Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2023 14:40

Vətənpərvər oğul

Vətənpərvərlik - ayları, illəri Vətən üçün yaşamaqdır. Vətənpərvərlik - Vətənə ən ülvi məhəbbətdir və insanın daxilində olan müqəddəs bir hissdir. Bir şəxsdə bu hiss yoxdursa, o, nə Vətənini, nə torpağını, nə də valideynlərini sevə bilər. Neçə-neçə qəhrəman vətənpərvər oğullarımız, var, doğma Vətəni üçün bir an belə düşünmədən canlarından keçənlər də olub. Düşmənə qarşı son damla qanlarına qədər vuruşan oğullarımız doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar.
İndiki gənclərimiz əcdadlarımızın qəhrəmanlıq nümunələrini özlərinə örnək bilib, onların qəhrəmanlıq yollarını uğurla davam etdirirlər. Bu gün müstəqil Azərbaycanı qoruyub saxlamaq, onun müstəqilliyini əbədi etmək üçün əllərindən gələni əsirgəmirlər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan əsgərinin qüdrətini tarixləşdirdi. İllərdir gerçək sahibinin yolunu həsrətlə gözləyən Qarabağımız erməni vandallarından azad edildi. Əlbəttə, bu şanlı Qələbəni Azərbaycan xalqına yaşadan igid əsgər və zabitlərimiz oldu. Onların sayəsində doğma Qarabağımızın üzərindən qara buludlar çəkildi və el-obalarından didərgin düşən soydaşlarımız yenidən öz evlərinə geri dönürlər.
Bu qələbəni xalqa yaşadan oğullardan biri də "N" hərbi hissəsində xidmətini uğurla davam etdirən kapitan Asim Tapdıqovdur. Goranboy rayonunun Gürzalılar kəndində dünyaya göz açan Asim hər zaman hərbçi olmaq istəyib. 2009-cu ildə Goranboy rayon Gürzalılar kəndindəki Afəddin Vəliyev adına tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldu. Dörd il təhsil aldıqdan sonra "leytenant" hərbi rütbəsinə layiq görüldü. O, xidmətinin ilk günündən etibarən fərqlənməyə və verilən bütün əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyə çalışdı. Bunun nəticəsidir ki, o, bu gün Azərbaycan Ordusunun peşəkar və təcrübəli zabitlərindən biridir. Bu təcrübəsini Vətən müharibəsində də bacarıqla istifadə edib, düşmənə göz açmağa imkan verməyib. Onun şücaəti nəticəsində düşmən xeyli sayda itki verdi. Kapitan Asim Tapdıqov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyi, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Kapitan Asim Tapdıqov dedi ki, İkinci Qarabağ müharibəsinin döyüşləri bu günün əsgərləri üçün həm tarixdir, həm də döyüş dərsliyi. Ona görə müharibə iştirakçıları olmuş zabitlərin döyüş təəssüratlarını maraqla dinləyirlər, öyrənirlər...

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"