Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2023 16:45

Döyüş əmrini yerinə yetirməyə hazırıq!

İkinci Qarabağ müharibəsi başlayanda orta məktəbdə oxuyurdum. Televiziyada gördüklərimiz biz şagirdləri də döyüşlərə səsləyirdi. Sinif yoldaşlarımızla qərara aldıq ki, döyüşə gedək. Müraciət etdik, yaşım az olduğu üçün aparmadılar. Müharibədə iştirak edə bilməsək də, döyüşlərdən uzaq olmadıq. O günlərdə yeganə təsəllim böyük şairimiz Səməd Vurğunun "Gözüm gözünüzdən uzaq olsa da, Könüldən-könülə yollar görünür" misralarıydı. Yəni, biz ruhən döyüşənlərin sırasındaydıq.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə tamamlandı. Biz hərbi xidmətə qalib əsgərlərin davamçıları kimi gəldik.
Hərbi Nizamnamələri öyrəndik. Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmətə başladıq. İkinci Qarabağ müharibəsində, "Qisas" əməliyyatında  iştirak etmiş zabitlərin, gizirlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların döyüş təəssüratlarını da maraqla dinləyirdik. Eşitdiyimiz sözləri müharibənin tarixi bilirdik. O söhbətlərin döyüş hazırlığımızda da əhəmiyyətli olurdu, mənəvi-psixoloji hazırlığımızda da.
Hərbi xidmətdə ictimai-siyasi düşüncələrimiz də formalaşır. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Komandirimiz bizə bu müsahibənin mahiyyəti haqqında ətraflı məlumat verdi, dövlət başçısının suallara cavablarının bəzi məqamlarını da xatırlatdı. Prezidentimizin "Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı". Biz də bütün azərbaycanlılar kimi bu fikirlərlə elə qürurlandıq ki! Bu qüruru Zəfərin davamı bilirik.
Vətən müharibəsində şəhid olanların bəziləri biz yaşda idilər. Yəni, biz həmyaşıdlarımızın yarımçıq qalmış ömür yolunu xidmətimizlə davam etdiririk. Hər təlimdə elə bilirik ki, onlar da sıramızdadırlar. O gün əsgər yoldaşlarımızdan biri təsnif zümzümələyirdi. Diqqət yetirdik, şəhid döyüşçü Xudayar Yusifzadənin şəhidliyindən bir neçə gün əvvəl oxuduğu təsnif idi. Onda bir daha əmin olduq ki, Xudayar bugünkü əsgərlərin hamısının hərbi xidmət yoldaşıdı...
Hərbi bilikləri mənimsəmişik. Bizə həvalə edilən atıcı silahların taktiki-texniki xüsusiyyətlərini mükəmməl öyrənmişik. Bu və ya digər təlimlərdə, dərslərdə döyüş hazırlığımızı daha da təkmilləşdiririk. Biz də Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırıq!
Ağstafa rayonundanam. Tərxis edildikdən sonra rayonumuza qayıdacam. Əzizlərimə də, dostlarıma da hərbi xidmətdən, təlimlərdən, əsgər yoldaşlarımın cəsarətindən danışacam. Onu da deyim ki, ordu sıralarından tərxis olunsaq da, yenə Vətənin əsgəriyik.

Cəlal ZEYNALOV "N" hərbi hissəsi