Bəzi xəstəliklər mövsümə uyğundur. Qış mövsümü ərzində şəxsi heyət arasında rast gəlinən belə xəstəliklərdən biri olan donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ümumiyyətlə, donvurmaya sadəcə aşağı hərarət deyil, bəzən yüksək rütubət də, güclü külək də səbəb ola bilər. Adətən, buna bədənin açıq yerləri - burun, qulaq və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Soyuq və şaxtalı havalarda dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görülməsi, hərəkətsizlik, fəslə uyğun olmayan və ya nəmli paltar geyinilməsi donvurmaya əlverişli şərait yaradır.
Azərbaycan Ordusunda bu xəstəliklərin qarşısının alınması üçün mütəmadi olaraq profilaktik tədbirlər kompleksi həyata keçirilir. Belə ki, müxtəlif iqlim xüsusiyyətlərinə malik ərazilərdə hərbi xidmət keçən şəxsi heyət hava şəraitinə müvafiq geyimlərlə təmin edilir. Orta və yüksək dağlıq rayonlarda hava şəraitinin (temperaturun) tez-tez və kəskin dəyişməsi, hündürlük artdıqca havada oksigenin parsial təzyiqinin azalması, yüksək insolyasiya və ionizasiya, eləcə də fiziki və psixi yorğunluq həmin ərazidə xidmət edən şəxsi heyətə, o cümlədən döyüş mövqeyində olan hərbi qulluqçulara mənfi təsir göstərir və onlar arasında donvurma hallarının olmasına səbəb olur. Bölmələrdə donvurma xəstəliklərinin qarşısının alınması üçün şəxsi heyətin küləkdən, yağmurdan qorunması, o cümlədən meteoroloji vəziyyətə müvafiq geyindirilməsi, hərbi geyimin, ayaqqabıların düzgün seçilməsi, təyin olunmuş istismar müddətinə uyğunluğu, vaxtında yuyulması, qurudulması rəhbərlik tərəfindən ciddi nəzarətdə saxlanılır.
Donvurma səthi və dərin ola bilər. Yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, quruması, keyləşməsi, dərinin həssaslığının kəskin azalması, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır.
Donvurma əsasən soyuq qış günlərində, temperatur 10 dərəcədən aşağı olduqda baş verir. Lakin uzun müddət, xüsusən də yüksək nəmlik və güclü külək zamanı yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Meteoroloji amillərdən başqa, donmaya dar, nəm paltar və ayaqqabı, fiziki yorğunluq və uzun müddət məcburi hərəkətsiz, rahat olmayan vəziyyət, aclıq, keçirilmiş xəstəlik nəticəsində orqanizmin zəifləməsi, ayaqların tərləməsi, aşağı ətrafların və ürək-damar sisteminin xroniki xəstəlikləri, qanitirmə, zədə, siqaretçəkmə, alkoqol sərxoşluğu və s. də səbəb olur.
Donvurma zamanı soyuğun bütün orqanizmə təsiri termorequlyasiyasının pozulmasını və bütün orqanizmin soyumasını (hipotermiya) yaradır. Hipotermiya - ətraf mühitin aşağı temperaturunun təsirindən bədənin itirdiyi istiliyi bərpa edə bilməməsi və ümumi soyumasıdır. Ümumi soyumada zərərçəkmiş süstdür, etinasızdır, dəri örtüyü solğundur, soyuqdur. Nəbz seyrəlir, bədən temperaturu 35 dərəcə selsidən aşağı enir. Bu zaman ürək ritmləri pozulur və nəticədə ürək dayanır. Donvurma zamanı zədələnmiş nahiyələrdə dəri soyuq olur, rəngi göyərir, hissiyyatı itir. Ona görə də zərərçəkmişdə həm donvurma, həm də hipotermiya əlamətləri müşahidə edilirsə, birinci növbədə hipotermiyadakı kimi yardım göstərmək lazımdır, çünki insan bədəni qısa müddətdə qızdırılmazsa, bu vəziyyət ölümlə nəticələnə bilər. Amma bu vəziyyətdə donvurmanı da yaddan çıxarmaq olmaz, çünki ağır dərəcədə donvurma ətrafların amputasiyasına səbəb ola bilər.
Donvurma zamanı ilkin tibbi yardımın əsas məqsədi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Bunun üçün zərərçəkmişi isti otağa gətirmək, ayaqqabıları və əlcəkləri çıxarmaq lazımdır. Donmuş orqan ilıq su tökülmüş ləyənə yerləşdirilməli, 30 dəqiqə müddətində suyun temperaturu 17-18 dərəcədən 40,5 dərəcə selsiyə çatdırılmalıdır. Ətrafda hissiyyat və qan dövranı bərpa olunduqdan sonra qurulamaq, 33 faizli spirtlə silmək və pambıq-tənzif bintlə sarımaq lazımdır (təmiz, ütülənmiş corab geyindirmək olar). Ümumi soyuma olduqda isə zərərçəkmişi isti adyalla örtmək, yanına isitqac düzmək, isti çay vermək lazımdır. Dərin donma əlamətləri varsa, yalnız isidici sarğı qoyulmalıdır. Əgər bunları etmək imkanı yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar. Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir. Suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, qarla sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz.
Bu gün Azərbaycan Ordusunun bütün tibbi bölmələri isidici avadanlıqlarla, yanacaq, yataq kisələri, xüsusi geyim, ilk yardım və təxliyə vasitələri ilə, o cümlədən isitqac və əlavə adyallarla tam təmin olunub. Yüksək dağlıq ərazilərdə xidmət keçən əsgərlər xüsusi olaraq seçilir, fiziki və psixoloji hazırlığı yoxlanılır. Həmçinin şəxsi gigiyena qaydalarına əməl etmələri üçün hər cür şərait yaradılır. Xidməti yerlərinə göndərilməzdən əvvəl hərbi qulluqçular tibb məntəqəsində tibbi müayinədən keçirilir, ehtiyac olduqda hospitallarda dərin tibbi müayinə aparılır. Hərbi qulluqçuların faktiki enerji itkilərinin qidalanmaları ilə mütənasib olmasına, qida rasionuna, həmçinin su təchizatına daim tibbi nəzarət edilir. Hərbi hissələrdə donvurmaların qarşısının alınması üçün metodik köməklik göstərilməsi məqsədilə Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən telefonoqramlar və məktublar göndərilir, hərbi həkimlər şəxsi heyətlə təlimatlandırıcı söhbətlər aparırlar.
Bütün bunlarla yanaşı, donvurmaya məruz qalmamaq üçün hər bir hərbi qulluqçu fərdi olaraq kəskin soyuqlar zamanı düzgün qidalanmalı, quru və isti geyinməlidir. Soyuq havalarda yun və xəz paltardan istifadə etdikdə bədən və paltar arasında isti hava qatı yaranır. Sıx toxunmuş lifləri olan çoxqatlı paltar orqanizmin ətrafındakı isti havanı qoruyub saxlayır. Qışda papaq geyinmək istiliyin başdan xaric olmasının qarşısını alır.
Belə havalarda döyüş növbətçiliyinə çıxmazdan əvvəl çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır.
Şamil HACIYEV Termiki zədələnmələr və rekonstruktiv cərrahiyyə bölməsinin həkim ordinatoru