Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2023 14:00

Bu qətiyyət, bu qürur Zəfər nişanəsidi

Sübh çağıdır. Vətən müharibəsində zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş ərazilərdə yaradılmış komando hərbi hissəsindəyik. Zabitlər və əsgərlər gündəlik xidməti tapşırıqlarını yerinə yetirirlər. Hərbi hissə ucalıqlar qoynunda yerləşir, hava bir az soyuqdur. Dünəndən yağan yağış axşama yaxın dayanıb. Ağlı-qaralı buludlar uca dağların arxasına çəkilib. Gömgöy səma günəşin al-əlvan şəfəqlərinə bürünüb, üzümüzə gülümsəyir. Təbiətin əsrarəngiz mənzərəsini seyr etməkdən zövq alırıq. Belə gözəl bir məkanda xidmət etmək zabit və əsgərlərimiz üçün də olduqca xoşdur. Ruhən doğma sakinlərini qoynunda hiss edən torpağın da, daşın da üzü gülür.

Gəlişimiz təlim vaxtına təsadüf etmişdi. Komandoların sıra yerişi, cəld-çevik hərəkətləri könlümüzə yatır. Zabit və əsgərlərin üzündən qürur, iftixar və məğlubedilməzlik hiss edilir. Komandolarımız növbəti təlim keçəcəklər. Onların təlimlərini izləmək, bacarıqlarını, hazırlıqlarını yaxından görmək bizə də qismət olacaq. Təlimin keçirilməsi üçün bölüklərdə ciddi hazırlıq işləri gedirdi. 

Şəxsi heyətə əmr və tapşırıqlar verən mayor Gündüz Mirzəyev fərəh hissi ilə dedi ki, zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Hərbi hissənin şəxsi heyəti İkinci Qarabağ müharibəsində iştirak edib. Buna görə də kifayət qədər döyüş təcrübələri var. Onlar təlimlərdə fəal iştirak edir, döyüş hazırlıqlarını daim artırırlar. Daha müasir döyüş vərdişlərinə yiyələnirlər. Zabit və əsgərlərimiz komando hərbi hissəsində xidmət etmələrindən qürur duyurlar. Onlar bu hərbi hissədə xidmətin mahiyyətini mərhələ-mərhələ öyrənirlər. 

"Həyəcan" çağırışı verilir. Komandolar qısa müddət ərzində qərargahın qarşısında düzülürlər. Bölmə komandiri əsgərlərə tapşırıqlarını verir. Şəxsi heyət gizli şəkildə düşmənin ərazisinə keçməli və qarşılaşdığı bütün hədəfləri dəf etməli, baş verə biləcək təxribatların qarşısını almalıdır. 

Təyin olunmuş əraziyə çatan kimi tapşırığın təyinatına uyğun olaraq zabit və əsgərlər təlimə başladılar. Kəşfiyyat qrupu qısa müddət ərzində şərti terrorçuların yerini müəyyənləşdirdi. Sonra onları məhv etmək üçün əməliyyat planı hazırlandı. Əlverişli an yaranan kimi komandolar "terrorçuları" məhv etmək üçün əməliyyata başladılar. Qısa müddətdə ətrafı atəş səsləri bürüdü. Şərti terrorçular təslim olmaq istəmir, ciddi müqavimət göstərirdilər. Komandolar bacarıqlarını səfərbər edərək verilən tapşırığı vaxtında yerinə yetirməyə çalışırdılar. Onların cəld hərəkətləri yüksək hazırlığın təsdiqidir. Komandolar da tapşırığı yerinə yetirməkdə çox qətiyyətlidirlər. "Terrorçuları" zərərsizləşdirmə ərəfəsində ətraf tüstü dumanında görünməz oldu. Atəş səsləri daha da gücləndi. Çox keçmədi ki, "terrorçular" zərərsizləşdirildi. Qarşıya qoyulan tapşırıq yüksək səviyyədə yerinə yetirildi...

Hərbçilərlə söhbət etdik. Söhbət zamanı öyrəndik ki, təlimdə iştirak edən komandoların hamısı İkinci Qarabağ müharibəsində cəsarətlə döyüşüblər. Döyüşlərdə ön sıralarda vuruşublar. Belə cəsur oğulların igidliyi sayəsində 30 ilə yaxın erməni tapdağında qalmış torpaqlarımız işğaldan azad olunub. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rəşad Əliyev 2007-ci ildən ordumuzun sıralarındadır. Ötən müddət ərzində xeyli təcrübə toplayıb, ona təhkim olunmuş silahın sirlərini dərindən bilir, hədəfləri dəqiq vurur. Kiçik çavuş Rəşad Əliyev dedi ki, orduda xidmətə başladığım ilk günlərdən mən də torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək istəyirdim. Vətən müharibəsi başladı. Müharibənin ilk günlərindən sonadək vuruşdum. İkinci Qarabağ müharibəsi ordumuzun böyük Zəfəri ilə başa çatdı. Torpaqlarımızı işğaldan azad etdik. Bu gün xidmətimi qalib ordunun qalib əsgəri kimi qürurla davam etdirirəm. Hazırda Vətən borcumu yeni yaradılmış komando hərbi hissəsində yerinə yetirirəm. Təlimlərdə təcrübəmizi daha da artırırıq. Yeni-yeni döyüş vərdişlərinə yiyələnirik. İnanırıq ki, qazandığımız bu döyüş təcrübəsi, yüksək hazırlıq bizi yeni-yeni uğurlara çatdıracaq.

- Komando hərbi hissəsində xidmət etməkdən qürur duyuram, - deyə gizir Şükür Əliyev söhbətimizə qoşuldu. - İkinci Qarabağ müharibəsində vuruşmuşam. Döyüşlərdə üzərimə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlmişəm. Döyüşlərdə iştirakıma görə bu gün çox qürurluyam. İndi komando hərbi hissəsində xidmət edirəm. Məsuliyyətim daha da artıb. Çünki komando olmaq hərbçidən daha çox cəldlik, çeviklik və yüksək döyüş hazırlığı tələb edir. Gördüyünüz kimi, biz bu yüksək hazırlığa yiyələnmək, onu daha da artırmaq üçün təlimlər keçirik. Hər gün məşqlərdə, təlimlərdə iştirak etməklə yeni döyüş vərdişlərinə yiyələnirik. Yaxşı bilirik ki, komandolar düşmənə daima qalib gələnlərdir, Vətən uğrunda əzmlə vuruşanlardır, xalqa qələbə sevinci yaşadanlardır. Bu gün növbəti təlimimizi keçdik, ərazidə gizlənmiş "terrorçuları" aşkar edib zərərsizləşdirdik.  Əsgərlərimiz qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirdilər. Şərti terrorçuları itki vermədən, vaxtında  yaxaladıq. Təlimlərimiz çox səmərəli keçir. Elə buna görə də müasir döyüş vərdişlərinin sirlərinə dərindən yiyələnirik. Hava şəraitindən asılı olmayaraq, təlimlərimiz, dərslərimiz təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq davam edir. Biz komandolar istənilən hava şəraitində qalib gəlməyə qadirik. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səttar Şapıyev də İkinci Qarabağ müharibəsində iştirakından, keçdiyi döyüş yolundan danışdı. Qazandığı uğur və qələbələrdən geniş söhbət açdı. Onu da dedi ki, müharibədə qazandığımız zəfərin davamlı olmasını təmin etmək üçün yenə də təlim keçir, döyüş hazırlığımızı daha da yüksəldirik. 

Zabit və əsgərlərlə söhbət edərkən onu da öyrəndik ki, döyüşlərdə göstərdikləri igidliyə və hünərə görə bu hərbçilərin hamısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallara layiq görülüblər.

Təlim uğurla başa çatdı. Mayor Gündüz Mirzəyev şəxsi heyətin hazırlığından razı qaldığını bildirdi. Belə bacarıqlı, peşəkar hərbçilərlə yeni-yeni zəfərlər qazanacaqlarını dedi.

...Zabit və əsgərlərin üzündə yorğunluq hiss olunmurdu. Əksinə, komandoların çöhrələrindən sevinc oxunurdu, sözlərindən qələbə müjdəsi duyulurdu, hərəkətlərində zəfərin nişanələri vardı. Onlar xeyli məşq edib zəngin təcrübə qazandıqlarına görə belə dərslərə alışıblar, belə sınaqlara vərdiş ediblər. İnanırıq ki, komandoların çöhrələrindəki bu sevinc, sözlərindəki bu qələbə ovqatı, hərəkətlərindəki Zəfər nişanəsi onları heç vaxt tərk etməyəcək.

 

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR