Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:14

Bir həyat hekayəsinin müqəddəslik zirvəsi

Vətən müharibəsi başlayanda Tofiqin hərbi xidmətdən evə dönməsinə  sayılı günlər qalırdı. O evlərinə dönəcəyi, doğmalarına qovuşacağı günü səbirsizliklə gözləyirdi. Xəyallarında hərbi xidmətdən sonra görəcəyi işlər barədə planlar cızırdı. Lakin ürəyində bir nisgil, narahatlıq vardı. Axı o da çoxları kimi Qarabağı azad edənlərin sırasında olmaq istəyirdi. Tofiq də hərbi xidmətə yollanan yüzlərlə gənc kimi valideynlərinə "Allahın izni ilə Qarabağı azad edib, qayıdacağam" sözünü vermişdi. Bu söz minlərlə gəncin Vətən qarşısında vətəndaşlıq sözüydü. Hərbi xidmətdən tərxis olunmasına az qalmışdı ki, Tofiq arzusuna çatdı. Onun kimi minlərlə gəncin həsrətində olduğu an gəlib çatmışdı. Torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın əks-hücum əmri verilmişdi... 27 sentyabr 2020-ci il - Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək tarixi bir gün... Həmin gün "Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim", - düşüncəsiylə neçə-neçə qəhrəman oğul  Azərbaycanımızın ərazi bütövlüyü naminə ağır döyüşlərə, ölüm-dirim savaşına  atıldı. Vətənimizin  igid, qəhrəman oğulları 44 günlük savaşda xalqımızın 30 illik torpaq həsrətinə son qoydular. 20 yaşlı Tofiq də onların sırasında döyüşdü...    
Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdə törətdiyi təxribatlarının qarşısı əks-hücum əməliyyatı ilə qətiyyətlə alındı. Xalq, dövlət, ordu bir yumruq tək birləşmişdi. Torpaqlarımız erməni işğalçılarından qarış-qarış, kənd-kənd, oba-oba azad olunurdu....
Tofiqin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də ilk gündən Suqovuşan istiqamətində düşmənə göz açmağa imkan vermirdi. Bu istiqamətdə çox ağır döyüşlər gedirdi. Manqa komandiri əsgər Tofiq Ağaquliyev də döyüşənlərin sırasında irəliləyirdi. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verildiyi postda hərbi xidmət keçmişdi. Bir il yarım düşmənlə üzbəüz mövqelərimizdə atıcı kimi döyüş növbətçiliyi aparmışdı. Silahının taktiki-texniki xüsusiyyətlərini mükəmməl mənimsəmişdi. Tofiqin hərbi xidmət dövründə qazandığı təcrübə, təlimlərdə əldə etdiyi döyüş vərdişləri onu peşəkar atıcı əsgər kimi formalaşdırmışdı.
Əsgər Tofiq Ağaquliyev oktyabrın 28-də torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Cəlilabad şəhər qəbiristanlığında dəfn olunur.
Evin tək oğul övladı olan Tofiq ağlı, zəkası ilə gənc yaşlarından təhsil aldığı məktəbdə şagird və müəllimlərinin, xidmət yerində komandir və əsgər yoldaşlarının hörmətini qazanmışdı. O, canından artıq sevdiyi Vətəninə əsl oğul idi. Elə Vətən torpaqlarının azadlığı uğrunda da canından keçdi.
Tofiq Rafiq oğlu Ağaquliyev 2000-ci il dekabrın 1-də Cəlilabad şəhərində anadan olub. Ağaquliyevlər ailəsində erkən yaşlarından idmana meyilli, tərbiyəli, nizam-intizamı ilə seçilən, doğmalarının, qonşuların sevimlisinə çevrilən bir oğlan uşağı böyüyürdü. Atası  Rafiq Ağaquliyev, anası Samirə xanım, bacısı Fəridə Tofiqlə fəxr edir, məktəbdə, idmanda qazandığı uğurlarına baxıb sevinirdilər. Tofiqin ən böyük arzusu Vətənə, dövlətə xidmət etmək idi.
Şəhid əsgərin artıq  üçüncü doğum  günüdür ki, yaxın qohumları, əzizləri, dostları, döyüş və məktəb yoldaşları, onun məzarı önündə qeyd edirlər. Ömrünü Vətənə qurban edənlərin sırasında adı qürurla çəkilən Tofiq yaşasaydı, 22 yaşı tamam olacaqdı...
Şəhid əsgərin təhsil aldığı Cəlilabad rayon Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə xatirəsini yaşatmaq üçün dörd sinif otağına adı verilib, guşə yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,  44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə və fədakarlığa görə əsgər Tofiq Rafiq oğlu Ağaquliyev "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülüb.
Düşünürəm ki, Tofiq və onun timsalında bütün şəhidlərin həyat hekayəsinin hansısa mərhələsində Vətən sevgisinin işığını görməmək mümkün deyil. Bu işıq müqəddəslik işığıdı, bu işıq bir gəncin daim xatirələrdə yaşayacağının göstəricisidir. Vətəninə bağlı bu gənclər torpaq uğrunda canından keçərək torpağa yollansalar da, heç zaman sönməyəcək ulduztək xatirələrdə yaşayacaqlar.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"