Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2023 16:45

Döyüşlərə qələbə ruhu ilə gedirdik

Hələ orta məktəbdə oxuyan dövrdən hərbçi olmaq arzusu ilə yaşayırdım. Çünki bu peşə sahibləri Vətən torpaqlarının keşiyini çəkir, yurdu, el-obanı qoruyurlar. Ürəyimi isidən bu arzuya çatmaq üçün bütün sınaqlardan keçməyə özümdə böyük güc hiss edirdim. Qoynunda dünyaya göz açdığım Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Püsyan kəndində hərbçilər çox idi. Mən də onlardan biri olmaq istəyirdim.
Nəhayət, arzuma qovuşmaq üçün zaman yetişdi. Valideynlərimin də mənəvi dəstəyi ilə Heydər Əliyev adına Hərbi Liseyə qəbul oldum.
Liseydə hərbi biliklərə yiyələndim. Dərslərlə yanaşı, hərbi vərdişləri də öyrəndim. Çox sevinirdim ki, hərbçi olacağam, zabit kimi ordumuzun sıralarında xidmət edəcəyəm. 2014-cü ildə imtahanlardan uğurla keçib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldum. Ali hərbi təhsil alaraq artilleriya ixtisasına yiyələndim.
2018-ci ildə "N" hərbi hissəsində xidmətə başladım. Zabit kimi qarşımda müqəddəs bir vəzifə dayanmışdı. Yurdumuzu erməni işğalçılarından göz bəbəyimiz kimi qorumalıydıq, uzun illərdən bəri işğalda qalmış torpaqlarımızı azad etməliydik. Xidmətimin ilk günlərindən artilleriya qurğularının sirlərini gənc əsgərlərə öyrətməyə çalışırdım. Əsgərlər də öz növbəsində döyüş hazırlığını artırırdılar. Çünki  torpaqlarımız uzun müddət erməni işğalında qala bilməzdi. Ölkəmizin ərazisini qəsbkarlardan azad etməliydik. Müharibə qaçılmaz idi.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlandı. Elə həmin gün biz əks-hücum əməliyyatlarına cəlb olunduq. Bölüyümüzü Füzuli istiqamətinə göndərdilər. Düşmən mövqelərinə artilleriya zərbələri endirirdik. Hücumlarının qarşısı alınan düşmən geri çəkilməyə məcbur olurdu. Elə ilk döyüşlər göstərdi ki, qələbə bizimlədir.
Füzuli rayonundan başlanan döyüş yolumuz Cəbrayıldan, Xocavənddən keçdi, Şuşada Zəfərlə tamamlandı. Torpaqlarımızın azadlığı uğrunda döyüşə-döyüşə irəliləyir, yurdumuz erməni qəsbkarlarından təmizləndikcə gözlərim sevincdən yaşarırdı. Hamımız düşmən üzərinə qələbə əzmi ilə gedirdik. Zəfər qazandıq, torpaqlarımızı işğaldan azad etdik.
Vətən müharibəsində göstərdiyim cəsarət və hünər layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülmüşəm.
Düşmən üzərində qazandığımız qələbələr bizi arxayınlaşdırmır. Bu gün yenə də təlim-məşqlər keçir, daim döyüş hazırlığımızı artırırıq.

Röyal RƏCƏBOV "N" hərbi hissəsi