Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2023 16:45

Əsgərlərimizin bilikləri hərtərəfli inkişaf etdirilir

Raket və Artilleriya Qoşunlarının "N" hərbi hissəsində şəxsi heyətin asudə vaxtı maraqlı və səmərəli keçirilirdi. Asudə vaxtda onlar intellektual səviyyələrini yüksəldir, ölkəmizin qədim tarixini, coğrafiyasını, xalqımızın mədəniyyətini, adət-ənənələrini öyrənirlər. Bunun nəticəsidir ki, Azərbaycan əsgəri Vətəninə, tarixi köklərimizə, zəngin mədəniyyətimizə və milli irsimizə bağlı vətəndaş kimi formalaşır.
Kiçik leytenant Eşqin İbrahimovun nəzarəti altında ideoloji otaqda bədii və hərbi kitablar, jurnallar və qəzetlər oxuyan əsgərlərimiz biliklərini zənginləşdirirlər. "Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən hərbi hissəmizdə əsgərlərimizin asudə vaxtlarının düzgün təşkil edilməsi üçün hərtərəfli şərait yaradılaraq onların istifadəsinə verilib. Bunlar əsgərlərin mənən kamilləşməsinə müsbət təsir edir. Asudə vaxtın səmərəli keçirilməsinin nəticəsidir ki, əsgərlərimiz peşəkar bir döyüşçü kimi formalaşıblar. Şanlı Qələbəmizlə nəticələnən Vətən müharibəsi də bunun təsdiqidir. İkinci Qarabağ müharibəsinin döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusunun əsgəri Vətən naminə son damla qanına qədər döyüşməyə hazır və qadirdir", - deyə zabit bildirdi.
Əsgər Qasım Nağıyev asudə vaxtlarının səmərəli keçirilməyinin əhəmiyyətindən və ordu sıralarında əldə etdiklərindən danışdı: "Asudə vaxtımızda əsgər yoldaşlarımızla müxtəlif kitablar oxuyur, stolüstü oyunlar oynayır və televiziya verilişlərinə baxırıq. Mülki həyatda keçirdiyimiz günlərdən və maraqlı hadisələrdən söhbət edirik. Bu isə bir-birimizlə daha da səmimi olmağımıza, dostluq və qardaşlığımızın güclənməsinə də təsir edir. Bunun nəticəsidir ki, mən də özümə yaxşı dostlar qazanmışam. Onlarla dostluğum, əlbəttə ki, mülki həyatda da davam edəcək. Əsgər dostu ömür dostudur".
Xidmətinin çox hissəsini geridə qoyan əsgər Zamin Əlizadə yaradılan şəraitdən söz açdı: "Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən bizim üçün yaradılan şərait yüksək səviyyədədir. Müasir standartlara cavab verən isti yataqxana, yeməkxana, camaşırxana və inzibati otaqlar yüksək səviyyədədir. Yeməkxanalarda çalışan aşpazlar dadlı xörəklər bişirirlər. Komandirlərimiz də hər birimizə doğma münasibət göstərirlər. Onlar mütəmadi olaraq ailəmizlə əlaqə saxlamağa imkan yaradırlar. Xidmətimizi düzgün təşkil edirik, şəraitdən, göstərilən diqqət və qayğıdan hamımız razıyıq. Azərbaycan əsgəri adına layiq xidmət edirik".
Əsgərlər Rəhim Quliyev, Rəvan Məmmədov, Cavad Mustafazadə və başqaları sosial-məişət şəraitlərindən, komandirlərin onlara göstərdikləri doğma və isti münasibətdən, xidmətdə keçirdikləri xoş və yaddaqalan günlərindən danışdılar.
Əmin olduq ki, hərbi hissələrdə şəxsi heyət asudə vaxtlarından səmərəli istifadə edərək hərbi sirlərə dərindən yiyələnirlər. Onlar Ali Baş Komandanın döyüş əmrini Zəfərlə başa çatdıranların davamçılarıdırlar...

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"