Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:19

Zəfər şəhidlərimizin ruhunu da yaşadır

Ali Baş Komandanın döyüş əmrini biz də arzulayırdıq.
Əsgər yoldaşım - dostum Rafiq tərxis ediləndə demişdi: Döyüşlərdə iştirak etmək bizə qismət olmadı. Biz də qalib əsgər kimi tərxis olunmaq istəyirdik. Rafiqi tez-tez xatırlayırdıq. Bu xatırlama döyüş əmrinin tez verilməsi istəyi idi. Əsgər dostumuzun təəssüfünü İkinci Qarabağ müharibəsi başlayanda daha dərindən dərk etdik.
Döyüş əmri 2020-ci il sentyabrın 27-də verildi. İkinci Qarabağ müharibəsi başladı...
Xidmət etdiyim hərbi hissə döyüşlərə Füzulidən cəlb edildi. Şəxsi heyət qətiyyətlə döyüşürdü. Qısa müddətdə düşmənin işğal dövründə yaratdığı, möhkəmləndirdiyi sədləri dağıdaraq irəliləyirdik. Mövqe qələbələri qazanırdıq. Komandanlığın əmri ilə bölüyümüz Qubadlı istiqamətinə göndərildi. Bu yerdəyişmə döyüş ruhumuzu daha da yüksəltmişdi: Komandanlıq bizdən razı idi. Şuşaya yaxınlaşmağımız bizi sevindirirdi - Daşaltı uğrunda döyüşləri Şuşa uğrunda gedəcək döyüşlərin başlanğıcı bilirdik. Əsgər ycldaşlarımızdan biri 29 il əvvəl burada baş verənləri, əsgərlərimizin necə şəhid olmasını xatırlatdı. Bu döyüşü həm işğaldan qurtuluş döyüşü bilirdik, həm də Daşaltıda şəhid olanlarımızın qisas döyüşü.
Daşaltının itirilməsini Şuşanın işğaldan azad ediləcəyinə səbəb ola biləcəyini güman edən düşmən ciddi  müqavimət göstərirdi. Bu müqavimət davamlı olmadı. Sədləri dağıdılan düşmən pərakəndəliklə meşəliklərə səpələndi. Bu da onları qurtuluşa çıxarda bilmədi. Düşmən silahını atıb qaçırdı...
Daşaltı uğrunda döyüşlər o qədər də çox çəkmədi. Döyüş qələbəmizlə başa çatdı. Əmr verilən kimi Şuşa uğrunda döyüşəcəkdik.
Əmrə əsasən biz Şuşaya başqa istiqamətdən yaxınlaşdıq. Döyüşçülərimiz dağların sıldırımını dəf edərək Şuşaya girdilər. Zəfərdən sonra rusiyalı jurnalistin bu əməliyyatı möcüzə adlandırması hamımız kimi, məni də qürurlandırdı. Qürurlandım ki, xarici jurnalist bu qələbəni qazananların qüdrətini bəyənib...
Mən bir gün əvvəl qapalı kəllə-beyin travması almışdım. Şuşaya gedənlərin sırasında olmamağın təəssüfünü son nəfəsiməcən yaşayacağam. Şuşanın azad olunduğu gecə dünyanın ən gözəl gecəsi olub.
Prezidentimizin dediyi kəlamları da unutmuruq, o kəlamlarla qürurlanırıq: "Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq".
Vətən müharibəsi Zəfərimizlə başa çatdı. Bu Zəfər əbədiyyən bu ovqatla qeyd olunacaq...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edildiyim "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medallarını şəhid döyüşçülərimizin ruhu kimi əzizləyirəm...

Əsgər HACIYEV “N” hərbi hissəsi

Foto Namiq PƏNAHOVUNDUR