Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2022 11:00

Azərbaycan Ordusunda sürücülərin peşəkarlıq səviyyəsi artırılır

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə xidmət edən hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə hərbi hissələrdə və təlim mərkəzlərində nəzəri-praktiki məşğələlər keçirilir. İstənilən ixtisasda yüksək bilik və peşəkarlıq uğur qazandıran vacib şərtdir. Ona görə də hərbi hissə və birləşmələrdə bu amil daim komandirlərin diqqət mərkəzindədir. Hərbçilər ixtisas biliklərini, peşəkarlıqlarını artırmaq üçün müntəzəm olaraq keçirilən dərs və məşğələlərdə, təlimlərdə fəal iştirak edir, təcrübə və bacarıqlarını daha da zənginləşdirirlər.
Başqa sahələrlə bərabər sürücü ixtisasının təkmilləşdirilməsi üçün də daim kurslar təşkil edilir, təlimlər keçirilir. "N" hərbi hissəsində sürücülərin ixtisasartırma kurslarının təşkili ilə maraqlandıq.
Polkovnik-leytenant Aqil İsmayılov bu istiqamətdə aparılan zəruri işlərdən, həyata keçirilən müxtəlif tədbirlərdən qısa söz açdı:
- Sürücülərin bacarıqlı olması, ixtisasını  yüksək səviyyədə bilməsi, avtomobili peşəkar idarə etməsi xidmətdə qazanılacaq uğurlara təkan verən başlıca amildir. Hərbi hissənin təyinatına uyğun olaraq sürücülər müvafiq tapşırıqlar yerinə yetirirlər. Yüklərin ünvanına vaxtında və təhlükəsiz çatdırılması sürücüdən yüksək bacarıq və peşəkarlıq tələb edir. Buna görə də müntəzəm olaraq hərbi hissədə və təlim mərkəzlərində sürücülük kursları keçirilir. Kursların təşkili üçün hərbi hissədə hərtərəfli şərait yaradılıb. Tədris otaqları və təlim mərkəzindəki xüsusi meydança sürücülərin ixtiyarına verilib. Əvvəlcə nəzəri  dərslər keçirilir, mövzular ətraflı izah olunur. Nəzəri dərslər başa çatandan sonra praktiki məşğələlər başlayır.
Keçirilən kursların böyük əhəmiyyəti barədə eşitdiyimiz sözlərdən məmnun qaldıq. Kapitan Anar Rəhimli ilə nəzəri məşğələləri izləmək üçün tədris otağına yollandıq. Zabit söhbət zamanı dedi ki, sürücülər müntəzəm olaraq keçirilən kurslarda fəal iştirak edirlər. “Daim bilik və vərdişlərini təkmilləşdirirlər. Hərbi hissənin şəxsi heyəti İkinci Qarabağ müharibəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. Sürücülərimiz döyüşlərin davam etdiyi günlərdə düşmən üzərində qələbənin qazanılmasını təmin edən zəruri yükləri vaxtında təyin edilmiş məntəqəyə çatdırıblar. Onlar nə qədər təcrübəli olsalar da, yenə də həvəslə kurslara qatılır və peşəkarlıqlarını daha da artırırlar. Yaxşı bilirlər ki, daim artan bu peşəkarlıq hər addımda onlara uğur gətirəcək”.
Söhbət edə-edə tədris otaqlarına çatdıq. Siniflərin birində məşğələ keçən sürücülərlə tanış olduq. Avtomobil bölməsinin komandiri baş leytenant Qara Abdullazadə dərs keçirdi.  
Diqqətimizi daha çox otaqdakı tədris vəsaitləri çəkdi. Sinif otağında tədris olunan mövzulara uyğun vəsaitlərin zəngin olması komandanlığın sürücülük kurslarının keçirilməsinə göstərdiyi diqqət və qayğıdan xəbər verirdi. Təbiidir ki, tədris vəsaitləri nə qədər zəngin olsa, dərs bir o qədər səmərəli olar.
Məşğələdə fasilə yarananda sürücülərə dərs keçən zabitlə həmsöhbət olduq. Əvvəlcə onu öyrəndik ki, bölük komandiri də İkinci Qarabağ müharibəsində iştirak edib. Murovdağ istiqamətindən başlanan döyüş yolu Zəngilandan, Qubadlıdan keçərək türk dünyasının mədəniyyət beşiyi olan Şuşada tamamlanıb. Döyüşlərdə göstərdiyi igidliyə və cəsarətə görə müxtəlif medallara da layiq görülüb. Qısa tanışlıqdan sonra gənc zabit dedi ki, bir qayda olaraq sürücülük kursları yüksək səviyyədə təşkil olunur. “Tədris olunan mövzuları şəxsi heyətə izah etmək üçün həm nəzəri, həm də praktik cəhətdən geniş imkanlarımız var. Biz bu imkanlardan səmərəli istifadə edirik. Bunlardan əlavə kurslarda iştirak edən hərbi sürücülərə, həmçinin sərt iqlim şəraitində, müxtəlif relyefli ərazilərdə avtomobili idarə etməyin qaydalarını da öyrədirik. Bunları bilmək sürücülərimiz üçün çox vacibdir. Çünki onlar tez-tez erməni işğalçılarından azad olunmuş Laçın, Kəlbəcər, Qubadlı və başqa bölgələrə zəruri yüklər daşıyırlar. Yəni, qarlı, yağışlı havada, donmuş yollarda avtomobili necə idarə etməyin qaydalarını onlara hərtərəfli öyrədirik. Sərt iqlim şəraitində avtomobili idarə etmək sürücüdən böyük bacarıq və peşəkarlıq tələb edir. Kursu uğurla başa vuran hərbi sürücülərimiz istənilən hava şəraitində avtomobilləri rahat idarə edə bilmək üçün bütün zəruri vərdişlərə yiyələnirlər. Nəticədə bölgələrə apardıqları yükləri təhlükəsiz şəraitdə və vaxtında ünvana çatdırırlar. Kursda iştirak edənlər ixtisaslarını daha da dərindən öyrənməyə çalışırlar. Sürücülərin bu cür çalışqanlığı müsbət nəticələr verir. Kursun sonunda keçirilən sınaq məşğələlərində ürəkaçan nəticə göstərirlər. Artıq nəzəri məşğələmiz başa çatmaq üzrədir. Bir azdan praktiki məşğələlər başlayacaq. Kurs iştirakçıları tədris otaqlarında öyrəndiklərini praktiki olaraq göstərəcəklər”.
Sürücülərlə də görüşüb söhbət etdik, dərs və məşğələlər barədə onların da fikirlərini öyrəndik. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əli Məmiyev dedi ki, keçirilən kurslar əhəmiyyətli və vacibdir. “Çünki biz dərs və məşğələlərdə yeni biliklər öyrənir, vərdişlərimizi daha da təkmilləşdiririk. Təkmilləşən bu bilik və vərdişlər təcrübəmizi daha da artırır. Gördüyünüz kimi, dərs otaqları zəruri tədris vəsaitləri ilə təmin olunub. Bu da nəzəri məşğələlərin mövzusunu geniş şəkildə biz sürücülərə çatdırılmasını təmin edir. İştirakçı kimi deyə bilərəm ki, kursların yüksək səviyyədə təşkili bizi daha da həvəsləndirir. Cavabdeh zabitlər məşğələnin mövzularını sürücülərə hərtərəfli izah edirlər. Kurs başa çatandan sonra sükan arxasından oturub avtomobili idarə etdikdə hiss edirik ki, təcrübə və peşəkarlığımız artıb. Deməli, kursların keçirilməsi olduqca zəruridir”.
Sürücülər çavuş Məzahir Hüseynov, kiçik çavuş Bəhruz Məmmədov, əsgərlər Bəylərağa Əhmədağayev, Fuad Tağızadə və başqaları kurslarda qazandıqları bilik və vərdişlərdən ətraflı danışdılar.
Nəzəri dərslər başa çatandan sonra praktiki məşğələni izlədik. Onlar hərbi hissənin geniş ərazisində avtomobilləri idarə edə-edə müxtəlif maneələrdən keçir, tapşırıqları yerinə yetirirdilər. Baş leytenant Qara Abdullazadə onlara mövzuya uyğun olan müvafiq əmr və tapşırıqlar verirdi.    
Hərbi hissədə kurslar zamanı keçirilən dərs və məşğələlərdə əsas məqsəd sürücülərin peşəkarlıq və təcrübələrinin daha da artırılmasıdır. Bir daha şahidi olduq ki, onların bilik və təcrübələrinin yüksəldilməsi üçün hərbi hissədə müasir tələblərə cavab verən hərtərəfli şərait yaradılıb. Deməli, sabahlarımızın sürücüləri daha  da hazırlıqlı, bacarıqlı və peşəkar olacaqlar. Xidmətlərini uğurla yerinə yetirərək müvəffəqiyyət qazanacaqlar.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"