"Əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur". Bu aforizm həm Azərbaycan xalqının uzun illər çəkdiyi Qarabağ həsrətini, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı parlaq zəfəri əhatə edir. Torpaqlarımızın işğalı dönəmində belə, dövlətimiz daim iqtisadiyyatının gücünü artırır, xarici dövlətlərlə münasibətlərini yaxşılaşdıraraq öz müstəqil siyasət yoluna qədəm qoyurdu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı məhz bu çətin günlərdən qurtulmağımızın birinci addımı oldu. Ulu Öndərin uzaqgörənliyi nəticəsində 1994-cü il müstəqil Azərbaycan tarixində dönüş nöqtələrindən birinə çevrilən neft müqaviləsi imzalanır və "Əsrin müqaviləsi" adlandırılan neft sazişi nəyin ki, ölkəmizin inkişaf və təhlükəsizliyinə böyük imkanlar açır, həm də bütün dünya üçün Azərbaycanı neft ölkəsi kimi tanıtdırır. Dövlətimizin quruculuq sahəsində intizamın yaradılması, mövcud özbaşınalıq və xaosun aradan qaldırılması, habelə qanunvericilik bazasının yığılması ilə nəticələnən müsbət inkişaf da Heydər Əliyevin adı ilə bağlıdır.
Bundan başqa, Ulu Öndərin hər zaman diqqət mərkəzində saxladığı məsələ ordu quruculuğu olub və bu siyasəti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün də uğurla davam etdirir. Ordu potensialının gündən-günə artması məhz dövlətçilik tariximizin ən böyük iki şəxsiyyətinin yorulmaz fəaliyyətinin nəticəsidir. Ordumuzun arsenalında olan silah və texnika tamamilə yenilənib və 44 günlük haqq savaşımızda yeni silahlar özünü sübuta yetirib. Müharibədən sonra bu proses daha da sürətlə davam edir. Eləcə də erməni işğalçılarından azad olunan ərazilərimizdə yeni hərbi hissələr tikilir. Bu islahatlar fonunda Azərbaycan Ordusu qarşıya qoyulan bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.
Bu gün Vətən torpaqlarının müdafiəsində dayanan hər bir Azərbaycan əsgəri artıq qalib ordunun əsgəridir. Aprel döyüşlərindən başlanan Zəfər yolu Vətən müharibəsində qələbə ilə nəticələnir. Vətənpərvərlik, millətinə və xalqına sadiqlik Azərbaycan əsgərini zəfərdən-zəfərə aparır. Xalq da öz növbəsində ordusuna inanır. Ulu Öndər Heydər Əliyevin "Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir" kəlamı günümüzün reallığında özünü əks etdirir.
Biz də deyilən sözlərin bir daha şahidi olmaq üçün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməndən azad olunan ərazilərimizə yollanırıq. Qarşıda bizi möhtəşəm dağ peyzajları, çətin, lakin gözəl relyeflər və təmiz havası olan doğma Qarabağımız gözləyir. Yolumuz qalib ordumuzun igid əsgərlərinin yanınadır. İlk tanışlığımız kiçik leytenant Oruc Novruzovladır. Gənc zabitimizlə uzun-uzadı söhbətləşirik. Öyrənirik ki, Oruc Vətən müharibəsi zamanı əsgər olub. Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, igidlik və mərdlik nümunəsi göstərdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Novruzov Oruc Aslan oğlu "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
44 günlük haqq savaşımız bitdikdən sonra o, "Gizir hazırlığı kursu"na, daha sonra "Ehtiyat zabit hazırlığı kursu"na qəbul olub. Hazırda kiçik leytenant hərbi rütbəsində azad olunan ərazilərimizdə qürurla xidmət edir.
"Sıralarımızdakı hər bir əsgər, gizir və zabit torpaqlarımızın keşiyində inamla dayanır. Bu, əvvəllər də belə olub, bu gün də belədir, əminəm ki, gələcək nəsillərə də aşılanaraq sabah da belə olacaq. Döyüş hazırlığını durmadan yüksəldən ordumuzun sıralarındakı gənclər Vətən müharibəsində qazanılan möhtəşəm zəfərlə fərəhlənir, öz üzərlərində durmadan çalışırlar", - deyən zabit bizi döyüşçülərlə tanış edir.
Bu cür Vətən müdafiəçilərinin düşmənlə qarşı-qarşıya növbətçilik apardığı halda millətimiz gecələr rahat yata bilər. İndiyə qədər düşmənin hər bir təxribatına uğurla cavab verən hərbçilərimiz bu işin öhdəsindən hər zaman gəlməyə hazırdırlar. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əli Abdullazadə bildirir ki, Azərbaycan xalqı hər zaman ordusuna güvənib, inam bəsləyib və biz də öz növbəmizdə bu inamı doğrultmuşuq. Gələcəkdə də ehtiyac olarsa, Vətənimizin suverenliyini canımız və qanımız bahasına qorumağa hazırıq.
"Qış aylarında hava şəraiti burada daha sərt olur. Ancaq havanın nə soyuğu, nə də istisi Azərbaycan əsgərinin vəzifə borclarının öhdəsindən gəlməsinə mane ola bilməz. Hər birimiz öz məsuliyyətimizi dərk edir, xidmətimizi düzgün təşkil edirik. Komandanlıq isə öz növbəsində bunun üçün bizə hər cür lazımi şərait yaradır. Bunlardan yararlanaraq asudə vaxtımızı səmərəli təşkil edir, fiziki, sıra və döyüş hazırlığımızı da yaxşılaşdırırıq," - deyən əsgər Ə.Abdullazadə sözünü bitirir.
Əsgər Riyad Səfərov qeyd edir ki, xidmət etdikləri torpaqlar uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı anmaq hər bir vətəndaşın borcudur. "Biz şəhidlərimizi qəlbimizdə yaşadırıq. Əcdadlarımızın əmanəti olan, hazırda xidmət etdiyimiz torpaqlar üçün minlərlə igid oğlumuz gözünü qırpmadan canından keçib. Onlar Qarabağımızı bizlərə əmanət qoydular və biz bu əmanəti göz bəbəyi kimi qoruyuruq, qorumağa da davam edəcəyik", - deyərək Riyad sözünü tamamlayır.
Riyadın sözlərinə əsgər yoldaşı Cavid Babayev də qoşulur və deyir:
- Tamamilə doğrudur, qəhrəmanlarımızın ömür yolu bizə vətənpərvərlik, sadaqət və fədakarlıq aşılayır. Biz bunun üçün hərbi xidmətə yollanmışıq. Vətənimizə, xalqımıza sevgimiz sonsuzdur və dövlətimizə sədaqət andı - Hərbi And içmişik. Əldə silah, ürəkdə Vətən sevgisi hər bir döyüşə girərək qalib çıxmağa hazırıq. Azərbaycan əsgərinin döyüş əzminə şübhə ola bilməz.
Əsgərlər Elman Mustafayev, Elçin İbrahimov, Fərhad Cəbiyev və Ülvi Mehdiyev də komandir və əsgər yoldaşları ilə həmfikir olduqlarını bildirirlər. Bacarıqlı əsgər kimi nümunəvi xidmət edəcəklərinə söz verirlər. Məğrur Azərbaycan əsgərinə baxdıqca şairin "Yaşa-yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" misralarını xatırlayırıq. Və düşünürəm ki, belə oğullar olduqca, Azərbaycanımız əbədi yaşayacaq.
İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR