Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2023 16:45

İşğalçılar qarşımızda dayana bilmirdilər

Cəlilabad rayonunun Babalı kəndində dünyaya göz açmışam. Kiçik yaşlarımdan elmə, biliyə böyük marağım olub. Dərslərimi həvəslə oxumuşam, kitablara ürəkdən bağlanmışam. Kitabları oxuduqca da həyatı dərk etmişəm. Orta təhsilimi başa vurandan sonra hərbçi olacağımı qət etdim. Bu, mənim uşaqlıq arzum idi. İllərdən bəri ürəyimdə özünə yer etmiş istəyimə çatmaq üçün 2015-ci ildə sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) verdim. Hazırlığım yüksək olduğuna görə qəbul olunacağıma, arzuma çatacağıma əmin idim. İmtahanlara da əminlik hiss ilə getdim.
Ümidlərim özünü doğrultdu, arzuma çatdım. Həmin gün sevincimin həddi-hüdudu yox idi. Sevincimə qoşulmuş yaxınlarım da məni ürəkdən təbrik edir, uğurlar arzulayırdılar. Dörd il ərzində hərbi təhsil ocağında yerüstü artilleriya ixtisasına yiyələndim. 2019-cu ildə hərbi təhsilimi başa vurub gənc zabit kimi ordu sıralarında xidmətə başladım.
Xidmətimin yaddaqalan günlərini yaşayırdım. Ali hərbi təhsil ocağında əxz etdiyim bilik və vərdişləri ordu sıralarında ilk addımlarını atan gənc əsgərlərə öyrədirdim. Xidmətimə böyük diqqətlə yanaşırdım. Çalışırdım əsgərlərə artilleriya qurğularının sirlərini dərindən öyrədim. Çünki hər an Qarabağ uğrunda döyüşlər başlaya bilərdi. Taqımda xidmət edən əsgərlər hərbi bilik və döyüş vərdişlərini həvəslə mənimsəyirdilər.
İlıq bir payız günündə - 27 sentyabr 2020-ci ildə gözlənilən gün həyatımıza qədəm qoydu. Erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Elə ilk günlərdən bölüyümüzü döyüşlərə cəlb etdilər. Əvvəlcə bizi Ağdam rayonu istiqamətinə gətirdilər. Həmin günlərdə torpaqlarımızın azadlığı uğrunda gərgin döyüşlər gedirdi. Üç gün bu istiqamətdə vuruşduq. Sonra komandanlıq bizi Füzuli rayonuna yolladı.
Füzuli  istiqamətində keçilməz sədlər quran işğalçılar ciddi müqavimət göstərir, geri çəkilmirdilər. Düşmənin məqsədi işğal günlərini uzatmaq, torpaqlarımızı əldə saxlamaq idi. Buna yol verə bilməzdik. Qəsbkarların mövqelərini artilleriya atəşinə tutduq. Mərmilər hədəflərdən yayınmırdı. Bir neçə gün ərzində ermənilərin mövqelərini darmadağın etdik. Gərgin döyüşlərdən sonra Füzuli rayonunun mərkəzi işğalçılardan azad olundu.
Sonra döyüşə-döyüşə Cəbrayıl rayonu istiqamətinə irəlilədik. Burada da düşmənin atəş mövqelərini, dayaq məntəqələrini sıradan çıxartdıq. Torpaqlarımızı işğaldan azad edə-edə xeyli irəlilədik. Döyüş yolumuz Zəngilandan, Qubadlıdan, Laçından keçdi. İşğalçıları ölkəmizin ərazilərindən qovaraq irəli gedirdik. Ermənilər qarşımızda dayana bilməyib qaçırdılar.
Azərbaycan Ordusunun zabit və əsgərləri döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərərək iyirmi səkkiz ildən çox erməni işğalında qalmış torpaqlarımızı azad etdilər. İşğala son qoyuldu. 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr vurduq. İşğalçılar üzərində qələbəmiz də bu zərbələrdən doğdu.
İkinci Qarabağ müharibəsində göstərdiyim hünər və cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "İgidliyə görə" medallarına layiq görülmüşəm.
Bu gün yenə də təlim-məşğələlər keçir, döyüş hazırlığımızı artırırıq. Həm mənəvi-psixoloji, həm də döyüş hazırlığımız yüksək səviyyədədir. Zabit və əsgərlərimiz hər an, hər dəqiqə döyüş tapşırıqlarını yerinə yetirməyə hazır və qadirdirlər.

Afiyəddin FEYZİYEV "N" hərbi hissəsi