Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:52

Öncə Vətəndir!

Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində şanlı qələbə qazandı, torpaqlarımız işğaldan azad edildi. Ordumuz İkinci Qarabağ müharibəsini dünya hərb tarixinə yeni dövrün müharibəsi kimi tarixləşdirdi. Prezident İlham Əliyev 2021-ci il martın 20-də Şuşada xalqa etdiyi müraciətində dedi: "Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik".
Hərbçilərimizin göstərdiyi mərdlik, şücaət, yüksək peşəkarlıq dünyanın hərbi ekspertlərinin diqqətini çəkdi. Vətən müharibəsinin iştirakçıları ilə qürur duyur, şəhidlərə böyük ehtiram göstərirlər.
Vətən müharibəsində cəsarəti ilə fərqlənən mayor Nicat Tağıyev işğaldan azad olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində xidmət edir. Əsgərlər mayor Nicat Tağıyev haqda xoş sözlər dedilər. Onun haqqında deyilən: "Ata-oğul münasibəti bəsləyir", "savadlı zabitdi", "tələbkar olduğu qədər ədalətlidir" fikirlər Azərbaycan zabitinin obrazını ifadə edir.
Mayor Nicat Tağıyev də yeniyetməliyindən hərbçi olmaq istəyib.
"Hər şeydən öncə Vətən" - kiçik yaşlarımdan bu şüarı eşidirəm. Evdə ata-anam, küçədə əmi-dayı, qonşular, məktəbdə müəllimlərdən bizə aşılanan vətənpərvərliyin davamı olub bu kəlmə. Mən də bu sözlərin mahiyyətini hər dəqiqə daha çox anlayırdım. O zamanlar hərbçi olacağıma, xalqıma, millətimə layiqincə xidmət edəcəyimə söz vermişdim. Bu gün fəxrlə deyə bilərəm ki, mən Azərbaycan Ordusunun zabitiyəm. Mən Vətən müharibəsinin iştirakçısıyam", - deyə zabit bildirdi.
Mayor N.Tağıyev Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Ağdamın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb.
"Ordumuzda peşəkar hərbçi kadrlar hazırlanır, ordunun təchizatı daim artır, yeni növ silahlar əlavə edilir. Şəxsi heyət hər zaman döyüşə hazırdır. Ağdam istiqamətində döyüşlər gedirdi. Məni şəxsi heyətimlə birlikdə ora göndərdilər. Düşmənin canlı qüvvəsini darmadağın etdik, texnikasının çoxunu sıradan çıxartdıq. Tabeçiliyimdə olan əsgərlərin döyüş ruhunu yüksəltmək üçün mən də digər komandirlər kimi deyirdim: "Hər şeydən öncə Vətən!". Biz inanırdıq ki, Zəfər qazanacağıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi "Heç bir qüvvə bizi dayandıra bilməz" fikri bizim də qələbə ruhumuzu coşdurdu.
Fəxrlə deyə bilərəm ki, Vətənimizin keşiyində layiqincə durmuşuq. İllər keçsə belə, Zəfərimizdən hələ çox danışılacaq", - deyə zabit bildirdi.
Zabit fikirlərini "Öncə Vətəndir!" qətiyyəti ilə tamamladı...

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"