Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:55

Müqəddəslik işığında xidmət edirik

Mənim üçün də əsgər adı həmişə müqəddəs olub. Atam Pənah Məmmədov zabit olduğuna görə demək olar ki, uşaqlığım hərbi şəhərciklərdə keçib. Ölkənin müxtəlif bölgələrində yaşamışıq. Hərbi formaya, hərbi xidmətə böyük sevgi ilə böyümüşəm. Kiçik yaşlarımdan hərbi hissələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak edirdim. Mənim üçün ən yaddaqalan gənc əsgərlərin andiçmə mərasimləri idi. Gənc əsgərlər bu mərasimlərdə təntənəli surətdə Vətənə sədaqət andı içirdilər. Onların səsini eşitdikcə, yerişlərini gördükcə qürurlanırdım. Mən də tez böyüyüb Vətənə əsgər olmaq,  mən də Hərbi Andı qəbul etmək istəyirdim.
Hərbi xidmətlə yanaşı elmə, təhsilə də böyük marağım vardı. Dərslərimi yaxşı oxuyurdum. Müəllimlər biliyimi yüksək qiymətləndirirdi. Ali təhsil almaq istəyirdim. 2018-ci ildə Zərifə Əliyeva adına liseyi bitirəndən sonra sənədlərimi Qərb Universitetinə verdim. İmtahanlardan uğurla keçdim, ali məktəb tələbəsi oldum, politologiya ixtisasına yiyələndim. Oranı 2022-ci ildə bitirdim. Sonra magistraturaya qəbul olsam da, təhsilimi dayandırıb əsgəri xidmətə gəldim - hərbi xidmət keçmək mənim üçün daha önəmlidir, bilirdim. Təhsilimi xidmətdən sonra davam etdirəcəkdim.
Hərbi formamı əynimə geyinəndə qürur hissləri keçirdim. Vətənə əsgər olmuşdum. İlkin hazırlıq müddəti başa çatdıqdan sonra yay günlərinin birində təntənəli surətdə Hərbi Andı qəbul etdik. Həmin günü heç vaxt unutmayacağam. Hərbi Andı qəbul etdikcə gur səsimiz dalğa-dalğa ətrafa yayılırdı. Çox qürurverici anlar idi.
Xidmətə başlayanda öyrəndim ki, əsgəri olduğum hərbi hissənin şəxsi heyəti İkinci Qarabağ müharibəsində iştirak edib. Zabit və əsgərlər döyüşlərdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Biz qəhrəmanlığı igidliyi onlardan öyrənirik.
Mən sürücüyəm. İdarə etdiyim texnikanı daim işlək vəziyyətdə saxlayıram. Çalışıram ki, sürücü kimi üzərimə düşən tapşırıqları peşəkarlıqla yerinə yetirim. Komandirlərimin, əsgər yoldaşlarımın rəğbətini qazanım. Xidmətimin xeyli hissəsi arxada qalıb. Bu müddət ərzində hərbi biliklərə dərindən yiyələnmişəm.  
Əsgər olmağımla fəxr edirəm. Əsgər adı mənim üçün həmişə müqəddəs olub, bundan sonra da belə olacaq. Vətənin hər qarış torpağı bizim üçün müqəddəsdir. Bu müqəddəsliyin işığında xidmət etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Əminəm ki, bu xoşbəxtlik daim mənə sevinc gətirəcək.

Fərhad MƏMMƏDOV "N" hərbi hissəsi