Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Dekabr 2022 11:00

“Bölməmizdə xəstələnmə halları çox az olur”

Ezamiyyətdə olarkən tibb xidməti zabitlərinin dediklərindən belə qərara gəlmək olar ki, hərbi hissələrdə yaradılan müasir məişət şəraiti, həmçinin şəxsi heyətin düzgün qidalanması və əşya-ərzaq təminatının yaxşılaşdırılması əsgərlər arasında xəstələnmə faktının ötən dövrlərlə müqayisədə dəfələrlə azalması ilə nəticələnib.
Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun daha da inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı bütün sahələrə olduğu kimi, şəxsi heyətin sağlamlığının da diqqət mərkəzində saxlanılmasına yönəlib. Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə müasir standartlara cavab verən tibb məntəqələri inşa edilib ki, bu da şəxsi heyətin sağlamlığının daim nəzarətdə saxlanıldığının göstəricisidir.
Hərbi hissənin tibb məntəqə rəisi gizir Famil Həsənov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Əslən Laçından olan gizir döyüşlər zamanı vəzifə borclarının öhdəsindən uğurla gəldiyinə, göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Famil əsgərlərimizin səhhətinin keşiyində durmaqdan, Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirdi. Vəzifə borclarının öhdəsindən bacarıqla gəlməyi, əsgərlərin sağlamlığını qorumağı, narahatçılığı olanlara tibbi yardım göstərməyi özünə mənəvi borc bildiyini vurğuladı: "Hər dəfə əsgərlərə tibbi xidmət göstərəndə vəzifələrimin müqəddəsliyini və məsuliyyətini daha yaxşı hiss edirəm. Torpaqlarımızı göz bəbəyi kimi qoruyan oğulların dərdinə məlhəm tapanda, sarğısını dəyişəndə, ən başlıcası isə xəstələnmə riskinin qarşısını vaxtında alanda özümü xoşbəxt hiss edirəm", - Famil dedi.
Müasir dövrdə ölkəmizdə hərbi səhiyyənin inkişafından fəxr hissi ilə söhbət açan müsahibim qeyd etdi ki, əvvəlki illərlə müqayisə ediləndə bu gün tibbi təminatımız ən yüksək səviyyəyə çatdırılıb. "Dövlətin ordumuza olan güclü dəstəyi bütün sahələrdə olduğu kimi, tibb xidmətinin də müasir səviyyədə inkişafına səbəb olub. Alınan yeni tibbi avadanlıqlar müayinənin dəqiq aparılmasına kömək edir. Artıq bir çox hallarda özümüz xəstəni düzgün müayinə edirik, əgər zərurət yaranarsa, xəstə hospitala təxliyə edilir və orada ona lazımi tibbi xidmət göstərilir. Ən başlıcası isə, hazırda xəstlənmə faktına çox az rast gəlinir, çünki bölmələrin hamısında əlverişli sosial-məişət şəraiti yaradılıb".
Sonra Famillə tibb məntəqəsinin xidməti otaqları və palataları ilə tanış olduq. Məntəqənin  səliqə-sahmanı, təmizliyi, çalışanların nizamlı geyim forması göz oxşayırdı. Aptek rəisi feldşer gizir Buğday Abdullayev tibb məntəqəsində fəaliyyət göstərən aptekdə bütün lazımi dərmanların olduğunu bildirdi: "Məntəqəmiz müasir tibbi avadanlıqlara yanaşı, dərman preparatları ilə də yüksək səviyyədə təmin olunur. Həkim və feldşerlər qaydalar çərçivəsində müraciət edərək xəstənin müalicəsində ehtiyac olan dərmanları əldə edirlər. Dərman preparatlarının saxlanma qaydalarına xüsusi diqqət yetirilir, saxlama müddəti bitənləri yeniləri ilə əvəzləyirik. Bir sözlə, səhhətində problem olan hərbi qulluqçularımızın şəfa tapması üçün burada hər cür şəraitimiz və təminatımız var", - Buğday dedi.  
Xəstələrin qəbulu otağında müayinə olunan əsgər Emil  Vaidovun burada göstərilən diqqət və qayğıdan, xoş münasibətdən razılıq etdi. "Tibb məntəqəsindən müalicə alan hər kəs razılıq edir. Silahdaşlarımız həkimlərin səmimiyyətindən, onlara doğma münasibət bəslədiyindən, qayğıkeş yanaşmalarından ağızdolusu danışırlar. Həmçinin məntəqənin işçiləri tez-tez bölməmizə gələrək bizi xəstəliklərdən qorunmaq üçün təlimatlandırır, maarifləndirici söhbətlər aparır, dezinfeksiya işləri görürlər. Onların zəhmətinin nəticəsidir ki, xəstəliklərin, virusların çox yayıldığı vaxtlarda bölməmizdə xəstələnmə halları çox az olur", - əsgər E.Vaidov bildirdi.
Hərbi hissənin tibb məntəqəsi ilə tanışlığımdan əmin oldum ki, burada müraciət edən hərbi qulluqçulara vaxtında və dəqiq tibbi xidmət göstərilir. Məntəqədə çalışanların hər biri bütün bilik və imkanlarını səfərbər edir ki, əsgərlərimiz xəstələnməsinlər, narahatlığı olanlar  isə tez sağalıb xidməti yerlərinə qayıtsınlar.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
foto Coşqun CƏFƏROVUNDUR