Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:45

Ataların yolu oğullara örnəkdir

Hüseyn Qasımzadə vətənpərvər ailədə doğulub böyümüşdü. Qəlbindəki Vətən, torpaq sevgisini atası Həsənxan müəllimdən almışdı. Həsənxan müəllim Birinci Qarabağ müharibəsinin veteranıdır. Azərbaycan Ordusunun yenicə formalaşdığı dövrdə və erməni işğalçılarının tarixi ərazilərimizə qarşı apardığı haqsız torpaq iddialarına qarşı çıxaraq könüllü döyüşən cəbhəyə yollanmışdı. Döyüş bölgəsində yerləşən "N" hərbi hissəsinin zabiti olaraq dörd il erməni quldurlarına qarşı müxtəlif istiqamətlərdə  döyüşmüşdü. Bax, belə bir vətənsevər, torpaqsevər ailənin övladı idi Hüseyn. Ölkə üçün, cəmiyyət üçün sağlam düşüncəli vətəndaşın yetişməsində ailə mühitinin böyük rol oynadığını hər birimiz çox gözəl bilirik.
2019-cu ilin iyulunda hərbi  xidmətə gedən Hüseyn ilkin hərbi  vərdişlərə dərindən yiyələnərək Hərbi Andı qəbul etdi, Azərbaycan Ordusunun sıralarına daxil oldu. Hərbi xidməti dövründə daima öz üzərində çalışdı, hazırlıqlarını artırdı, xüsusilə fiziki cəhətdən daha da möhkəm olması üçün idmana böyük önəm verdi. Hələ orta məktəb illərində peşəkar boksla məşğul olması və bu sahədə qazandığı təcrübə Hüseynin hərbi xidmət zamanı fiziki hazırlığında böyük rol oynadı. O bilirdi ki, fiziki cəhətdən hazırlıqlı əsgər döyüş hazırlığında da çətinlik çəkməyəcək.
Komandirlərinin, əsgər yoldaşlarının hörmətini qazanan manqa komandiri kiçik çavuş  Hüseyn  Qasımzadə o vaxt Tərtərdə yerləşən ön xətt bölmələrimizdən birində  xidmət edirdi. Vətən müharibəsi zamanı döyüşlərə də cəbhənin bu istiqamətindən - xidmət etdiyi hərbi hissənin şəxsi heyəti ilə birlikdə qatılmışdı. Döyüşən qüvvələrin tərkibində rəhbərlik etdiyi manqa ilə birlikdə düşmənin illərlə möhkəmləndirdiyi mövqelərinin darmadağın edilməsində  şücaət göstərirdilər. Vətənpərvər ruhda böyüyən gənc  döyüşçü Hüseyn Qasımzadə oktyabrın 31-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid oldu. Doğulub-böyüdüyü Cəlilabad rayonunda dəfn olundu. Hərbi xidmətini başa vurmasına iki ay qalmış şəhidlik zirvəsinə ucalan Hüseyn 19 yaşında nəinki elinin, obasının, bütün Azərbaycanın fəxrinə çevrildi. O, 19 yaşında Vətən müharibəsinin ən gənc iştirakçılarından biri oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  Qasımzadə Hüseyn Həsənxan oğlu Vətən müharibəsində göstərdiyi şəxsi şücaətə görə, "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medallarına layiq görülüb.
Qasımzadə Hüseyn Həsənxan oğlu 2001-ci il iyulun 8-də Cəlilabad rayon Sərhədabad kəndində dünyaya göz açmışdı. Şəhidin valideynləri Həsənxan müəllim və Təranə xanım ailədə dörd övlad böyüdüb boya-başa çatdırıblar. Onlar həmişə övladları ilə fəxr ediblər.  Qızları Pərvanə, Sədəf, oğlanları Hüseyn və Coşqun Cəlilabad rayon 2 nömrəli tam orta məktəbin nizam-intizamlı, fəal şagirdlərindən olublar. 19 yaşlı  Hüseyn təkcə ailədən deyil, həm də təhsil ocağında müəllimlərindən vətənpərvərlik, qorxmazlıq, cəsurluq dərsini almışdı. Qardaşı Coşqun bu gün hərbi tibb sahəsi üzrə təhsil alır.
Vətən sevgisini ürəyində gəzdirib şəhidlik zirvəsinə ucalan Hüseyn və onun timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyir, valideynlərə sonsuz səbir arzu edirik.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"