Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2023 16:45

Qadir əsgərlərimizlə qürurlanırıq

Ordu quruculuğu təkcə nəzəri əsaslarla aparılmır, ordu quruculuğu həm də milli mentalitetə əsaslanır.
Mən zabit peşəsini seçəndə də, təhsil aldığım Heydər Əliyev adına Hərbi Liseydə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi  İnstitut), hərbi xidmətimin ilk illərində də duyurdum, bilirdim ki, dövlət üçün, dövlətçilik üçün gərəkli olan bu proses həm də hərbi dərsliklərdən əlavə müəyyən amillərlə də müəyyənləşdirilir. Əsgərin əsgərə, əsgərin zabitə, zabitin əsgərə münasibəti belə amillər sırasındadır. Mən bunu İkinci Qarabağ müharibəsində daha duyğusallıqla gördüm, gördüklərimin fəlsəfəsində daha duyğusallıqla yaşadım.
Döyüşlərdə əsgər təkcə özünü deyil, əsgər yoldaşını da müdafiə edirdi, komandirini də. Bu isə bilavasitə Vətəni müdafiə etmək deməkdir. Yəni, Azərbaycan əsgəri bütün hallarda Vətən sevgisi ilə xidmət edib, indi də belə xidmət edir.
Xidmət etdiyim hərbi hissə İkinci Qarabağ müharibəsində neçə-neçə döyüşün iştirakçısı oldu. Bu döyüşlərdə bizim əsgərlərimiz də qətiyyətlə, cəsarətlə vuruşdular. Döyüşlər nisbətən səngiyəndə əsgərlərdən birinin dediklərini unutmamışam, heç zaman unutmayacağam da: "Komandir, biz şəhid döyüşçülərimizi də sıramızda bilib vuruşuruq. Ona görə də bizə məğlubiyyət yoxdu. Ali Baş Komandanın sərkərdəliyi ilə müharibəni qələbə ilə tamamlayacağıq". Əsgərin dedikləri hamımızı duyğulandırdı. Həmin gün və səhərisi daha qətiyyətlə döyüşən əsgərlərimiz düşmənin neçə-neçə döyüş texnikasını sıradan çıxartdı, 30-a yaxın canlı qüvvəsini məhv etdi. Vətən müharibəsində zabitlərimizlə əsgərlərimiz arasında duyulması çətin olmayan gözəl bir ehtiram vardı. Bu ehtiramın digər hərbi hissələrdə də olduğuna zərrəcə şübhəm yoxdur.
İkinci Qarabağ müharibəsi Ali Baş Komandanın sərkərdəliyi ilə Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi, azərbaycançılıq erməniliyi məğlub etdi. Qalib əsgərlər tərxis olundular. Zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmətlərini davam etdirirlər. Onların müharibə təəssüratları bu günün əsgərləri üçün həm maraqlıdır, həm də vətənpərvərlik duyğularının daha gözəl formalaşması baxımından gərəklidir. Bu təəssüratlar ancaq döyüşləri əhatə etmir, onlar həm də döyüşlə bağlı məqamları, döyüşü, döyüşdən sonrakı anları da yaşadır. Əsgərlər əsgərin əsgərə, əsgərin zabitə, zabitin əsgərə münasibətinin necə olduğunu da öyrənirlər. Öyrəndikləri onun xarakterinə hopur. O da müharibə iştirakçısı olmuş əsgərlərə oxşamaq istəyir. Cəsarətdə də, qətiyyətdə də, xarakterdə də.
Bu günün əsgərləri döyüşdə əsgərin yaralanmış zabiti güllələr içindən necə çıxartdığını da eşidir, komandirin əsgərini atışda necə himayə etdiyini də. Müharibənin ilk günlərində Kəlbəcər istiqamətində baş leytenant Elvin Şükürlü döyüşdən əvvəl əsgərin "Şəhid olsam, qisasımı alın..." kəlmələrinə görə şəhid əsgərinin qisasını almaq üçün düşmənin mövqeyinə gedib. Tək döyüşüb, dörd düşməni öldürdükdən sonra şəhid olub. Əsgərlərimiz bunu da bilirlər. Zabitin əsgərə qardaş sevgisi  səviyyəsində ehtiramı onların mənəvi-psixoloji hazırlığında əhəmiyyətli oldu...
Əsgərlərimiz qəhrəmanlıqların da, şəhidliyin də mahiyyətinin Vətənə sevgi olduğunu bilirlər. Bu bilgi onların hər birinin əsgər kimi mətinləşməsində mənəvi amillərdəndir. Digər hərbi hissələrdə olduğu kimi, bizim hərbi hissədə də bu amil mənəvi-psixoloji hazırlıqda istinad edilən vasitələrdəndir.
Hərbi hissəmizdə əsgər-əsgər, əsgər-zabit, zabit-əsgər münasibətləri həm Hərbi Nizamnamələrin tələblərinə, həm də milli mentalitetə uyğundur. Buna görə də hərbi hissəmizdə intizam yüksək səviyyədədir.
Hərbi xidmətini başa çatdırıb tərxis edilən əsgərlərimiz həm əsgər yoldaşları ilə, həm də komandirləri ilə səmimi əlaqə saxlayırlar. Bu əlaqə müəyyən mənada, münasibətləri yaşatma niyyətidir. Əsgərlərimiz bunun ənənə olacağına həm inanır, həm də bu inama görə əsgər dostluğunu  hərbi xidmətin tərkib hissəsi bilirlər.
Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Biz qəhrəmanlığın da, şəhidliyin də Vətənə xidmət olduğunu bilən qadir əsgərlərimizlə qürurlanırıq...
 
Taleh ALCƏFƏROV "N" hərbi hissəsi