Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:29

“Fiziki hazırlıq məşğələlərinə hər birimiz böyük maraqla qatılırıq”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün sahələrində aparılan uğurlu islahatların nəticələri ordu quruculuğuna da öz müsbət təsirini göstərib. Ordumuzun güclü ordular sırasında olmasının əminliyini Vətən müharibəsində qazanılan Zəfərlə bir daha yaşadıq. Şübhəsiz ki, bu Zəfərə ordumuzun maddi-texniki bazasının gündən-günə güclənməsi, keçirilən müxtəlif təyinatlı təlimlərin, məşğələlərin, həmçinin şəxsi heyətin fiziki və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olması hesabına nail olunub. Güclü ordunu səciyyələndirən mühüm amillərdən biri də şəxsi heyətin fiziki cəhətdən güclü və sağlam olmasıdır. Bu da çox mühüm amildir. Buna görə də yuxarı komandanlıq şəxsi heyətin fiziki hazırlığını həmişə diqqət mərkəzində saxlayır. Bu, sistemli şəkildə həyata keçirilir. Hərbi qulluqçular fiziki hazırlıqlarını günün nizam qaydalarına uyğun olaraq idman saatlarında möhkəmləndirirlər. Bununla yanaşı, müxtəlif idman yarışları da təşkil olunur. Beləcə, fiziki hazırlıq dərsləri əsgərlərin sağlam, iradəli və dözümlü olmalarını təmin edir. Komandirlərin qarşısında qoyulan əsas vəzifələrdən biri də Vətənin müdafiəsində dayanan hərbi qulluqçuların fiziki hazırlığına ciddi nəzarət etməkdir.
"N" hərbi hissəsində də şəxsi heyətin fiziki hazırlığı diqqət mərkəzində saxlanılır. Məşğələ rəhbəri gizir Cabbar Cəfərov bildirdi ki, fiziki hazırlıq məşğələləri günün nizam qaydasına uyğun olaraq, gün ərzində iki dəfə - səhər və axşam keçirilir. "Hərbi hissəmizdə müasir standartlara cavab verən idman şəhərciyi yaradılıb. Burada idmanın bir çox növü ilə məşğul olmağa şərait var. Əsgərlərin döyüş hazırlığının bir hissəsi kimi fiziki hazırlığa da xüsusi diqqət ayrılır. Şəxsi heyətin fiziki cəhətdən güclü və dözümlü olması vacib şərtlərdəndir. Hər hansı döyüş tapşırığının yüksək səviyyədə yerinə yetirilməsi üçün fiziki baxımdan güclü olmaq əsas amillərdəndir. Bundan başqa, idmanla müntəzəm məşğul olmaq əsgərlərimizdə özünə inam və liderlik hisslərini də artırır. Bu da öz növbəsində əsgərin fərdi keyfiyyətlərinin müsbət yöndə inkşafında mühüm rol oynayır. Əsgərlərimizin bir çoxu ordu sıralarına çağırılanadək idmanın müxtəlif növü ilə məşğul olub. Bəziləri respublika və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak ediblər. Hərbi xidmətdə olsalar da, burada da müntəzəm məşq edir, fiziki hazırlıqlarını daha da artırırlar".
Öyrəndik ki, Cabbar da uzun illər idmanın güləş növü ilə məşğul olub. Bir sıra nailiyyətləri var. Hərbi xidmətdə tapşırıqları yerinə yetirməkdə ona əvvəllər idmanla məşğul olmasının böyük kömək olduğunu bildirdi.
Hərbi xidmətə Biləsuvar rayonundan çağırılan əsgər Əli Qasımov  hərbi xidmətdən əvvəl idmanın futbol növü ilə məşğul olub. Uşaq vaxtlarından futbola marağı olduğundan valideynləri onun marağına dəstək olmaq üçün rayondakı idman mərkəzinə aparıblar. Keçirilən yarışlarında nailiyyətlər qazanıb. Əli bildirdi ki, fiziki hazırlıq məşğələləri iradəni, gücü, dözümlülüyü artırmaq üçün əsas vasitədir. "Günə fiziki hazırlıq məşğələsi ilə başlamaq gün ərzində gümrah olmağımıza kömək edir. Burada bizim üçün hər cür şərait yaradılıb. Gün ərzində idmanla iki dəfə məşğul oluruq. Fiziki hazırlıq məşğələlərinə hər birimiz böyük maraqla qatılırıq. Bundan başqa həftə sonları bölmələr arasında müxtəlif idman yarışları keçirilir. Hərbi hissədə keçirilən yarışlarda bölməmiz bir neçə dəfə qalib olubdur".
Əsgər Hüseyn Məmmədov da fiziki hazırlıq məşğələlərində çevikliyin, cəldliyin və dözümlülüyün inkişaf etdirildiyini qeyd etdi. "Hərbi xidmətdən öncə mən də həvəskar idmanla məşqul olmuşam. Hərbi xidmətə gəldiyim gündən nizami qaydada idmanla məşğul oluram. Bu gün biz fiziki cəhətdən güclüyüksə, təlimlərdən uğurla çıxırıqsa, bu komandirlərimizin sayəsindədir. Onlar bizə keçdikləri məşğələlərlə güclü və dözümlü döyüşcü, əsl hərbçi kimi formalaşmağın sirlərini öyrədirlər."
Əsgərlərimizdən Ayxan Qurbanov, Fərid Primov, Kamran Umudov və digərləri də hərbi hissədə yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər. Vətən keşiyində olmaqdan qürur duyduqlarını, güclü ordunun güclü əsgərləri olmaq üçün daima öz üzərlərində çalışacaqlarını əminliklə bildirdilər.
 
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"