Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2023 14:00

Şəhidin anım mərasimi keçirilib

Kürdəmir rayonunda İkinci Qarabağ müharibəsi şəhidlərindən olan əsgər Ziyadxan İbrahim oğlu Əliyevin anım mərasimi keçirildi.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Kürdəmir rayon ictimaiyyət nümayəndələri, hərbi qulluqçular və Azərbaycanın digər bölgələrindən olan şəhid valideynləri iştirak etdilər.

Əvvəlcə Kürdəmir rayon Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edildi, önünə əklil və gül dəstələri düzüldü. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən mayor Qorxmaz Mehdiyev şəhidin həyatı və döyüş yolu haqqında qısa danışaraq bildirdi ki, o, 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olsa da, yurd-yuvasından didərgin salınaraq Kürdəmirdə məskunlaşıblar. 2019-cu ildə hərbi xidmətə yollanan Ziyadxan Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə Suqovuşan istiqamətindən qatılıb. Tibb məntəqəsinin heyətində yaralıların döyüş meydanından təxliyyə edilməsində iştirak edib. Gərgin döyüşlər zamanı vəzifə borcunu yerinə yetirərkən düşmən snayperinin atəşi nəticəsində oktyabrın 1-də şəhidliyə ucalıb. Oktyabrın 2-də Kürdəmir rayon Şəhidlər xiyabanında dəfn olunub. 

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ziyadxan Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Cəsur döyüşçü", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

Hərbi Hava Qüvvələrinin zabiti Nəsimi Babaşov şəhidin ailəsinə başsağlığı verərək deyib: "Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, qalib Azərbaycan xalqı öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdi. Bu gün biz də unudulmaz anın qəhrəmanı olan şəhid Ziyadxan Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət etmişik. Allahdan hər bir şəhid ailəsinə, yaxınlarına səbir, özlərinə isə rəhmət diləyirəm".

Anım mərasimində polkovnik Namiq Bayramov da çıxış edərək vurğuladı ki, şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət göz qabağındadır. Bizlər də belə tədbirlər təşkil etməklə şəhidlərimizi gənclər üçün nümunə göstərməliyik.

Sonra şəhidin xatirəsinə mərasim düzənlənib, ruhuna dualar oxunaraq ehsan süfrəsi açılıb.

 

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"