Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2023 10:16

Gender bərabərliyinin daimi olması vacibdir

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin nümayəndələri Azərbaycan Ordusunda hərbi qulluqçuların və mülki işçilərin maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə görüşlər keçirdi.
Şöbə müdiri Zümrüd Səmədova bu mövzuda görüşlərin keçirilməsinin əhəmiyyətindən  söz açaraq bildirdi ki, gender bərabərliyi olan cəmiyyət qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. "Belə cəmiyyətdə kişilərlə və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir.
 Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin yaşadılmasında göstərdiyi xidmətlər müqayisəolunmazdır. 44 günlük Vətən müharibəsində Azərbaycan qadını həm arxa, həm də ön cəbhədə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Zəfərin qazanılmasında ordu quruculuğunun bütün sahələrində fəaliyyət göstərən qadınlarımızın rolu danılmazdır. Vətən qarşısında vəzifə borclarını şərəflə yerinə yetirən xanımlar ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpasında yaxından iştirak etdi. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
 Biz də şöbə olaraq Vətən müharibəsində şəhid ailələrinin yanında olduq, bu gün də onların problemləri ilə maraqlanır, mənəvi dəstəyimizi əsirgəmirik. Gender bərabərliyi, eləcə də şəxsi heyətin insan hüquqları və azadlıqlarının təminatı sahəsində görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası əsas götürülərək demokratik dövlətlərin təcrübələri öyrənilməklə daha da təkmilləşdirilir".
Mövzu ilə bağlı geniş məlumat verən şöbə müdiri bildirdi ki, gender bərabərliyinin təmin edilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin daim prioritet istiqamətlərindən biri olub. "Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Ölkəmiz bu sahədə dünyanın inkişaf etmiş dövlətləri sırasında qərarlaşıb. Ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilib. Dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə nail olub".
Şöbə müdiri Azərbaycanda qadınların hüquqlarının etibarlı müdafiəçisinə çevrilən, onların cəmiyyətdə layiqli yerinin təmin olunmasına çalışan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu hərəkatın ön cərgəsində olduğunu qeyd etdi. Son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlərdə gender bərabərliyinin təmini, qadın hüquqlarının qorunması, qadınlar arasında savadsızlığın aradan qaldırılması kimi məsələlər prioritet müzakirə mövzusu olub. Müstəqil, demokratik respublikamızda qadın hüquqları bu gün etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. İştirakçısı olduğum "Qadınlar, sülh və təhlükəsizlik" mövzusunda konfransda Azərbaycan Ordusunda qadınların xidməti və rolu haqqında çıxışım çox yüksək qiymətləndirildi. Hətta konfrans bitdikdən sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp mənə yaxınlaşaraq Müdafiə Nazirliyində belə bir şöbənin fəaliyyətindən və gördüyü işlərdən məmnun olduğunu bildirdi.
Şöbə müdiri Azərbaycan Ordusunda fəaliyyət göstərən Qadınlar və Hərbi Qulluqçuların ailələri ilə iş üzrə şöbənin bu günə kimi fəaliyyətində qarşısına qoyduğu məqsədlərdən də söz açdı. Bildirdi ki,  orduda çalışan qadın heyətinin hüquqlarının müdafiəsində dururuq, problemlərinin həlli istiqamətində səmərəli işlər aparırıq, hərbçi ailələrinə mənəvi dəstək oluruq, şəhid ailələrinin problemləri ilə yaxından maraqlanırıq, onlara kömək etməklə yanaşı, gələcəkdə sosial həyata inteqrasiyasında da fəal iştirak edirik.    
Keçirilən görüşlərdə Azərbaycan Ordusunda gender bərabərliyinin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində geniş, məzmunlu çıxışlar edildi. İnkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verildi, diskussiyalar, müzakirələr aparıldı. Xüsusilə qadın hərbi qulluqçuları və mülki əməkdaşları maraqlandıran suallar cavablandırıldı.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"