Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:22

Ordu quruculuğu yüksək səviyyədə inkişaf etdiriləcək

Tarixi gerçəkliklər təsdiqləyir ki, işğalçılıq məğlubiyyətə məhkumdur. Hitler Almaniyasının başladığı İkinci Dünya müharibəsi, ABŞ-ın Vyetnamda, SSRİ-nin Əfqanıstanda apardığı təcavüzkar müharibələr sonda yenə də ədalətin qələbəsi ilə nəticələndi. Ermənistanın siyasi niyyətləri Aqambekyanın "Humanite" qəzetinə müsahibəsindən neçə on illər əvvəllərlə səsləşirdi. Ermənilik niyyəti işğalçılıq niyyəti idi və bu niyyət Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı ədalətsiz müharibəyə səbəb oldu. Havadarlarının siyasi və hərbi dəstəyi ilə Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdi.
Azərbaycanın sülh istəyinə qarşı güc göstərməklə yeni ərazilər işğal etmək məqsədi ilə irimiqyaslı təxribatlar törədir, işğal etdiyi ərazilərdən hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu təxribatların, hücumların qarşısını qətiyyətlə alırdı. Ermənistanın danışıqlardan yayınmasına, regionda status-kvonu saxlamaq istəyinə görə döyüşlər labüd idi. Ordumuz 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı hücumunun qarşısını aldı, Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsi idi...
Azərbaycan Ordusu düşmənin sədlərini darmadağın etdi, döyüşə-döyüşə qələbələr qazanırdı.
İkinci Qarabağ müharibəsində, mahiyyəti etibarilə Vətən müharibəsində ordu hissələrimiz Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni sıxışdırır, əlverişli strateji mövqeləri, yaşayış məntəqələrini azad edirdi. Döyüşlərdə artilleriyaçılarımız düşmənin dayaq məntəqələrini, qruplaşmalarını, mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini məhv edirdilər. Artilleriya döyüşləri düşmənin döyüş nizamını da pozurdu, ona ağır tələfatlar da verirdi. Atılan mərmilərimiz piyadalarımızın döyüşləri üçün əlverişli şərait yaramaqla döyüşçülərin döyüş əzmini də yüksəldirdi, qələbə ruhunu da.
2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş zabitlərimiz şəxsi heyətə həmin döyüşlərin təcrübəsini də aşılamışdılar. Bu, onların döyüş əzmini daha da yüksəltmişdi.
Hərbi hissəmiz döyüşlərə Füzuli istiqamətindən başladı.  Hərbi qulluqçularımız İkinci Qarabağ müharibəsinə kimi öyrəndiklərini, təlimlərdə təkmilləşdirdiklərini döyüşlərdə bacarıqla, şəraitə müvafiq səviyyədə tətbiq edirdilər...
Hadrut istiqamətində ağır döyüşlər getdi. Düşmən Hadrutda müqavimət göstərir, buranı sonrakı mövqelər sisteminə sipər bilirdi. Biz döyüşən ordumuzu atəş dəstəyi ilə komandanlığın əmri əsasında təmin edirdik. Döyüşlər bir neçə gün davam etdi. Oktyabrın 16-da gecə yarı düşmən mövqelərindən geri çəkildi. Onda top komandirlərindən biri maraqla soruşdu: "Komandir, görəsən, düşmən neçə döyüş texnikasını salamat çıxarda bildi, neçə düşmən qaçdı". Bu, sual deyildi, mövqe qələbəsinə görə yaşanılan sevincin təzahürü idi. Artilleriyaçılarımız belə sevinci Zəfərə kimi çox yaşadılar. Divizionlarımız Cəbrayıl, Zəngilan, Xocavənd döyüşlərində də iştirak etdilər. Bu ərazilərin işğaldan azad edilməsində artilleriyaçılarımızın da döyüş əzmini, döyüşlərini, qələbə ruhunu bu gün qürurla yaşadırıq, yaşayırıq.
Şükürbəyli uğrunda döyüş gedirdi. Bizə piyadalarımız üçün əlverişli döyüş şəraiti yaratmaq əmr edilmişdi. Əmr böyük məsuliyyətlə yerinə yetirilirdi. Düşmən divizionun yerini müəyyənləşdiribmiş. Döyüşün içində bizim artilleriyaçılar da atəşə məruz qaldılar. Komanda məntəqəsinə zərbə endirilən anda düşmənin artilleriya mərmisi ilə Rəvan Şahmuradov şəhid oldu. Artilleriyaçılar döyüşü qətiyyətlə davam etdirdilər. Döyüşdən sonra tuşlayıcının dediklərini bütün heyətin niyyəti bildik: Elə bilirdik ki, Rəvan da sıramızdadı... Vətən müharibəsində Azərbaycan əsgərinin bu mənəvi hazırlığı da qələbəni şərtləndirən amillərdən biri oldu...
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər təkcə işğalı sonlandıran Zəfər kimi tarixləşmədi, həm də bəşəriyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamının gerçəkliyinə bir daha əmin oldu...
Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",  "Zəngilanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişəm. Bu təltifləri Vətən müharibəsində qazanılan Zəfərin qüruru bilirəm...
2022-ci il ordu quruculuğumuzda mühüm nailiyyətlərlə tarixləşdi. Ötən ilki təlimlərin mahiyyətinin zəmanəti ilə əminliklə deyə bilərik ki, Azərbaycanda ordu quuculuğu dövlət başçısının tövsiyələri əsasında bundan sonra daha yüksək səviyyədə inkişaf etdiriləcəkdir. Əminəm ki, hərbi qulluqçularımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev İli" elan edilmiş 2023-cü ili daha yüksək nailiyyətlərlə tarixləşdirəcəklər...  

Vasif HƏSƏNOV "N" hərbi hissəsi