Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:47

Adını Qızılqayaya əbədi həkk etdirən qəhrəman

Daha bir qəhrəmanın sorağıyla yola çıxırıq. Yol  qısa, söhbət uzun. Qapıya bayraq sancılıb. O bayraq ki, al rəngini  Elnur kimi igidlərimizin qanından götürüb. Bu gün qürurla dalğalanır. Haqqı var qürurlanmağa. O dalğalansın deyə neçə-neçə igidlər can verib. O dalğalansın deyə igidlərimiz dağlarda məskən salıb, Vətənin müdafiəsində dayanıb. Şəhid ailələrinə təhvil verilən bayraqlar bu gün qiymətli bir sərvət kimi mənzillərinin ən gözəl guşəsində yer alıb. Müqəddəs zirvəyə ucalan igidlərimizin özlərindən sonra geriyə buraxdıqları üçrəngli bayrağımızdır, bir də fotoları. O yadigarlarda  qəhrəmanların gənc və gələcək nəsillərə örnək olacaq şərəfli  döyüş yolunun izi var. O izin sorağıyla Zeynalovlar ailəsinin qapısını döyürük. Qapını ailənin sonbeşik övladı Ruslan Zeynalov açır. Qəhrəmanın ailəsi ilə tanış oluruq.  Sadə və zəhmətkeş ailənin ilk övladı olan Elnur 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. 14 nömrəli məktəbdə  təhsilə başlayan Elnur 2008-ci ildə sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə verib və imtahandan müvəffəqiyyətlə keçib. Atası Elsevər Zeynalov qeyd edir ki, bizə liseyə qəbul olduqdan sonra xəbər verib: "Özü sevərək seçdi bu peşəni. Biz də onun seçiminə hörmət etdik, dəstək olduq".
2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirən Elnur Zeynalov xidmətinə "N" saylı hərbi hissədə  başlayır. 5 il taqım komandiri kimi xidmət edir, xidməti dövründə Aprel döyüşlərinin də iştirakçısı olur. 2018-ci ildə "baş leytenant" hərbi rütbəsinə layiq görülür. Həmin ili Xüsusi təyinatlı kursa yazılır və kursu müvəffəqiyyətlə bitirir. Xidməti dövründə bir çox kurslarda iştirak edir. 2020-ci ilin iyununda təyinatı üzrə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsində xidmətinə davam edir.
"Otağın birini boşaltdıq, təmir elədik. Arzularımız vardı, Elnura toy edəcək, xoş günlərini görəcəkdik. Lakin Elnur o otağı şərəfli döyüş yolu ilə özünün xatirə otağına çevirdi", - anası Məlahət xanım söhbətə qatılır. "Hələ 4-cü sinifdə oxuyurdu. Evə gəldim ki, barmağını yaralayıb. Taxtadan tapança düzəldirmiş ki, bəs bununla düşmənləri öldürəcəm. Uşaqlıqdan düşmənə nifrət ruhunda böyüdü. Elə bu ruh onun peşə seçiminə təsir etdi. Hərb peşəsi sanki boyuna biçilmişdi".
Ananın oğlundan qürurla danışması bir igidin qəhrəmanlığını vəsf edir. Bu arada  atanın oğlunun otağına keçib şəkillərinin önündə səssizcə dayanması gözümüzdən yayınmır. Oğul itkisi ağır olsa da, istənilən halda ata öz qəhrəman oğlu ilə fəxr edir.
Qardaşı Ruslan deyir ki, döyüş yoldaşları Elnur haqqında hər dəfə ürəkdolusu danışırlar. "Elnur 2020-ci ilin 27 sentyabrdan başlayan Vətən müharibəsinin ilk günlərindən döyüş meydanında olur. O, Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə, Araz çayı boyu döyüş əməliyyatlarında iştirak edir. İcra edilən  tapşırıqlardan biri Xocavənd rayonu ərazisində strateji yüksəklik olan Qızılqaya yüksəkliyinin azad olunması olur. Bu yüksəklikdə düşmən alayının idarəetmə məntəqəsi və alayın heyəti var idi. Ora çatan xüsusi təyinatlılar iki qrupla sızma hücum əməliyyatı həyata keçirir.
Qızılqayanın ilk səngərinə 20 metr qalmış duyuq düşən düşmən atəş açmağa başlayır. Sayca çox olan düşmənlə qızğın döyüş gedir. Əməliyyat elə icra edilir ki, düşmənin qaçmağa macalı olmur. Ərazi düşməndən təmizlənir və Azərbaycan bayrağı qaldırılır. Qızılqaya yüksəkliyinin nəzarətə götürülməsində yüksək peşəkarlıq göstərən Elnur Zeynalov şəhadətə yüksəlir".
"Mən bu gün alnıaçıq camaatın qarşısına çıxa bilirəm. Çünki oğlum ona göstərilən etimadı doğrultdu. Düzdür, bəzən deyirlər ki, döyüşçünün işi döyüşməkdir. Yəni, hər kəsin bir peşəsi var. Lakin gəlin görək, hər kəsin öz peşəsinə yanaşması eynidirmi? Çətindir, amma qürurvericidir. Oğlum içdiyi Hərbi anda sadiq qaldı, son damla qanınadək döyüşdü. Mən fəxr edirəm ki, belə bir qəhrəmanın anasıyam", - Məlahət ana deyir. "Elə bilirəm, yenə hardasa təlimdədir. Sonuncu dəfə 2019-cu ilin fevralında gəlmişdi evə. Son danışığımız isə şəhid olduğu gün 31 oktyabrda oldu".
Baş leytenant Elnur Zeynalovun xatirə otağına keçirik. Ana danışır, dinləyirəm, qəhrəmanın şəkilləri ilə üz-üzə dayanmışam. Saçları qış fəslinin rənginə boyanmış Məlahət ana deyir ki, istəmirəm, şəhidlər unudulsun. Bizim şəhid analarının təsəllisi də budur, qızım...
Bu qaraqaş, qaragöz, sərt baxışlı əsl Azərbaycan kişisini, əsl zabit duruşlu igidi necə unuda bilərik axı, ay ana?! "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunan, gənc yaşında həyatından, gələcəyindən keçən, ömrünü bu torpağa qurban edən qəhrəmanı necə unutmaq olar? Əlimizə qələm alıb başqa sahələrdən yazanda, o yazılar içində igidlərimizin şərəfli döyüş yolundan bəhs edən yazılar da mütləq yer alır. Şair nə gözəl demiş:

İnamsız bir qartalın qanadları gərilməz,

Döyüşsüz azadlığın meyvələri dərilməz,

Şəhidsiz bir millətin Vətən ruhu dirilməz,

Oğullar ola-ola, necə deyim mərdim yox.

Ordum varsa, yurdum var,

Ordum yoxsa, yurdum yox!

Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru