Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:16

Gənclərin milli vətənpərvər ruhda tərbiyə olunması vacib şərtdir

Bir insanın doğulub, böyüyüb, boya-başa çatdığı torpağa Vətən deyilir. Vətəni sevmək, göz bəbəyi kimi qorumaq və onun uğrunda istənilən an canından keçmək isə vətənpərvərlik deməkdir. Vətənpərvərlik hər bir insanın daxilində olan hissdir. Əlbəttə, adi sözdə deməklə iş bitmir. Bu, əməllə və gördüyün işlə sübut edilməlidir. O, daxildən gələn bir hiss olduğu üçün onu tərbiyələndirmək və düzgün istiqamətə yönəltmək lazımdır. Vətənpərvərlik tərbiyəsi Vətəni sevməkdən qaynaqlanır. Vətənin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, tarixi qəhrəmanlarına, sərkərdələrinə dərindən bələd  olmaq lazımdır.
Belə ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması üçün öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Ulu Öndər bu məsələ ilə bağlı demişdir: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik!". Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də hər zaman gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini vurğulayır. Və çıxışlarının birində dediyi kimi: "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm".
Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işindən, peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Ordu sıralarında da gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi əsas məsələlərdən biridir. Bu səbəbdən hərbi hissələrdə şəxsi heyətlə mütəmadi olaraq söhbətlər aparılır, tarixi muzeylərə ekskursiyalar təşkil olunur və müxtəlif mövzulu tədbirlər keçirilir.
"N" hərbi hissəsində baş leytenant Kənan Zamanov şəhidlərin xatirəsinə düzəldilən guşənin önündə əsgərlərə Vətən müharibəsində xüsusi qəhrəmanlıq nümayiş etdirərək, şəhadətə yüksələn oğullarımızdan, onların döyüş yollarından və əldə edilən tarixi Zəfərimizdən danışırdı.
- Bildiyiniz kimi, 90-cı illərdə xain erməni işğalçıları tarixi torpaqlarımıza soxularaq dinc əhalimizi xüsusi amansızlıqla qətlə yetirdilər. Həmin andan etibarən dədə-baba yurdlarımızı işğal etdilər. Onların yeritdiyi işğalçılıq siyasəti illərdir ki, davam edirdi. Biz isə uzun zamandır səbir edib, torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq istəyirdik. Lakin Ermənistan dövləti hər dəfəsində istəyimizi rədd edirdi. 2020-ci il sentyabrın 27-də isə səbrimizin son damlası oldu. Erməni silahlı birləşmələrinin həyata keçirdiyi genişmiqyaslı təxribatlarının qarşısını almaq məqsədilə rəşadətli ordumuz əks-hücum əməliyyatına başladı. Döyüşlərin birinci günündən etibarən cəsur oğullarımız şəhidlərimizin qisasını alaraq, ard-arda torpaqlarımızı mənfurlardan azad edirdi. Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 gün davam edən haqq savaşımızla bütün dünyaya Azərbaycan Ordusunun gücünu sübut edərək, tarixi ədaləti bərqərar etdik. Əlbəttə, bu qələbəni bizlərə bəxş edən şəhidlərimiz, qazilərimiz və ordumuzun rəşadəti oldu. Guşədə gördüyünüz oğullarımızın və onların timsalında olan bütün şəhidlərimizin canı bahasına torpaqlarımız düşməndən azad olundu. Məhz onların sayəsində doğma Qarabağımızın üzərindən qara buludlar çəkildi və xalqımız doğma diyarına qovuşdu. Bu gün hər bir Azərbaycan vətəndaşının borcudur ki, belə qəhrəman oğullarımızı tanısın, onların döyüş yollarını örnək bilsinlər.
Zabit Kənan Zamanov söhbətinə davam edərək bildirdi ki, bizim vəzifəmiz şəxsi heyətin yalnız döyüş, atəş və fiziki hazırlıqlarını artırmaq deyil, həm də onları Vətənə layiqli şəxsiyyət kimi hazırlamaqdır. "Burada onların vətənpərvərlik hisslərini də artırırıq. Bu bir neçə üsullarla həyata keçirilir. Asudə vaxtlarında hərb tariximizdən, sərkərdələrimizdən söhbətlər edir, film izləmələrinə və kitab oxumalarına şərait yaradırıq. Çünki gənc nəslin milli vətənpərvər ruhda tərbiyə olunması son dərəcə vacib şərtdir və qarşımızda duran ən mühüm vəzifələrdəndir. Məqsədimiz şəxsi heyətə hərbin sirlərini aşılamaqla yanaşı, həm də onları layiqli bir vətəndaş kimi formalaşdırmaqdır".

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"