Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2023 14:00

“Vətənin hər qarış torpağı üçün döyüşmək qürurvericidir”

Neçə illər idi ki, Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağın işğalı dövründə Vətənini, xalqını, torpağını sevən hər bir azərbaycanlının ürəyində bir hüzn və kədər vardı. Hər dəfə "cəbhə xəttində atəşkəs yenə pozuldu" xəbərlərini eşitdikcə səbirlər tarıma çəkilirdi. 2020-ci il sentyabrın 27-də yenə də qarşı tərəf genişmiqyaslı təxribata əl atdı. Mövqelərimizə hücuma keçən mənfur düşmənə "Dayan!" deməyin zamanı gəlmişdi. Ali Baş Komandanın əks-hücum əmri verməsi ilə ordu və xalq onun ətrafında sıx birləşdi. Hər kəs bilirdi ki, döyüş meydanında qisas almağın vaxtıdı. Tək istək, bir amal var idi - doğma torpaqlarımızı işğaldan azad etmək. İstəyi və amalı bir olan igid oğulların şücaəti ilə torpaqların azad olunmasına nail olundu. Vətən uğrunda döyüşən belə oğullardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Murad Məhərrəmovdur.

Murad əslən Ağdam rayonundandır. Lakin doğma yurd-yuvalarını görmək qismət olmamışdı. Tale elə gətirdi ki, bir hərbçi kimi məhz Ağdam istiqamətində gedən döyüşlərin iştirakçısı oldu. Vətən müharibəsində göstərdiyi şücaətə görə döyüşlərdən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" və müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli" medalları ilə təltif olunub.

"Vətənin hər qarış torpağı üçün döyüşmək qürurdur. Valideynlərimin doğulub yaşadığı Ağdamın azadlığı uğrunda döyüşmək isə ikiqat qürurverici idi", - deyə Murad Məhərrəmov söhbətə başladı. "Əks-hücum əmri veriləndə çox sevindik. Top komandiri olaraq mən və tabeliyimdə olan heyət verilən hədəfləri tez bir zamanda məhv etdik. Düşmənin artilleriya və minaatan qurğularını, canlı qüvvəsini dəqiq zərbələrlə darmadağın etməyi bacardıq. Kəşfiyyat məlumatları əsasında atdığımız mərmilərin dəqiq hədəfə dəyməsini öyrəndikcə sevincimiz yerə-görə sığmırdı. 

Bu gün Qarabağımız tam azaddır. Şanlı üçrəngli bayrağımız illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızda dalğalanır. Hərbçilərimiz Şuşada, Kəlbəcərdə, Ağdamda, Zəngilanda və digər azad olunan bölgələrdə şərəflə xidmətlərini davam etdirirlər. Mən də güclü Azərbaycan Ordusunun fərdi olaraq ata-baba yurdum olan Ağdamda xidmətimi davam etdirdiyim üçün qürurluyam".

 

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"