Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:33

Şəhidləri ziyarət xidmətimin davamı olacaq

Hərbi xidmətə gəlməzdən əvvəl əsgərlik haqqında bir çox sözlər eşidirdim. "Əsgərlik kişilik məktəbidir", "Övladlıq borcudur", "Əsl həyat məktəbidir"... və digər sözlər hərbi xidmətə olan həvəsimi daha da artırırdı. Hərbi xidmət keçib qayıdanların, hərbçi tanışlarımın dediklərindən artıq bir mətləbi dərk eləmişdim: hərbi xidmət hər insan üçün borcdur və bir çox üstünlüklər qazandırır.
Ona görə də həmişə əsgərliyə gedəcəyim günü səbirsizliklə gözləmişəm. Artıq xidmətdəyəm. Vətən qarşısında övladlıq borcumu layiqincə yerinə yetirmək üçün tam məsuliyyətlə xidmət edirəm. Hərbi xidmətimi başa vurmağıma sayılı günlər qalıb. Xidmət dövrümdə əsgərlik haqqında deyilən bütün müsbət fikirlər öz təsdiqini tapdı. Həqiqətən də, rəşadətli və qalib ordumuzun əsgəri olmaq, Vətənin keşiyində durmaq şərəfli və qürurlu vəzifədir. Cəmiyyətə yararlı şəxs kimi formalaşmaq üçün hər bir gənc bu həyat məktəbini keçməlidir. Bu məktəb səni hərtərəfli formalaşdırır. Kişiyə xas xüsusiyyətləri daha da mökəmləndirir. Vətənpərvərliyin, Vətən sevgisinin nə olduğunu daha dərindən dərk edirsən. Valideyn qayğısının, sevgisinin mahiyyətini daha yaxşı anlayırsan. Əsgər kimi döyüş vərdişlərinə, hərbi biliklərə yiyələnirsən. Eləcə də bir çox üstün keyfiyyətlər qazanırsan. Hərbi xidmətin bizə verdiyi üstünlüklərdən nə qədər danışsaq, az olar. Hərbi hissədə yaradılan yüksək məişət şəraiti isə döyüş ruhumuzu artırır. Bütün təminatlarımızın qaydasında olması uğurlu xidmət etməyimizə zəmin yaradır. Heç nədən korluq çəkməyən əsgərlər də müqəddəs vəzifələrinin öhdəsindən layiqincə gəlməyə can atırlar.
Xidmətdən əvvəl doğulduğum Cəlilabad rayonunda dəfələrlə İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəman qardaşlarımızın anım tədbirlərində iştirak etmişəm. Onların xidmət yolunu, qəhrəmanlıqlarını dinlədikcə hərbi xidmətə daha da ruhlanmışam. Tədbirlərdə onların ünvanına səslənən fikirləri yaddaşıma köçürmüşəm. Xalqımızın Vətən yolunda şəhid olanları heç zaman unutmayacağına, onların əziz xatirəsini daim dərin hörmətlə anacaqlarına əmin olmuşam. Onların Vətən sevgilərini, qəhrəmanlıqlarını biz yaşatmalı, davam etdirməliyik. Qanları bahasına azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qorumalıyıq. Hərbi xidmətə bu amalla gəlmişdim. Nümunəvi xidmətimlə, bacarıqlı əsgər olmaqla şəhidlərimizin ruhlarını şad edəcəm. Xidmətimi uğurla başa vurmaq üzrəyəm. Komandirlərimin və əsgər yoldaşlarımın sevgisini qazana bilmişəm. Valideynlərimin yanına başıuca qayıdıram. Rayonumuza gedəndə şəhidlərin məzarını ziyarət edəcəm, bunu hərbi xidmətimin davamı biləcəm. Bu dəfə onların görüşünə sadə vətəndaş kimi yox, ana Vətənə övladlıq borcunu layiqincə yerinə yetirən və Vətənin çağırışına hər an hazır olan hazırlıqlı əsgər kimi gedəcəm.

Elşən QASIMOV "N" hərbi hissəsi