Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:54

Dövlət quruculuğunda Azərbaycan qadınının əməyi hər zaman yüksəkdir

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçularla və mülki qadın işçilərlə mütəmadi olaraq görüşlər keçirilir, onlarla maarifləndirici söhbətlər aparılır. Belə görüşlərdən biri bu günlərdə Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində qadın hərbi qulluqçular və mülki qadın işçilərlə keçirildi.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova çıxış edərək bildirdi ki, belə görüşlərin keçirilməsində əsas məqsəd orduda aidiyyəti üzrə maarifləndirmə işlərinin daha da gücləndirilməsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliğidir. "Qadın anadır. Azərbaycan cəmiyyətini qadınlarsız təsəvvür etmək mümkün deyil. Ölkəmizdə bütün sahələrdə qadınlarımız fəal şəkildə çalışırlar. Onların əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Dünyada qəbul olunmuş gender bərabərliyi Azərbaycan Ordusunda da geniş təbliğ, təşviq edilir və əsas amil kimi bu istiqamətdə işlər həyata keçirilir. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində dövlət quruculuğunda Azərbaycan qadınlarının yeri və mövqeyini hər zaman yüksək tutmuş, bu sahədə məsələlərin həllinə böyük önəm vermişdir. Bu gün Azərbaycan cəmiyyətində qadınlarımızın rolu və yeri istiqamətində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda qadınların hüquqlarının etibarlı müdafiəçisinə çevrilən və onların cəmiyyətdə layiqli yerinin təmin olunmasına çalışan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu hərəkatda misilsiz xidmətləri vardır. Respublikamızda hər zaman qadın hüquqları etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə olunur. Dövlət quruculuğunda Azərbaycan qadınının əməyi hər zaman yüksəkdir".
Görüş iştirakçıları ilə Azərbaycan Ordusunda  milli-mənəvi dəyərlərimizin qorunması, insan hüquqları, gender bərabərliyi və bu gün aktuallığı ilə seçilən müxtəlif mövzularda geniş söhbətlər aparıldı, maraqlı diskussiyalar keçirildi.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"