Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:49

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti. Hərbi hissə və birləşmələrin əsas vəzifələri

Suallar:
1. Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti.

2. Hərbi hissə və birləşmələrin əsas vəzifələri.

 


Azərbaycan Respublikası rəhbərliyinin ölkənin müdafiə qüdrətinin yüksəldilməsi istiqamətindəki fəaliyyəti


 
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Azərbaycan Respublikası dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycan Respublikasına Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf istiqamətini müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan "qlobal oyunçu" statusunu təmin etmişdir.
Azərbaycan Respublikası beynəlxalq aləmdə güclü bir iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyin əsas təminatçısıdır. Sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birinə sıx bağlıdır. Bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasəti nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələri kimi, ordu quruculuğu sahəsində də uğurla keçirilən siyasət nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi-əhval ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında duran vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan və digər ölkələrə göndərilir. Eyni zamanda, Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bu isə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Azərbaycan Respublikasının müdafiə sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrin tərkibində olan bütün qoşunlarda həyata keçirilən islahatlar Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Bu illərdə  Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi nəzarəti tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli, məqsədyönlü iş aparılmışdır. Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması və ən müasir tələblər səviyyəsinə çatdırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu arsenalını modern silah və hərbi texnika ilə zənginləşdirir, müasir döyüş imkanlarını uğurla mənimsəyir. 44 günlük Vətən müharibəsi ordumuzun qüdrəti barədə söylənənlərin təsdiqi oldu. Ağdam şəhərinin və rayonun 9 kəndinin Qarabağ ərazisində yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxması ilə nəticələnən Fərrux əməliyyatı, Azərbaycan Ordusunun bölmələrinə qarşı törədilən terror təxribatlarına qarşı keçirilən "Qisas" əməliyyatı ordumuzun gücünü bir daha bütün dünyaya sübut etdi. Beləliklə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Azərbaycan Respublikasının parlaq qələbəsini şərtləndirən əsas amillərdən oldu. Ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Silahlı Qüvvələrimizin ötən son 20 ildə Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.
Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Bu gün ən müasir silah-sursat, daha çox yüksək dəqiqliyə malik olan silahlar alınır və müasirləşmə prosesi daim aparılır. Görülən bütün işlərlə yanaşı, Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Bu sahəyə də böyük vəsait ayrılır, xüsusi diqqət göstərilir. Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Artıq Müdafiə Sənayesi Nazirliyində müxtəlif hərbi təyinatlı silah-sursat istehsal olunur və proses davam etdirilir. Öz tələbatımızı maksimum təmin etməklə yanaşı hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində müdafiə təyinatlı məmulatların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir.

 

 

Hərbi hissə və birləşmələrin əsas vəzifələri



Azərbaycanda ordu quruculuğu dövlət səviyyəsində, dövlətin yaxından iştirakı və qayğısı ilə aparılmaqdadır. Bu iş şəxsən Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrinin hərbi quruculuq təcrübəsi öyrənilir və müasir tələblərə cavab verən ordu yaratmaq istiqamətində işlər aparılır. Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub və yüksək hərbi intizamın saxlanılması üçün müvafiq tədbirlər görülərək islahatlar aparılır.
Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz yaradılmış qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu təsdiq edir. İşğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, müasir slahlarla təminatı istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı uğurlu əməliyyatlar bir daha sübut edir ki, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasəti Azərbaycan Ordusunun möhkəmlənməsi və peşəkarlığına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə səylərimizi davam etdirərək, hər an dövlətimizin müstəqilliyini qorumağa hazır olmalıyıq. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən də işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərlər etməsi və hərbi qulluqçularla görüşməsidir. Bu görüşlərdə hərbi qulluqçulara sonsuz mübarizə əzmi aşılayan  Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Dövlətimizin regionda müstəqil siyasət apara bilməsi üçün yüksək döyüş hazırlıqlı ordusu olmalıdır. Yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilən hər bir təcavüzə, antiterror əməliyyatına layiqli cavab verməyə qadir olmağı tələb edir. Bunun üçün isə Azərbaycan Ordusunun qarşısında 2023-cü tədris ilində aşağıdakı əsas vəzifələr qoyulmuşdur.
- 2023-cü tədris ilində döyüş və mənəvi-psixoloji hazırlıqda əldə olunmuş nəticələrlə kifayətlənməmək, döyüş hazırlığını daha da təkmilləşdirmək, şəxsi heyətin döyüş ruhunu yüksək səviyyədə saxlamaq;
- şəxsi heyətin Azərbaycan xalqına, dövlətinə və Prezidentinə sədaqətli olmaq, respublikanın suverenliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin müdafiəsi üçün şəxsi məsuliyyət, hərbi yoldaşlıq, dostluq və qardaşlıq, hərbi hissəsinin döyüş ənənələrinə hörmət, hərbi borcu şüurlu surətdə yerinə yetirmək və Döyüş bayrağına sədaqət ruhunda tərbiyə etmək;
- Azərbaycan Ordusunun nüfuzunu artırmaq, hərbi qulluqçuları yüksək vətənpərvərlik təfəkkürünün, şəxsi heyətin azərbaycançılıq, Vətəninə, Hərbi anda və xalqına sədaqət ruhunda tərbiyə etdirmək, hərbi qulluqçularda Azərbaycan xalqının tarixinə, milli adət və ənənələrinə dərin hörmətlə yanaşma tərzinin, Konstitusiyaya və vətəndaşlıq borcunun yerinə yetirilməsinə, yüksək döyüş və mənəvi-psixoloji keyfiyyətlərinin formalaşdırmaq.
Bu gün Azərbaycan Ordusunun qarşısında respublikanın suverenliyini, ərazi bütövlüyünü və dövlətçiliyin müdafiəsini ayıq-sayıq qorumaq  vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə, hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla Azərbaycan Ordusunu inkişafın yeni bir səviyyəsinə yüksəldəcək.
Qeyd: İctimai-siyasi hazırlıq qrupunun rəhbəri mövzunu şərh edərkən hərbi hissənin, öz bölməsinin 2022-ci tədris ilində döyüş və ictimai-siyasi hazırlığında qazandağı nəticələri bir daha dinləyicilərin nəzərinə çatdırmalı, 2023-cü tədris ilində hərbi hissənin, bölmənin qarşısına qoyulmuş tapşırıqların çatdırılmasına və izah edilməsinə xüsusi diqqət yetirməlidir.

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi