Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:17

Onun da sevgisi Vətəndir

Bəşəriyyət yarandığı gündən xalqımız özündə dövlətçilik ənənələrini qoruyub saxlayıb. Dövlətə və dövlətçiliyimizə qarşı tarixən yadellilərin hücumları olub. Lakin xalqımız bütün mübarizələrdən üzüağ çıxıb. Bu gün də dövlətimizə, onun ərazi bütövlüyünə qarşı olan erməni hücumlarının qarşısı qətiyyətlə alınır.
Ötən əsrin sonlarından başlanan erməni silahlı dəstələrinin hücumları nəticəsində onlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı 30 ilə yaxın öz nəzarəti altında saxlasa da, xalqımız bu illər ərzində düşmənin işğalçılıq siyasəti ilə barışmadı. Dövlətimizin başçısı hər zaman Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədilə erməni silahlı dəstələrinin sülh danışıqları yolu ilə işğal etdikləri ərazilərimizdən çıxarılmasını təkidlə tələb edib. Ancaq bu illər ərzində qarşı tərəf Azərbaycanın bu qətiyyətli tələbi ilə razılaşmayıb.
Nəticədə 27 sentyabr 2020-ci ildə əks-hücum əmri ilə ordumuz düşməni darmadağın edərək ərazilərimizi azad etdi. Bu yolda Azərbaycan Ordusunun hər bir fərdi şəhidliyi, qaziliyi gözə alaraq döyüşlərə atıldı, qəhrəmanlıq göstərdi.
İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən qəhrəmanlıq göstərənlərdən biri də gizir Orxan Bəşir oğlu Nəcəfovdur. O, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə erməni silahlı dəstələrinə qarşı qətiyyətlə döyüşüb.
Gizir Orxan Nəcəfov İkinci Qarabağ müharibəsində ordumuzun ayrı-ayrı qoşun növləri üzərinə düşən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirdiyini bildirdi: “Uzun sürən atəşkəs dövründə düşmən müqavimət göstərmək üçün istehkam qurğuları düzəltmişdi. Düşmənin "alınmaz" hesab etdiyi bu səngərlər qısa müddətdə alındı”.
Neftçala rayonundan olan Orxan dedi ki, bir amalımız vardı: düşmən tapdağı altında qalan ərazilərimizi azad etmək. "Əsgər kimi cəbhə bölgəsində xidmət etmişəm. Səngərin o tayında erməni işğalında qalan torpaqlarımıza baxdıqca hiddətlənir, tezliklə müharibənin başlanmasını istəyirdim. Ancaq əsgər kimi xidmət etdiyim zaman döyüş olmadı. Tərxis olunsam da, qısa müddətdə yenidən ordu sıralarına qayıtdım və müharibə iştirakçısı oldum. Buna görə də taleyimdən razıyam".
Talış və Suqovuşan yaşayış məntəqələrinin yağı tapdağından azad edilməsində gizir Orxan Nəcəfov döyüşçü yoldaşları ilə birgə fəallıq göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Orxan Nəcəfov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Vətən qarşısında xidməti borcunu ləyaqətlə yerinə yetirən gizir Orxan Nəcəfov bu gün tabeliyində olan əsgərləri nümunəvi xidmət etməyə sövq edir. O bununla Vətənə sonsuz məhəbbətini, tükənməz sevgisini təsdiq edir.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"