Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:24

“Göndərilən kitablar bizi çox sevindirdi”

İşgüzar günün sonunda ruhu və beyni qidalandırmaq üçün kitab oxumaq vacibdir. Bu fəaliyyət gündəlik həyatın qayğılarından uzaqlaşmaq üçün ən düzgün seçimdir. Çünki oxumaq fərdi inkişafa və sağlamlığa böyük töhfə verir.  Oxuduğumuz kitablar bizi çox fərqli insana çevirir. Artıq dünyanı fərqli olaraq qavramağa başlayırıq. Zəkamız kəskinləşir, beyin gücümüz artır. Statistikaya görə, kitab oxuyan cəmiyyətlər digərləri ilə müqayisədə daha çox inkişaf edib və mədəni səviyyələri yüksəkdir. Sehrli bir əşya olan kitabları oxuyarkən getmədiyimiz yerlərə gedir, başqaları kimi düşünür, hətta fərqli zamanlara səfərlər edirik. Kitablar haqqında Həsən bəy Zərdabinin "Yaxşı kitab çox qiymətli xəzinədir", Mirzə Ələkbər Sabirin "Kitab sənin ilk dostundur", Şekspirin "Kitablarım mənə kifayət edəcək qədər böyük bir krallıqdır", Maksim Qorkinin "Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq" dediyi kəlamlar kitab oxumağın faydasının bir daha sübutudur.
İnsanın şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün artırılmasında mühüm əhəmiyyətli vərdişlərdən olan kitab oxumaq bütün sahələrdə olduğu kimi, ordumuzda da diqqətdə saxlanılır. Hər kəsə bəllidir ki, hərbi xidmət gənclərin təkcə döyüş hazırlıqlı əsgərlər kimi yox, həm də hərtərəfli şəxsiyyət kimi formalaşdığı həyat məktəbidir. Burada gənclər hərbi sirlərə, döyüş vərdişlərinə yiyələnməklə yanaşı, mütaliə edir, bədii əsərlər, jurnallar da oxuyurlar.  Dövlətimiz tərəfindən ordumuza göstərilən qayğının nəticəsində heç nədən korluq çəkmədən xidmət edən gənclərə oxumaq, dünyagörüşünü artırmaq üçün də lazımi şərait yaradılır.
Bu istiqamətdə cəmiyyətimiz tərəfindən də bir çox uğurlu addımlar atılır.  Vətən müdafiəçilərinə kitablar göndərilir. Möhkəm tellərlə bağlı olan ordu-xalq birliyinin növbəti təzahürü olan "Əsgərin kitab rəfi" layihəsi də belə tədbirlərdəndir. Müdafiə Nazirliyinin təşkilatçılığı, İrəli İctimai Birliyinin dəstəyi ilə təşkil olunan "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasında müxtəlif dövlət qurumlarının, özəl müəssisələrin, təşkilatların nümayəndələri və vətəndaşlar fərdi qaydada aktiv iştirak edirlər. Əsgələrin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliəyə marağının artırılması məqsədilə bu ilin mayında start götürən aksiya çərçivəsində toplanan kitablar növbəti dəfə hərbi qulluqçularımıza çatdırıldı. Elmi, bədii, publisistik və digər janrlarda olan kitablar şəxsi heyətin böyük marağına səbəb oldu. Həvəslə yeni gələn kitabları vərəqləyən hərbi qulluqçular bu layihənin həyata keçməsində zəhməti olanlara təşəkkürlərini bildirdilər.
Kitab oxumağın şəxsi heyətin asudə vaxtlarında ən sevdiyi məşğuliyyətlərindən olduğunu bildirən kiçik leytenant Eşqin İbrahimov, bu aksiyada fəal iştirak edərək onlara kitablar yollayan vətəndaşlarımıza dərin minnətdarlığını bildirdi: "Xalqımızın bizə olan sonsuz güvənini və dəstəyini hər an hiss edirik. Bu da nümunəvi xidmətimizə böyük stimul olur. Bu aksiya Azərbaycan əsgərinə olan dərin rəğbətin göstəricisidir. Həm də bu diqqət şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir edərək, yüksək döyüş ruhu aşılayır. Göndərilən müxtəlif janrlarda kitabları oxumaqla fərqli sahələrdən məlumatlanır, biliklərimizi artırırıq. Bədii əsərlər, şeirlər oxuyaraq ruhumuzu qidalandırırıq. Bir sözlə, kitablar hərtərəfli inkişafımızda mühüm rol oynayır".
Yeni dost qazanmağın sevincini yaşayan əsgər Elşən Qasımov da düşüncələrini bölüşdü. "Kitab etibarlı dost kimidir. Səni düzgün yola səsləyir, maarifləndirir, bilmədiklərini öyrədir. Bizə belə dəyərli dost hədiyyə edənlərin hər birinə təşəkkürümü bildirirəm".
Əsgər Mehrac Əliyev də bu aksiyadan razılığını bildirdi. "Bütün fəaliyyətlərimiz kimi asudə vaxtlarımız da səmərəli təşkil olunur. Asudə vaxtlarda ən sevilən məşğuliyyətlərdən biri də kitab oxumaqdır. Müxtəlif kitabları oxuyur, sonra isə silahdaşlarımıza əsərdə baş verən hadisələri müzakirə edirik. Bu da oxumağa olan marağımızı daha da artırır".
Əsgərlər Elsevər İbadov, Elvin Əlizadə, Fərid Həsənov və başqaları da fikirlərini bölüşdülər. Aksiyaya qoşularaq öz kitablarını onlara göndərən qardaş və bacılarına minnətdar olduqlarını dedilər. Xalqımız tərəfindən belə yüksək sevgiylə əhatələnməyin qürurunu yaşadıqlarını bildirən əsgərlər vurğuladılar ki, göndərilən kitablar bizi çox sevindirdi.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"