Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:30

“Xidmətimizlə etimadı doğrultmalıyıq”

İkinci Qarabağ müharibəsində tarixi zəfər qazanmaqla ordumuz öz gücünü, qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Möhtəşəm qələbə Azərbaycan əsgərinin mübarizliyinin, əzminin, rəşadətinin qələbəsi oldu. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan Ordusunun əsgər və zabitləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları  yüksək döyüş hazırlıqlı hərbi qulluqçu kimi formalaşır, döyüş vərdişlərinə yiyələnirlər.
Ordu sıralarında nümunəvi xidmət edən, vəzifə borclarının öhdəsindən layiqincə gələn şəxsi heyət qələbənin təminatçısı oldu. Müasir silahların, güclü texnikan olsa da, iradəli, Vətəninə, dövlətinə bağlı döyüşçülər olmasa, qələbə qazanmaq çətin olur. Azərbaycan Ordusu bu cəhətdən də çox güclüdür. Çünki əsgərlər Vətən torpaqlarını qorumaq kimi müqəddəs vəzifələrin öhdəsindən uğurla gəlir, Azərbaycan əsgəri adını daşımaqla qürur duyurlar. Xidmətləri ilə sübut edirlər ki, Azərbaycan əsgəri vətənpərvər, qorxmaz və cəsurdur.
"N" hərbi hissəsinin rabitəçi əsgəri Pərvin Hacıyev də Hərbi anda sadiq qalan, nümunəvi xidmət edən əsgərlərimizdəndir. Vəzifə borclarının öhdəsindən layiqincə gəlməyin mənəvi borc olduğunu deyən Pərvin hərbi xidməti haqqında belə dedi: "Ordu sıralarında xidmət edən hər kəs kimi, mən də Vətəni qorumağı özümə şərəf borcu bilirəm. Hərbi hissəyə gələn gündən nizam-intizamlı olmağı, komandirlərin sözündən çıxmamağı, nümunəvi xidmətimlə seçilməyi qarşıma məqsəd qoymuşam. Çünki bizə hər cür şərait yaradılıb, bütün təminatlarımız qaydasındadır. Komandirlərimiz də bizimlə mütəmadi maraqlanır, qayğı göstərirlər. Biz nümunəvi xidmət edirik, həm də şanlı zəfəri ilə dünyaya səs salan qalib Azərbaycan Ordusunun əsgərləriyik. Çalışırıq ki, ordumuzun qüdrətinə, adına-sanına layiq olaq".
Əsgər ixtisası haqqında da danışdı. Döyüşlər zamanı bölmələrin idarə olunmasında rabitənin əhəmiyyətli rol oynadığını bildirdi: "İxtisasımın mahiyyətini yaxşı dərk edirəm. Döyüşlər zamanı bütün komandalar rabitə vasitəsilə ötürülür. Rabitədə hər hansı bir nasazlığın baş verməsinin ağır nəticələri ola bilər. Ona görə də keçirilən dərslərdə fəal iştirak edir, ixtisasımın incəliklərinə dərindən yiyələnməyə can atıram. Təlimlərdə, məşqlərdə həvəslə iştirak edir, praktik vərdişlərimi artırıram. Rabitə vasitəsində kanalların yığılması, komandaların düzgün qəbulu, ötürülməsi və digər tapşırıqları icra etməyi bacarıram".
Nümunəvi xidməti ilə seçilən Pərvinin sözləri ürəkaçandır. Onun qəlbindəki sonsuz Vətən sevgisini hiss etdim. Əmin oldum ki, Pərvin hərbi xidmətini uğurla başa vuracaq. Valideynləri belə oğul böyütdükləri üçün bir daha qürurlanacaqlar. Azərbaycan əsgərinin vətənpərvərliyi, dövlətə sədaqəti, nümunəvi xidməti ailələrimizdə və cəmiyyətimizdə gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və vətəpərvərlik ruhunda formalaşmasının nəticəsidir.

Mahmud MÖHBALIYEV"Azərbaycan Ordusu"

foto Coşqun CƏFƏROVUNDUR