Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:25

Ordu sıralarında başlanan dostluq

Dostluğun, yoldaşlığın əhəmiyyətini Vətən müharibəsində bir daha anladıq. Bu müharibədə neçə-neçə hərbçi bir-birinə dost, qardaş oldu. “Yaralı əsgər dostunu çiynində döyüş meydanından çıxarıb ilkin tibbi yardım göstərən, ağrılarını yüngülləşdirmək üçün zarafatlar edib fikrini yayındırmağa çalışan zabit və əsgərlərimiz barəsində çox eşitdik, çox oxuduq. Atalar yaxşı deyib: “Dost dar gündə tanınar”.
"N" hərbi hissəsində dostluqdan söhbət düşəndə əsgər İsmayıl Abbasov və Rəşid Məmmədzadənin dostluğundan danışdılar. Öyrəndik ki, onların dostluğu döyüş meydanında bir-birilərinə canlarını əmanət edəcək qədər etibarlı, başqalarının həsəd aparacağı qədər səmimidir.
Bu mehriban dostları daha yaxından tanımaq üçün görüşüb söhbət etdik. Əsgər İsmayıl Abbasov 2000-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra ali məktəbə qəbul olub. Qısa tanışlıqdan sonra əsgər dedi ki, Vətən müharibəsi başlayanda tələbəydim. “Qrup yoldaşlarımla birgə döyüşə getmək istəyirdik. Neçə-neçə qəhrəman oğullarımızın cəbhəyə könüllü yazılması xəbərlərini eşitdikcə daha da həvəslənirdik. Atam Dönməz Abbasovun Birinci Qarabağ müharibəsi veteranı olması məni döyüşlərə getməyə daha da ruhlandırırdı. Müharibədə iştirak edə bilmədiyimdən çox təəssüflənirdim. Amma indi qalib orudunun sıralarında xidmət etməyimdən qürur duyuram. Əsgər dostum Rəşid Məmmədzadə ilə də burada tanış oldum. Söhbətlərinin birində atası Zaman Məmmədovun Birinci Qarabağ müharibəsi əlili olduğunu dedi. Müharibəylə, Vətənlə bağlı söhbətlərimiz bizi bir-birimizə daha da yaxınlaşdırdı. İndi Rəşidlə bir yerdə xidmət edirik, qarşımızda dayanan tapşırıqların öhdəsindən layiqincə gəlirik. Xidmətdə olduğumuz vaxt onu anladıq ki, hərbi xidmətdə yaranan dostluq daha möhkəm və əbədidir. Asudə vaxtlarımızda Rəşidlə birlikdə idmanla məşğul olur, kitab və jurnallar mütaliə edirik".
Əsgər Rəşid Məmmədzadə söhbətimizə qoşularaq dedi: "İndi əsas məqsədimiz hərbi xidmətimizi layiqincə başa vurub başıuca, alnıaçıq ailəmizin yanına qayıtmaqdır. İsmayılla hərbi xidmətdə bünövrəsi qoyulan dostluğumuzun isə ömrü uzun olacaq. Çünki dərs və məşğələlərdə, döyüş atışlı təlimlərdə çiyin-çiyinəyik. Öyrəndiklərimizi daha da dərindən mənimsəməyə çalışırıq. Fərdi inkişafımız üçün lazım olan bacarıqları inkişaf etdiririk”.
Dost əsgərlərlə tanışlığımız başa çatandan sonra onlar yenə də başladıqları söhbətlərini davam etdirdilər. Əsgərlərdən eşitdiklərimizdən bir daha əmin olduq ki, bu igidlər xidmətlərində daha da böyük uğurlar qazanacaqlar.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"