Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:43

MOİK-in idmançıları Prezident tərəfindən mükafatlandırıldı

Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, idman sahəsi də Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında misilsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Ulu Öndər xalqımızın idmana marağını yüksək dəyərləndirərək "Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir" demişdir.
Dahi şəxsiyyətin yürütdüyü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda idmana göstərilən qayğının nəticəsi olaraq bir çox idman növləri üzrə keçirilən Beynəlxalq turnirlərdə idmançılarımızın istər fərdi, istərsə də komanda şəklində yüksək nailiyyətlərinin şahidi oluruq. Üçrəngli bayrağımız beynəlxalq idman arenalarında dalğalanır, xarici ölkələrdə səsləndirilən Dövlət Himnimizin sədaları idmançılarımızın qələbəsinin xəbərçisi olur.
Son illər böyük nüfuzlu beynəlxalq idman oyunlarının ölkəmizdə keçirilməsi də dövlətimizin  idmana böyük diqqət və qayğısının bariz nümunəsidir. Bu ali diqqət növbəti dəfə yanvarın 9-da keçirilən ötən ilin idman yekunlarına həsr olunan mərasimdə özünü göstərdi. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.
Azərbaycanda idmanın inkişafında olan xidmətlərinə görə mükafatlandırılan idmançılar və idman mütəxəssisləri arasında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvləri baş leytenant Ağahüseyn Mustafayev və Tayfur Əliyev də vardı.
Qeyd edim ki, 1961-ci ildə təsis edilən Ordu İdman Klubu Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib və 1993-cü ildən Mərkəzi Ordu İdman Klubu (MOİK) kimi fəaliyyət göstərir. Yarandığı gündən bu günədək şərəfli yol keçən Mərkəzi Ordu İdman Klubunun yetirmələri Olimpiya oyunlarında, həmçinin Dünya və Avropa çempionatlarında iştirak edərək yüksək nailiyyətlər əldə ediblər. Qazanılmış medalların sayına görə MOİK-in adı Gənclər və İdman Nazirliyi tərəfindən həmişə fərqlənən idman klubları sırasında çəkilib. Bir sözlə, klubun yetirmələri beynəlxalq və respublika səviyyəli yarışlarda hər zaman ölkəmizi peşəkar səviyyədə təmsil edir, həmçinin gənclərin vətənpərvərlik hissinin və fiziki hazırlığının yüksəldilməsində müxtəlif idman növləri üzrə fəal iş aparır.
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda 20 idman növü üzrə fəaliyyət göstərən bölmələrdə  bütöv yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, Dünya, Avropa və başqa beynəlxaq idman yarışlarında qazanılan medalların da bir hissəsi MOİK-in idmançılarına məxsusdur. Həmçinin ölkədə və beynəlxalq səviyyəli yarışlarda uğurlu çıxış edən MOİK-in yetirmələri Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutan Azərbaycan yığmasının qələbəsində də pay sahibi oldular. Onlar 2-si qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla komandamızın hesabına 4 medal qazandırdılar.
Onu da qeyd edim ki, MOİK 137 üzv ölkəni özündə  birləşdirən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan Beynəlxalq Hərbi İdman Şurasının (CISM)  fəal üzvüdür.
CISM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in idmançıları 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və Dünya çempionatlarında uğurla çıxış edərək çoxlu sayda qızıl, gümüş və bürünc medallar qazanıblar. Ordu idmançılarının uğurları sırasında 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında 120 ölkə arasında 15-ci yerə layiq görülmələrini misal göstərmək olar. Bunların hamısı ölkəmizdə idmana göstərilən qayğının, respublikamızda yaradılan idman komplekslərinin müasir tələblərə cavab verməsinin bir daha sübutudur.
Dövlət başçısı tərəfindən mükafatlandırılan MOİK-in üzvləri Ağahüseyn Mustafayev və Tayfur Əliyev də bir çox dünya miqyaslı turnirlərdə ölkəmizi layiqincə təmsil edən və Vətənə çox sayda medallar gətirən idmançılarımızdandırlar. Onları daha yaxından tanımaq və düşüncələrini qələmə almaq üçün MOİK-ə yollandım. İlk həmsöhbətim baş leytenant Ağahüseyn Təbriz oğlu Mustafayev oldu. İdmanın sərbəst güləş növü ilə məşğul olan Ağahüseyn 1989-cu ildə Neftçala rayonunda anadan olub. İdman kariyerasına 2000-ci ildə Respublika Olimpiya İdman Liseyində başlayıb. Artıq 13 ildir MOİK-in təmsilçisidir.
İstər ölkədaxili, istərsə də beynəlxalq turnirlərdə dəfələrlə üçrəngli bayrağımızı ən ucalarda dalğalandıran idmançımız hərbçilər arasında keçirilən Dünya çempionatlarında 2 dəfə qızıl, 2 dəfə gümüş, 2 dəfə bürünc medal qazanıb. Hərbçilərarası  Avropa çempionatının və Olimpiadanın da mükafatçısıdır. MOİK idmançısı, həmçinin gənclərarası Avropa və Dünya ikincisi, iki dəfə də böyüklərarası Avropa ikincisi olub. Hal-hazırda idman kariyerasını məşqçi kimi davam etdirən zabit Azərbaycan milli komandasında çimərlik güləşi üzrə məşqçisidir. "Ötən il ərzində çalışdırdığım idmançılarla bir çox nailiyətlər qazandıq. Tələbələrim yeniyetmələr üzrə Avropa və Dünya çempionatlarının qalibi oldular. Həmçinin komandamız gənclər arasında Dünya ikincisi, Avropa birincisi oldular. Böyüklərdən ibarət komandamız isə Dünya ikincisi oldu. Hər uğurun sonunda ölkəmizin idman şərəfini daha da ucaltdığımız üçün çox sevinirik. Hər qələbədən sonra növbəti turnirlərə daha əzmkarlıqla hazırlaşırıq. Çünki idmançı gərək daim hazırlıqlı olsun. Qələbənin sevincinə qapılıb rahatlaşmaq, məşqləri səngitmək olmaz. Həmin tədbirdə mükafatlandırılan bütün idmançılar kimi, mən də çox sevindim, qürurlandım. İllərdir çəkdiyim əziyyətlərin bəhrəsini gördüm. Cənab Prezident tərəfindən təqdim olunan mənzil hər birimizə göstərilən yüksək qayğının, etimadın bariz sübutu oldu. Həmçinin dövlət başçımızın idmanı və idmançıları daim diqqətdə saxladığının göstəricisi idi. Əminliklə deyə bilərəm ki, hər bir idmançı bu yüksək diqqətdən ruhlanaraq daha uğurlu nailiyyətlər qazanmaq üçün səy göstərəcək. Bir daha Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarına bizə belə yüksək qiymət verdiyi üçün dərin minnətdarlığımı bildirirəm", - dedi baş leytenant Ağahüseyn Mustafayev.
Üç oğul atası olan Ağahüseynin tələbələri arasında oğlu Təbrizin də olduğunu öyrəndim. Təbrizin də atası kimi sayılıb-seçilən idmançılarımızdan olacağına inamımı bildirdim. Zabitimizə xidmətində və idman fəaliyyətlərində uğurlar arzulayaraq, növbəti idmançı ilə həmsöhbət oldum.
İdmanın boks növü ilə məşğul olan Əliyev Tayfur Nəriman oğlu ata yolunun davamçısıdır. O 1997-ci il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbi bitirən Tayfur, Naxçıvan Dövlət Universitetinin Bədən Tərbiyə və İdman fakültəsində bakalavr təhsili alıb. Beş ilə yaxındır MOİK-in idmançısı olan Tayfur əsgəri xidmətini də elə burada keçib. Tokio 2020 Olimpia Oyunlarının iştirakçısı olan Tayfur idman sahəsində ilk addımlarından danışdı. "Boksla məşğul olmağa 2002-ci ildə Naxçıvandakı Dinamo İdman Cəmiyyətində başladım. Atam boks üzrə “Əməkdar məşqçi”dir. Elə idmanın bu növünü seçməyim də onunla bağlıdır. İlk məşqçim də atam olub. O məni həm fiziki, həm taktiki, həm də mənəvi cəhətdən hazırlayırdı. Həmişə deyirdi ki, güclü iradə, güclü yumruq kimidir. İradəli, dözümlü, mübariz olmağı sona qədər inamla döyüşməyi öyrədirdi. Atamın mənə olan sonsuz inamı həmişə ən güclü silahım olub".
Dəfələrlə Azərbaycan çempionu olan Tayfurun gənc olmasına baxmayaraq beynəlxalq arenada da bir çox nailiyyətlər qazandığını öyrəndim. Yeniyetmələrarası Avropa çempionu olan Tayfur, bir dəfə gənclər, bir dəfə də böyüklər arasında Avropa çempionatında gümüş, IV İslam Həmrəyliyi Oyunlarında və  Hərbçilərarası Dünya Çempionatında bürünc medal qazanıb. İdman sahəsində göstərdiyi uğurlu fəaliyyətə görə Prezident tərəfindən mənzillə təltif olunun Tayfur sevincini belə dilə gətirdi. "Müstəqil həyata yeni atılan bir gənc üçün mənzil sahibi olmaq ən vacib şərtdir. Altı aydır ki, ailə həyatı qurmuşam və kirayə mənzildə yaşayırdım. Həmişə öz evimin olmağını arzu edirdim. Bu arzumun isə belə tezlikdə reallaşacağına inamım yox idi. Bu, istər-istəməz psixologiyama da mənfi təsir edirdi. Fikirlərimi tam şəkildə məşqlərimə cəmləyə bilmirdim. İndisə bir evim var. Artıq arzularım reallaşdı. Cənab Prezidentimizin bu hədiyyəsinə mən də, ailəm də çox sevindi. Bizə bu sevinci yaşatdığına görə ölkə başçımıza sonsuz təşəkkürümüzü bildiririk. Sağolsun ki, idmançılara, gəncələrə belə yüksək dəyər verir, onların rifah halını daim diqqət mərkəzində saxlayır. Bu il bir çox mühüm turnirlər bizi gözləyir. Yaxşı nailiyyətlər qazanmaq üçün güclü məşq ən birinci şərtdir. Cənab Prezidentimizin mükafatlandırması hər birimizə ruh yüksəkliyi, möhkəm iradə aşılayaraq, gələcək yarışlara yüksək səviyyədə hazırlaşmağımıza böyük stimul oldu. Bu inamı və etimadı yeni-yeni nailiyyətlərimizlə, qələbələrimizlə doğrultmaq üçün gecəmizi gündüzümüzə qatıb məşqlərimizi əzmkarlıqla davam etdirəcəyik".
Ağahüseyn və Tayfur kimi bir qrup idmançıya və idman mütəxəssislərinə mənzillərin hədiyyə olunması və həmin tədbirdə Prezidentin dediyi "Yeni uğurlar, yeni qələbələr, Azərbaycan dövləti hər zaman sizin yanınızda olacaq. Sizin uğurlarınıza bütün xalqımız sevinir, bütün uğurlar yüksək səviyyədə qiymətləndirilir və qiymətləndiriləcəkdir" sözləri müxtəlif arenalarda ölkəmizi layiqincə təmsil edən, nailiyyətlər qazanan hər kəsin dövlətimiz tərəfindən diqqətdə saxlanıldığının bir daha bariz göstəricisidir.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"