Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 2022 13:09

“Hazırlıqlı əsgər qalib əsgərdir”

Minaatanlar geniş meydanda məşğələ keçirdilər. Hiss olunurdu ki, əsgərlər qarşıdakı tədris ilində daha da böyük uğurlar qazanmağa çalışırlar. Məşğələ prosesində üzərlərinə düşən tapşırıqları bacarıqla yerinə yetirmələrindən onların təcrübəli olduqları duyulurdu. Əminliklə demək olardı ki, keçirilən təlimlərdə həvəslə iştirak edən əsgərlər minaatan qurğusunun taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsəyiblər. Heyət üzvləri dəfələrlə sınaqdan çıxmış təcrübədən yaxşı bilirlər ki, peşəkarlıq döyüşlərdə qələbəni təmin edən başlıca amildir. Buna görə də bütün diqqətlərini döyüş vərdişlərini mənimsəməyə yönəldiblər.
Mayor Emin Qasımov təlim keçən şəxsi heyətdən söz açaraq  dedi ki, hərbi hissəmizin zabit və əsgərləri Vətən müharibəsində əvvəldən sonadək iştirak etdilər. “Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə düşmən mövqelərinə sarsıdıcı zərbələr endirdilər. Düşmənin dayaq məntəqələrinin, mövqelərinin darmadağın edilməsində fəallıq göstərdilər. Minaatanlardan dəqiq atəşlər açaraq işğalçıların xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv etdilər. Üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Sevincini yaşadığımız qələbə bacarıqlı zabit və əsgərlərimizin sayəsində qazanıldı. Bölmələrimiz bu gün dərs və məşğələlərdə fəal iştirak edərək, yeni döyüş vərdişlərinə yiyələnməyə çalışırlar. Zaman keçdikcə onlar daha peşəkar, daha bacarıqlı olurlar”.
Məşğələnin gedişini izlədik. Minaatan komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ömər Məmmədov əlində tutduğu siqnal bayraqcıqlarını ardıcıllıqla yuxarı qaldıraraq, heyət nəfərlərinə müxtəlif göstəriş və tapşırıqlar verirdi. Əsgərlər komandirin tapşırıqlarını yerinə yetirmək üçün cəld və çevik hərəkətlərlə irəli atılırdılar. Minaatan qurğusunu tələb olunan vaxt çərçivəsində döyüş vəziyyətinə gətirirdilər. Sonra minaatan komandiri qurğuya yaxınlaşaraq əsgərlərin tapşırığı necə yerinə yetirdiklərini yoxlayırdı. Onun üzündən razılıq hiss olunurdu. Heyət tapşırığı qüsura yol vermədən icra edib. Təbiidir ki, təcrübə və bacarıq həm təlimlərdə, həm də döyüşlərdə özünü qabarıq şəkildə göstərir, zabitə də, əsgərə də uğur qazandırır. Döyüşün gedişini zəfərə, qələbəyə doğru istiqamətləndirir.
Təlimdə fasilə yarananda əsgər Ömər Məmmədovla söhbət etdik. O dedi ki, şəxsi heyətin döyüş hazırlığının yüksək olması üçün məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışırıq. “Gördüyünüz kimi, heyət nəfərləri məşğələ prosesində qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Çünki onlar minaatan qurğusunun sirlərini dərindən mənimsəyiblər. Bugünkü məşğələnin mövzusu: "Batareyanın atəş mövqeyinin tutulması və atəş açılana qədər görülən işlər"dir. Mövzuya uyğun olaraq təlim-məşqlər keçir, heyət nəfərlərinin döyüş hazırlığını daha da yüksəldirik. Əsgərin hazırlığı nə qədər yüksək olarsa, düşməni o qədər tez və asan məğlub edər. Bizim də məqsədimiz şəxsi heyətə hərbi bilik və vərdişləri hərtərəfli aşılamaqdır. Amalımız budur ki, heyət nəfərləri çevik, hazırlıqlı və peşəkar olsunlar”.
Heyət nəfərlərindən Nihad Cəfərov dedi ki, Vətənə əsgər olmağımla fəxr edirəm. “Xidmətə başladığımız ilk günlərdən təcrübəli zabitlər minaatan qurğusunun sirlərini bizə öyrətdilər. Məşğələlərdə fəal iştirak edərək qısa müddət ərzində hərbi biliklərə yiyələndik. Mən baş tuşlayıcıyam. İxtisasımı mükəmməl bilirəm. Buna görə də həmişə təlim-məşqlərdə yaxşı nəticələr göstəririk. Bir qayda olaraq, hədəflər dəqiq və vaxtında vurulur. Yaxşı bilirik ki, hazırlıqlı əsgər qalib əsgərdir! Ona görə də çalışırıq ki, dərs və məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə edərək hazırlığımızı daha da yüksəldək. Hər zaman qalib əsgər olaq”.
Heyət nəfərlərindən Emin Həsənov və Adil Nuriyev biliklərini artırmaq üçün dərs və məşğələlərdə həvəslə iştirak etdiklərindən ətraflı söz açdılar. Belə yüksək hazırlıqla ərazi bütövlüyümüzü mətinliklə qoruyacaqlarını bildirdilər.
Minaatanların təlim-məşqləri davam edirdi. Mövzuya uyğun olaraq cəld və çevik hərəkətlər edən heyət nəfərləri verilən tapşırıqları bacarıqla yerinə yetirirdilər. Əsgərlərin hazırlığının yüksək olduğunu görəndə əmin olduq ki, minaatanları daha böyük uğurlar gözləyir.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"

fotolar  Namiq PƏNAHOVUNDUR