Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin III plenumu keçirildi. Plenumda Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə daxil olan hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrinin, tibb xidməti müəssisələrinin və digər sahələrin təşkilat sədrləri iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin III plenumunun gündəliyində dayanan məsələlər oxundu, səsə qoyuldu və təsdiq olundu.
Daha sonra gündəlikdə yer alan 2022-ci il ərzində görülmüş işlərin hesabatı barədə Komitənin sədri Zakir Müslümovun məruzəsi dinlənildi. Sədr Z.Müslümov il ərzində görülən işlər haqqında geniş danışaraq bildirdi ki, bu il Novruz, Ramazan və Qurban bayramları, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar 4100 ədəd "sovqat" alınaraq ilk təşkilatlarda olan qazi və şəhid ailələrinə, həmçinin digər həmkar üzvlərinə paylanılıb. "Birləşmiş Həmkarlar İttifaqı Komitəsi olaraq işğaldan azad olunmuş Hadrut qəsəbəsinə və Laçın şəhərində yerləşən ordumuzun bölmələrinə səfər edərək, bəzi zəruri avadanlıq təqdim olunub. Bizim əsas məqsədimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunda aparılan islahatlara biz də öz sahəmizdə həmkarlar ittifaqı olaraq töhfəmizi verək. Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin üzvləri 12-14 sentyabrda mənfur qonşularımızın dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış hərbçiləri ziyarət ediblər. Həmçinin şəhidlərin və şəhid ailələrinin böyük ehtiramla yad olunması məqsədilə bir sıra tədbirlər həyata keçiriblər. "Bilik günü" ilə əlaqədar tərkibimizdə olan ilk təşkilatlarımızda çalışan şəhid ailələrinin məktəb yaşlı övladlarına dərs ləvazimatlarından ibarət çanta təqdim olunmuşdur. 8 Noyabr - Zəfər Bayramı münasibətilə Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini ziyarət etmişik".
İl ərzində görülən digər işlərdən danışan sədr məruzəsində onu da qeyd etdi ki, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram tədbirlərinə komitənin büdcəsi hesabına şəhid övladları üçün hədiyyəli biletlər alınıb və onlara təqdim olunub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə sahə həmkarlar ittifaqı təşkilatlarının komandaları arasında mini futbol üzrə yarışlarda Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin komandasının iştirak etdiyini və yüksək nəticələr göstərdiyini, eyni zamanda, həmkar üzvləri arasında digər idman yarışlarının təşkil olunmasını, qaliblərə pul mükafatının, qiymətli və xatirə hədiyyələrinin, fəxri fərmanların təqdim edilməsini diqqətə çatdıran komitə sədri Z.Müslümov, həmçinin vurğuladı ki, Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsinin və müəssisəsinin yaranmasının yubileyləri ilə əlaqədar tədbirlər həyata keçiriblər.
Z.Müslümov həmkar üzvləri arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsinin önəmliliyini vurğulayaraq, dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğısından danışdı: "Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi olaraq hər birimizin məqsədi Vətənimizin bütövlüyü naminə canından keçən və sağlamlığını itirənlərin aillələrinə dəstəyimizi əsirgəməməkdir".
Daha sonra komitənin təşkilati məsələləri - yeni yaradılan təşkilatlar və təşkilatlarda aparılmış maliyyə-təsərrüfat yoxlamalarının nəticələri haqqında və əməyin mühafizəsi və işəgötürənlə ilk təşkilatlar arasında bağlanmış kollektiv müqavilələrin vəziyyəti barədə çıxışlar dinlənildi. İl ərzində verilmiş yollayışların vəziyyəti ilə bağlı ətraflı məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Təşkilat sədrləri ilə plenumun gündəliyində dayanan məsələlər barədə geniş diskussiya və müzakirələr aparıldı.
Komitə rəhbərliyinin tapşırıq və tövsiyələrinin reallaşdırılması istiqamətində görülən işlər, əmək fəaliyyətlərinin müasir formada həyata keçirilməsi və nəzərdə tutulan gələcək planları barədə təşkilat sədrləri Sahib Əsədov, İsa Qasımov, Kazım Cəfərov, Kazım Mirzəyev, Stepan Kropoçev, Gülnarə Əliyeva və başqalarının çıxışları dinlənildi.
Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin son ildə gördüyü işləri əhatə edən videoçarx tədbir iştirakçılarına nümayiş olundu.
Sonda komitə sədri plenumun gündəliyindəki məsələlərdən irəli gələn həlli vacib tapşırıqları rəyasət heyətinin üzvlərinə çatdırdı.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"