağına əminliyini bildirdi.
Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov Müzəffər Ali Baş Komandanın 44 gün davam edən İkinci Qarabağ müharibəsində Zəfərin qazanılmasında misilsiz xidmətlərindən, diplomatiya və informasiya cəbhəsində atdığı qətiyyətli addımlarından, eyni zamanda, Elvin Şükürlü kimi oğulların qəhrəmanlığından, onların adlarının əbədiləşdirilməsi istiqamətində aparılan mühüm işlərdən danışdı. Xətai rayonunda "Azərbaycan Bayrağı" ordenli zabitin adına küçənin olduğunu və yaşadığı binaya barelyefinin vurulduğunu qeyd etdi.
Kursant yoldaşı baş leytenant Elvin Mustafayev də dostu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Acılı, şirinli günlərin əzizliyindən, unudulmadığından söz açdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Elvin Azad oğlu Şükürlü "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.
Zabit Elvin Şükürlünün xatirəsinə həsr edilən anım tədbirində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar ifa etdilər.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"