Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:23

“Uşaqlara sevinc bəxş edənlərə minnətdarıq”

Yeni il ərəfəsində ən çox sevinənlər bəlkə də uşaqlardı. Çünki onları yeni il ərəfəsində - soyuq qış günlərində, yolka şənlikləri gözləyir. Yolka şənliklərində uşaqlar Şaxta baba ilə, Qar qızla, həmçinin başqa nağıl qəhrəmanları ilə görüşürlər. Onlarla birlikdə rəqs edib, oxuyur və vaxtlarını xoş keçirirlər.
Ölkəmizdəki mədəniyyət ocaqlarında həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həm də Yeni il münasibətilə yolka şənlikləri keçirildi. Uşaqlar Yeni ili fərəhlə, sevinclə qarşıladılar.
Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində də bayram şənliyi   təşkil olunub. Komitənin sədri Zakir Müslümov bu barədə söhbət açaraq dedi:
- Hərbi hissə və birləşmələrdə, həmçinin, tədris ocaqlarında çalışan mülki işçilərə qayğı Komitənin diqqət mərkəzindədi. Biz təkcə işçilərin özlərinin deyil, onların övladlarının da qayğısına qalmağa çalışırıq. Bunun üçün müxtəlif tədbirlər həyata keçiririk. Məramı, məqsədi uşaqlara qayğı olan belə tədbirlərdən biri də Yeni il şənliklərinin təşkil edilməsidir. Komitəmizin təşəbbüsü və vəsaiti hesabına Azərbaycan Texniki Universitetinin idman zalında Yeni il şənlikləri keçirildi. Uşaqlar burada oynadılar, şənləndilər, nağıl qəhrəmanları ilə görüşdülər. Şənlikdən sonra uşaqlara hədiyyələr verildi. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar işçilərə doqquz mindən çox bilet paylanmışdı. Şəhid və qazi ailələrini də daim diqqət mərkəzində saxlayırıq. Dekabrın 26 və 27-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə onların övladlarının iştirakı ilə tədbir keçirildi. Bayram ovqatına köklənmiş uşaqlar burada xoş anlar yaşadılar. Komitəmizin əsas məqsədi üzvlərinə diqqət və qayğı göstərməkdən ibarətdir.  
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Yeni il şənliyinin keçirildiyi Azərbaycan Texniki Universitetində hiss olunurdu ki, ali təhsil ocağının idman zalında şənliyin yüksək səviyyədə keçirilməsi məqsədilə hərtərəfli şərait yaradılıb. İdman zalının geniş, işıqlı dəhlizinə daxil olanda musiqi sədaları eşidilirdi. Növbəti seansın başlamasına dəqiqələr qalırdı. Arada yaranmış vaxtdan istifadə edib Yeni il şənliklərinin keçirilməsinin təşkilatçıları ilə söhbət etdik. Onlar uşaqlar üçün keçirilən Yeni il şənliklərindən söz açaraq dedilər ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. “Şənliklərin maraqlı, şən keçməsini təmin etmək məqsədilə  peşəkar aktyorlar Şaxta baba, Qar qız, Dovşan, Cırtdan və başqa nağıl qəhrəmanlarının obrazlarını bacarıqla yaradırlar. Ona görə də uşaqlar şənliyə böyük maraqla baxır, aktyorların ifalarını alqışlarla qarşılayırlar. İnanıram ki, Yeni il şənlikləri uzun müddət uşaqların yaddaşlarında qalacaq”.
Qısa söhbətdən sonra şənliyin keçirildiyi zala daxil olduq. Valideynlər onlar üçün ayrılmış yerlərdə oturub tədbiri izləyirdilər. Şənliyə gəlmiş uşaqlar hündür yolkanın ətrafında rəqs edir, şənlənirdilər. Uşaqların nağıllardan tanıdıqları və sevdikləri "Dovşan", "Cırtdan" onlara yaxınlaşıb salamlaşdılar. Onların üz-gözündən sevinc və təbəssüm süzülürdü.
Bir azdan uşaqlar Şaxta Babanı səslədilər. Onların səsini eşidən Şaxta baba gəldi. Qarlı dağlardan aşıb gəldiyini və çoxlu hədiyyələr gətirdiyini dedi. Sonra yolkanın işıqlarını yandırdı. Şənlik keçirilən zal işığa, nura boyandı. Bu işıq, bu nur bütün uşaqların ürəyinə düşdü. Şaxta Baba uşaqlara qoşulub rəqs etdi. Gələcəyimiz olan uşaqların şənliyi ruh yüksəkliyi ilə davam etdi.
"N" hərbi hissəsində çalışan Elçin Qoşnalıyev də uşaqlarını şənliyə gətirən valideynlərin sırasında oturmuşdu. Elçin dedi ki, uşaqlar üçün belə şənliklərin təşkil edilməsinə çox yüksək dəyər verirəm. Övladlarım Elmir də, Kənan da rəqs edən uşaqların arasındadırlar. Onlar böyük sevinc içindədirlər. Uşaqlara sevinc bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"