Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2023 16:45

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan dövlətçiliyinin yaranma tarixi  və inkişaf mərhələləri

Suallar:
1. Qədim Azərbaycanda dövlətçilik ənənələri.

2. Orta əsrlər Azərbaycan dövlətləri haqqında.

3. XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində Azərbaycan dövlətçiliyi.

4. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir.   

Qədim Azərbaycanda dövlətçilik ənənələri

XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.
Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Tarixi Azərbaycan torpaqlarında dövlətçilik ənənələrinin təqribən 5 min illik tarixi var. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu-III minilliyin əvvəllərindən başlayaraq yaranıb. Eramızdan əvvəl I minilliyin və bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Midiya, Atropatena və Albaniya kimi qüdrətli dövlətlər mövcud olub.
Manna dövləti yalnız Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı mübarizə aparırdı. Eramızdan əvvəl VIII əsrin sonu-VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar.
Sonrakı dövrlərdə nə Əhəməni imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilməyib. Ölkəmizin Cənub torpaqlarında Atropatena, Şimalında isə Albaniya dövlətləri meydana gəlib. Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı. III əsrdə Azərbaycanı Sasani imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə çoxsaylı irandilli və ərəb mənşəli əhali köçürtdülər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi və Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində ölkənin bütün bölgələri arasında daxili əlaqələri və ticarət əlaqələri genişləndi. Azərbaycanın Şimal və Cənub, Şərq və Qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi.

Orta əsrlər Azərbaycan dövlətləri haqqında

Ərəb xilafəti dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. 600 ilə qədər davam edən sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, İslam dininin bütün ölkə ərazisində yayılması Azərbaycanın sonrakı inkişafında mühüm rol oynadı. Lakin Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış dövlətlərdən heç biri uzun tarixi dövr ərzində Azərbaycanın bütün ərazisini əhatə edən vahid, davamlı, qüdrətli dövlətə çevrilə bilmədi və davamlı siyasi sabitlik təmin olunmadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi. Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti xalqımızın etnik-siyasi tarixində xüsusi çəkiyə malikdir. Azərbaycan intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. XV əsrin sonu-XVI əsrin əvvəllərində görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. Dövlət dili Azərbaycan dili, paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının fəaliyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində Səfəvi dövləti qısa müddətdən sonra Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.
Beləliklə, XVIII əsrin ikinci yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli fürsət düşdü. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürüldü: Azərbaycanın Şimalı çar Rusiyasına, Cənubu isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.

XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsində Azərbaycan dövlətçiliyi

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı. Ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü. Dövlət bayrağı, himni və gerbi qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu və xalqın, milli dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atıldı.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri  olduqca mürəkkəb tarixi şəraitdə - erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və özlərinə dövlət qurmaq üçün torpaq iddiaları irəli sürməsi şəraitində, Batumi danışıqları nəticəsində əldə edilmiş kompromis varianta əsasən İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bu böyük tarixi səhv Azərbaycan xalqının həyatında növbəti faciələrə və ermənilərin davamlı ekspansiyasına (təsir dairəsinin genişləndirilməsi) yol açdı.
1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan idi. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti dövründə qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. Sovet hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyi çətin sınaqlar qarşısında qaldı. 1920-1922-ci illərdə Azərbaycanın artıq beynəlxalq birlik tərəfindən de-fakto tanınmış müstəqilliyi formal olaraq qismən qorunub saxlandı. 1922-ci ilin martında Cənubi Qafqazın üç respublikası (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlət - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) çərçivəsində birləşdirildi və bununla da formal müstəqillik tam aradan qaldırıldı. Sovet İttifaqı dövründə Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometrə bərabər olan ölkə ərazisi 86,6 min kvadratkilometrə qədər azaldıldı.
Azərbaycanda sovet hakimiyyətinə qarşı müqavimət qəddarcasına, sürgünlərlə, repressiyalarla cavablandırıldı. 1937-ci il repressiyaları zamanı sovet hakimiyyəti ilə barışmayan Azərbaycan xalqının görkəmli ziyalılarının əksəriyyəti müxtəlif bəhanələrlə həbs edildi, Sibirə, Qazaxıstan çöllərinə sürgün edildi, bir çoxu güllələndi.
1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi tarixi hadisə oldu. 1970-1980-ci illərin əvvəllərində respublika iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər, Azərbaycan aqrar respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin hazırladı.

Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə qovuşarkən özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi və qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzlərini bərpa etdi. Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi.  
Azərbaycanda dövlətçilik ənənələrinin bərpa olunub inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, beynəlxalq nüfuzunun sürətlə artması, məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi yenidən bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını formalaşdıran böyük dövlət xadimidir. Ötən əsrin 90-cı illərində 5 min illlik yaşı olan Azərbaycan dövləti parçalanmış vəziyyətdə olduğu vaxt, xalqın güclü idarəetmə qabiliyyətinə malik liderə ehtiyacı vardı. Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gələrək, pərakəndə halda olan dövləti inkişaf edən hüquq sisteminə çevirməyə müvəffəq oldu və ölkədə dövlətçilik ənənələrini formalaşdırdı. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasətinin layiqli varisi olaraq, xalqın etimadına söykənən siyasi fəaliyyəti ilə ölkəni ən qabaqcıl dövlətlər sırasına yüksəltməkdə davam edir. Çıxışlarının birində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: "Müstəqilliyi bərpa etdikdə, biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən, siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı. Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən, siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir".  
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün təmin olunması dövlətçilik ənənələrinin bərpa edilərək inkişaf etdirilməsinin bariz nümünəsidir.
        
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi