Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2023 14:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü

 

Suallar:

 

1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.

 

2. XX əsrin axırlarında erməni ekstremizmi. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin yaranma tarixi.

 

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi

 

Yerləşdiyi coğrafi əhəmiyyətinə və enerji mənbəyinə görə "Avrasiyanın dayaq nöqtəsi" kimi xarakterizə olunan, eyni zamanda, tarixən geosiyasi maraqların toqquşduğu bölgə olan Cənubi Qafqaza əsrlər boyu imperialist güclər sahib olmağı hədəfləmiş və bu yolda təhlükəli silah kimi başlıca rol oynayan ermənilərdən istifadə etmişlər. Ermənilər ənənəvi olaraq həmişə özlərinə havadarlar tapmış, regionda yad qüvvələrin maraqlarına qulluq edərək, qonşularını satmış, bunun müqabilində isə aldıqları yüksək mənsəblər, yeni-yeni ərazilər, var-dövlət olmuşdur.

"Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni ideoloqlarının uydurduğu "dənizdən-dənizə Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.

1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci, 1915-1920-ci illərdə Bakıda, bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı, eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarının siyasətinin ilkin mərhələləri idi. 

1917-ci ildə çar Rusiyasında baş vermiş Oktyabr inqilabı nəticəsində, milliyyətcə erməni olan Stepan Şaumyanın başçılıq etdiyi bolşevik hakimiyyəti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısında idi, əslində, həmin ordu Erməni Milli Şurasına tabe idi. Belə vəziyyətdən istifadə edərək Bakı Soveti və "Daşnaksütyun"dan olan erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. Bu dəhşətli soyqırımı nəticəsində 1918-ci il ərzində 40 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Çar Rusiyasının süqutunun ardınca, İrəvan quberniyasının ərazisində erməni dövləti yaradılmış, Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilmiş və nəticədə onun ərazisi 9 min kv.km-dən 29,8 min kv.km-ə çatdırılmışdır. 

Ermənilərin Qərbi Azərbaycanda və Qarabağda məskunlaşması tarixinə nəzər salaq:

Səfəvilərin vaxtında Azərbaycan inzibati-ərazi quruluşuna görə bəylərbəyliklərə bölünmüşdü. İndiki Ermənistanın ərazisi, Naxçıvan da daxil olmaqla, Çuxur Sədd bəylərbəyliyi adlanırdı. Çuxur Sədd bəylərbəyliyinin mərkəzi İrəvan qalası səkkiz yüz evdən ibarət olmuş və burada ancaq səfəvilər (yəni azərbaycanlılar) yaşamışdılar.

1736-cı ildə Nadir şah Azərbaycanda mövcud olmuş inzibati-ərazi quruluşunu - bəylərbəylikləri (Qarabağ, Şirvan, Təbriz və Çuxur Sədd) ləğv etdi və həmin ərazilərdən ibarət mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayətini yaratdı. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Azərbaycanın ərazisində müstəqil xanlıqlar, o cümlədən İrəvan xanlığı yarandı.

1804-1813-cü illərdə çar Rusiyası ilə Qacarlar (İran) dövləti arasındakı müharibə Gülüstan müqaviləsinə əsasən Azərbaycan ərazisinin əksər hissəsinin, 1828-ci il Türkmənçay müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqları da (Azərbaycan dövlətinin 210 min kv.km ərazisi İrana, 130 min kv.km. ərazisi isə Rusiyaya) çar Rusiyasının nəzarətinə keçdi. Osmanlı dövləti ilə çar Rusiyası arasında aparılan 1828-1929-cu illər müharibəsinin sonunda isə, Ədirnə sülh müqaviləsi bağlanıldı. Tükmənçay müqaviləsinə görə 40 000 erməninin, Ədirnə müqaviləsinə görə isə 90 000 erməninin İran və Anadoludan Tiflis, İrəvan və Naxçıvan bölgələrinə köçürülməsi razılaşdırılmışdı və bununla da ermənilərin Azərbaycan torpaqlarına kütləvi yerləşdirilməsi əzəli Azərbaycan torpaqlarının erməniləşdirilməsi və yerli əhalinin sıxışdırılması prosesinə başlanıldı. 

Ermənilərin havadarları tərəfindən Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasəti sonralar da kütləvi şəkildə aparılmaqda davam etmişdi. Statistik göstəricilərə görə, yalnız 1828-1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. 

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Azərbaycan Ordusu köməyə gələn türk qoşunlarının köməyi ilə erməni silahlı birləşmələrinə qarşı bir sıra uğurlu əməliyyatlar apararaq azərbaycanlıların kütləvi qırğınının qarşısını ala bildilər. Lakin türk qoşunları Azərbaycanı tərk etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra Ermənistan rus bolşeviklərinin dəstəyi ilə 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ələ keçirə bildi.

Azərbaycan xalqı sovet imperiyasının tərkibində də terrora, kütləvi qırğınlara, deportasiyalara məruz qalmışdır. SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda görünməyən soyqırımına - deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir. Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə etmiş və azərbaycanlıların yaşadıqları ərazilərdə həyata keçirilmişdi.

 

XX əsrin axırlarında erməni ekstremizmi. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin yaranma tarixi


Sovet hakimiyyəti illərində öz məkrli niyyətlərini gizlədən ermənilər ermənipərəst Mixail Qorbaçovun (1985-1991-ci illərdə SSRİ rəhbəri olmuşdur) SSRİ rəhbərliyinə gəlişindən sonra fəal hərəkətlərə keçdilər. 1985-ci ilin dekabrında ABŞ-dakı erməni inqilabı federasiyası (daşnak partiyası) və erməni milli komitəsi Birləşmiş Ermənistan yaratmağı özlərinin strateji vəzifəsi elan etdi. "Birləşmiş Ermənistan" Naxçıvanı, Qarabağı və Gürcüstanın tərkibində olan Axalkalakini də özündə birləşdirməli idi. Mixail Qorbaçovun milli siyasət sahəsində buraxdığı kobud səhvlərə qarşı öz etirazını bildirməklə ermənilərin planlarının həyata keçməsinə mane olan görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan dərhal sonra, 1987-ci ilin noyabrında Qarabağda yaşayan ermənilər öz separatçı tələblərini irəli sürdürərək Azərbaycan Respublikası ərazisində "ikinci erməni" dövlətini yaratmağa cəhd göstərdilər.

1988-ci ildə ermənilər Azərbaycana qarşı torpaq iddialarıyla ekstremist çıxışlara başladılar.

1988-ci ilin iyununda erməni dəstələri azərbaycanlılar yaşayan Zəngibasar vilayətinin Uluxanlı qəsəbəsinə (Masis rayonu) və Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Uluxanlı qəsəbəsində müdafiəsiz qalmış 3 mindən çox azərbaycanlı evlərindən çıxarılmışdı. Həmin ilin noyabr-dekabr aylarında Ermənistan SSR-nin azərbaycanlı əhalisi yaşayan kəndlərə ərzağın göndərilməməsi, elektrik xətlərinin kəsilməsi, kəndlərə silahlı basqınlar edilməsi kimi səbəblərdən soydaşlarıımız öz tarixi Vətənindən qaçqın düşməyə məcbur edildi. Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-89-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqəsi boşaldıldı. Ermənistanın Mehri rayonunda qalmış axırıncı azərbaycanlı kəndi Nüvədi 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, Ermənistandan 200 mindən artıq azərbaycanlı tarixi-etnik torpaqlarından qovuldu. Ermənistan SSR-nin rəhbərliyi azərbaycanlıların deportasiyasını başa çatdırdıqdan sonra Ermənistan Respublikası Ali Sovetinin qərarı ilə 90 türk mənşəli yaşayış məntəqəsinin adı dəyişdirildi. 

Əsrin əvvəllərində olduğu kimi, sonlarında da ermənilərin azərbaycanlılara qarşı ən qanlı cinayətlərdən biri, azərbaycanlıların kütləvi soyqırımını - Xocalı faciəsini törətdilər. Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycan Respublikasının Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis-Ayrım kəndinin, Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı, Ağdaban, Ballıqaya kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.  

Bütün dünya bir sadə həqiqəti anlamaq istəmirdi ki, ermənilərin qərəzli, məkrli planlarını həyata keçirərək Qarabağda 120 000 erməninin monoetnik, daha sərbəst və "ərköyün" yaşaması üçün 1 200 000 azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşmüşdü, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Dünyanın böyük hissəsi bu qlobal miqyaslı faciəyə və ədalətsizliyə laqeyd qaldı. Lakin Azərbaycan dövləti və xalqı bu faciələrə və çətinliklərə rəğmən, ayaq üstə durmaqda davam etdi və bütün sahələrdə inkişaf yolunu tutdu. 

İşğalçı Ermənistan dövləti törətdiyi əməllərə görə cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmaq qərarına gəldi. Bu məqsədlə 2016-cı ilin aprel, 2020-ci ilin isə iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlar törətdi. Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan yararlanaraq, təcavüzkarı sülhə məcbur etmək, torpaqlarımızın işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün çəkən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan dövlətinin və Azərbaycan xalqının apardığı çoxillik mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Respublikasının Prezidentİ, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hələ döyüşlərin qızğın vaxtında Azərbaycan Ordusunun güc-qüdrətinin belə yüksək səviyyəyə çatmasının təsadüfi olmadığını xüsusi vurğulayaraq deyib: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir...".

Bu gün artıq "Dağlıq Qarabağ" yoxdur, onun əvəzində Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu varsa, deməli, Qərbi Zəngəzur da olacaq, çünki bu tarixi zərurətdir. Azərbaycan Respublikasının Prezidentİ cənab İlham Əliyev gələcək üçün doktrina ortaya qoyur və xalq-ordu birliyi ilə azərbaycanlıların öz dədə-baba torpaqlarına dönüşünü tarixi missiya kimi tamamlayacaqdır.

2022-ci ildə Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində erməni terror-təxribat silahlı dəstələrinə qarşı keçirilən Fərrux və "Qisas" əməliyyatları şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək vətənpərvərliyini, dövlətə sədaqətini, ordumuzun gücünü Ermənistan və onun havadarlarına, həmçinin bütün dünyaya göstərdi. Bu gün Azərbaycan Ordusunun qarşısında respublikanın suverenliyini, ərazi bütövlüyünü və dövlətçiliyin müdafiəsini ayıq-sayıq qorumaq vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla, Azərbaycan Ordusunun qüdrətini daha da artıraraq Azərbaycan xalqının əzəli torpaqlarında sülh şəraitində yaşamasını təmin edəcəkdir. 

 

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi