Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:20

Bu əsgərlər də nümunəvi xidmət edəcəklər

Komando hərbi hissəsində silahla sıra hazırlığı məşğələsi keçən şəxsi heyətin addım səsləri ətrafdakı yüksəkliklərdə əks-səda verirdi. Məşğələni izlədikcə qəlbimizdə xoş duyğular oyanır, onların eyni anda addım atmaları və sinxron hərəkətləri orduya olan sevgi və məhəbbətimizi daha da artırırdı.
Şəxsi heyətə məşğələ keçən zabit müxtəlif komandalar verirdi. "Silahı ayağa al!", "Silahı qayışa al!", "Silahı arxaya al!", "Silahı sinəyə al!". Zabitin gur səsində bir qürur, bir iftixar vardı. Əsgərlər verilən əmrləri eyni anda çevik hərəkətlərlə yerinə yetirirdilər, sıra meydanında inamla addımlayırdılar. Hərəkətlərindən hiss olunurdu ki, hərbçilər peşəkardırlar. Buna görə də tapşırıqları heç bir çətinlik çəkmədən yerinə yetirirlər. Zabit onların hər addımını nəzarətdə saxlayır, şəxsi heyətə zəruri məsləhət və tövsiyələr verirdi.
Məşğələyə rəhbərlik edən mayor Gündüz Mirzəyev dedi ki, hərbçilərimizin təkcə sıra deyil, döyüş hazırlığı da yüksək səviyyədədir. Onlar istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdırlar. Nə qədər hazırlıqlı olsalar da, döyüş hazırlığı planına uyğun olaraq daim təlimlər keçib hazırlığımızı artırırıq. Hazırlığımız nə qədər yüksək olarsa, tapşırıqların icrası bir o qədər asan olar. Çünki yüksək döyüş hazırlığı zəfərə, qələbəyə zəmin yaradır.
Söhbətimizi gizir Şükür Əliyevlə davam etdirdik. Şükür dedi ki, hazırda ömrümün ən yaddaqalan anlarını, işğaldan azad olunmuş ərazidə xidmət etməyin qürurunu yaşayıram. "Vətənə övladlıq borcumu şərəflə yerinə yetirməyə çalışıram. Bu səbəbdən hərbi biliklərə və döyüş vərdişlərinə mükəmməl yiyələnmişik, hazırlığımız yüksək səviyyədədir".
Gizir Röyal Cəfərovla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuşlar Azər Əhmədovla, Tural Alyarlıyla, Dilavər Fərziyevlə, Xəqani Məmmədovla, Mərhəmət Səmədovla və Nicat Hüseynovla da söhbət etdik. Onların ordumuzla, hərbi xidmətlə bağlı ürək sözlərini dinlədik. Hərbçilərin söhbətlərindən vətənpərvər olduqları açıq-aydın duyulurdu. Vətən belə oğullarla həmişə öyünüb, bundan sonra da öyünəcək.
Silahla sıra hazırlığı məşğələsi öz axarı ilə davam edirdi. Hərbçilərin ayaqlarından eyni anda qopan ritmik səslər onları yeni-yeni uğurlara səsləyirdi. Zabit və əsgərlərimizin gündən-günə yüksələn hazırlığına güvənib inamla demək olar ki, bu əsgərlər də nümunəvi xidmət edəcəklər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR