Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Yanvar 2023 12:40

İstehkamçılarımız ən gərəkli peşə sahiblərindəndirlər

İkinci Qarabağ müharibəsi zamanı qələbənin qazanılmasında mühəndis-istehkam hərbi hissələrinin şəxsi heyəti də fədakarlıq, igidlik nümunələri göstərdi. Onlar müharibədən sonra da azad olunmuş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının təmizlənməsində fədakarcasına çalışırlar. Görülən işlərin keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Ordusunun digər təminatları ilə yanaşı, mühəndis təminatı daha da yaxşılaşdırılır.
Azad olunmuş ərazilərimizdən minaların və partlamamış döyüş sursatlarının təmizlənməsində "N" hərbi hissəsinin mühəndis-istehkam bölüyünün də əməyi var. Peşələrinin özəl xüsusiyyətləri bölüyün istehkamçılarına xüsusi xidmət tərzi diqtə edir. Onlar xidmətlərinin özəlliklərini nəzərə alaraq ciddi və məsuliyyətli davranırlar. Həm də gərəkli bir sahədə çalışdıqlarını anlayır, başqalarına örnək olmağa can atırlar. Söhbət zamanı öyrənirik ki, bölmədə yetərincə təcrübəli, hazırlıqlı, bir sözlə, peşəkar zabit heyəti xidmət edir.
Həqiqətən, bölüyün xidmətindən aydın görünür ki, zabitlər qısa müddətdə əsgərlərə yüksək səviyyədə bilikləri aşılamağı bacarıblar. İstehkamçıların birbaşa ixtisas hazırlığıyla bağlı aparılan çalışmalarla yanaşı, burada məsələnin psixoloji tərəfinə də ciddi diqqət yetirilir. Seçdikləri sahədən irəli gələn tələblərə uyğun olaraq səbrli və dözümlüdürlər.
Müşahidə etdiyimiz bölüyün ixtisas dərsində əsgərlər Qafar Qafarlı və  baş istehkamçı əsgər Əzizağa Qoçəliyev şərti olaraq düşmənin piyada və tank əleyhinə minalanmış sahəsində zərərsizləşdirmə prosesini məşq etdilər və müasir mühəndis qurğularından istifadə bacarıqlarını göstərdilər. Əmin olduq ki, dərslər istehkamçıların hazırlığını daima artırır, onların qazandıqları təcrübəni daha geniş tətbiq etməyə imkan yaradır.  
Söhbət zamanı onu da öyrənirik ki, Əzizağa Qoçəliyev işğaldan azad olunmuş Ağdam şəhərinin minalardan təmizlənməsində fəal iştirak edib. Hərbi xidmətdə qazandığı nailiyyətlərə görə iki dəfə hərbi hissə komandiri tərəfindən fəxri fərmana layiq görülüb.
Əsgər Qafar Qafarlı isə işğaldan azad edilmiş ərazilərimizin tezliklə minalardan təmizlənməsi işinə onun da cəlb olunacağını və bu günü səbirsizliklə gözlədiyini deyir. Çünki dərslərdə və təlimlərdə mənimsədiyi nəzəri və praktiki biliklər ona bu imkanı yaradır.      
Əsgərlərlə söhbət zamanı Aprel döyüşlərində ön sıralarda irəliləyən mühəndis-istehkam bölüyünün təlim meydançasını tərk edərkən gənc zabit Yusif Alquliyevin dediklərini xatırladım:  
"Tezliklə Qarabağımızı erməni işğalçılarından azad edəcəyik, o zaman istehkamçıların qüvvə və bacarığına çox ehtiyacımız olacaq. Onu da yaxşı bilirik ki, düşmən o əraziləri bizə abad, təhlükəsiz qoyub getməyəcək. Biz istehkamçılar üçün müharibə bitdikdən sonra da davam edəcək, o vaxta kimi ki, əbədi və əzəli torpaqlarımız erməni işğalının sonuncu nişanələrindən də təmizlənəcək".

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"