Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Yanvar 2023 12:40

Tarix mənəvi hazırlıq dərsliyidir

20 Yanvar hüzn gününə həsr olunan tədbirdən sonra kursantlarla söhbət etdik. Kursantların danışığından savadlı hərbçi kimi hazırlıqlı olmaları ilə yanaşı mənəvi-psixoloji vəziyyətlərinin səviyyəsinin yüksək olduğunu da hiss etmək olurdu. Onların səsində inam da var, qürur da. Şübhəsiz ki, bu qürur Vətən müharibəsində zəfər qazanan hərbçilərin davamçıları olmağın qürurudur. İkinci Qarabağ müharibəsində bu qüruru mövqe döyüşündə mühüm qələbə qazanmış əsgərlərin baxışlarında görmüşdüm. Onda döyüşçülərdən biri demişdi:
"Biz tarixi döyüşlərin iştirakçısıyıq, tarixi qələbələr qazananların sırasındayıq. Döyüşlərimiz Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona yetirəcək". Döyüşçünün sözlərindən çox qürurlanmışdım. Həmin əsgərin dediyi kimi tarixi torpaqlarımıza qələbəylə döndük. Bu gün də həmin qüruru yaşadanların əhatəsində dövlət müstəqilliyimizin mücahidlərinin mübarizəsindən, azadlıq tariximizə qanla yazılan 20 Yanvar gecəsindən, o mübarizədə şəhid olanlardan, o şəhidlərin ruhuna dünyəvi ehtiramdan danışırıq. Bunu özümüzə mənəvi borc bilirik. 20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq xalqımız həmin günü hər il xatırlayır, azadlığımız uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir. Həmin tarixdə bu kursantlar olmasalar da tarixi öyrənib, yaddaşlarına həkk ediblər:
Kursant İlkin Xəlilov:
- Atam deyirdi ki, Bakıda insanlar Azərbaycanın müstəqilliyi üçün mitinqə toplaşırdı. Tələb təkcə Ermənistanın törətdiklərinin qarşısının alınması ilə bağlı deyildi, həm də Azərbaycanın dövlət müstəqilliyinin bərpası idi. SSRİ hökuməti Azərbaycanda davam edən bu hərəkatı məhv etmək üçün müxtəlif üsullardan istifadə etsə də niyyətinə nail ola bilmədi. Onda daha ağır bir tədbir həyata keçirərək Bakıya qoşun yeritdi. Qanlı yanvar faciəsini törətdi. Bakının küçələri döyüş meydanına dönmüşdü. Sovetlər birliyinin göndərdiyi qoşun şəhərini küçələrində tanklarla dolaşır, qarşılarına çıxan maşınları əzib keçir, misli görülməmiş vəhşiliklə qətliamlar törədirdi.
Kursant Rəmzi Bəşirov:
- Orta məktəbdə hər il 20 Yanvar haqqında ayrıca dərs keçirdik. Müəllimimiz deyirdi ki, əhaliyə bu haqda informasiya veriləcəkdi. Ancaq Bakıya göndərilmiş qoşun komandanının əmri ilə televiziyanın enerji bloku partladıldı. Əhali də, mitinq iştirakçıları da Bakının küçələrini bürüyən ölümlərdən xəbərsiz oldu. Azğınlaşmış əsgərlər qarşılarına çıxanları, qocaları, uşaqları, yaralılara köməyə tələsən "Təcili yardım" maşınlarını güllələydilər. Şəhidləri xalq dəfn edib. Mitinqlərdə də minlərlə azərbaycanlı iştirak edirmiş, dəfndə də. Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edilib. İndi ora Şəhidlər Xiyabanıdır. Azərbaycan xalqı hər zamankı kimi həmin gün də, həmrəyliyini, birliyini nümayiş etdirdi. Qəhrəman xalqımız azadlıq naminə ölümün üstünə getdi. Mübarizələri ilə müstəqilliyimizin tarixini yazdılar.
Kursant Eldar Hüseynov:
- Televiziya verilişlərinin birindən eşitmişəm ki, "Zərbə" adı verilən bu əməliyyat ilə müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu Bakıya daxil olub. Nəticədə yüzlərlə insan öldürülüb, yaralanıb, qanunsuz olaraq həbs edilib. Bunlar sovet imperiyasının Azərbaycanı öz tərkibində saxlamaq istəyinə görə törədilmişdi. Ona görə də dünya ictimaiyyəti bu faciənin SSRİ-nin sonu olacağını demişdi. Ulu Öndər Heydər Əliyev onda Moskvada yaşayırdı. Faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında   faciəni törədənləri, onların timsalında İmperiyanı qınadı, günahkarların cəzalandırılmasını tələb etdi. Ən böyük günahkar İmperiya xisləti idi. Ulu Öndər ən böyük azərbaycanlı kimi yenə də doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi.
Kursant Sultan Əliyev:
- Yeddinci sinifdə oxuyurdum. Atam qonşumuzla söhbət edirdi. Onda bir faktı da xatırlatmışdı. İndi də yadımdadı: Britaniyanın "The Guardian" qəzeti 1990-cı il yanvarın 20-də "Bakı küçələri uğrunda savaş" başlığı ilə xəbər dərc etmişdi. Məqalədə deyirdi ki, Sovet qoşunları Azərbaycan millətçilərinə qarşı hücuma keçib: "Sovet tankları bu səhər tezdən barrikadaları yararaq üsyankar Bakı şəhərinə daxil olublar. Milli hərəkatın nümayəndələrinin bildirdiyinə görə, onlar müqavimət göstərən hər kəsə atəş açıblar".
Doğrudan da, 20 Yanvar faciəsi müstəqillik mübarizəmizin tarixidir. Neçə-neçə igid oğul və qızlarımız adlarını bu tarixə qanla yazdılar. Şanlı Azərbaycan bayrağı müstəqil dalğalansın deyə şəhidlik zirvəsinə ucaldılar. Hamı bilir ki, bu bayraq bir daha enməyəcək. Azərbaycan əsgəri bu qətiyyətin əsgəridir. Hərbi qulluqçuların 20 Yanvar faciəsi haqqında dedikləri onların mənəvi hazırlığının, və yüksək döyüş hazırlığının davamıdır...
Əsgərlərlə bu söhbətimiz təsdiqlədi ki, tarix mənəvi hazırlıq dərsliyidir...
 
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"